Ədəbiyyat

Yalqız ağac

Olduqca qayğılı, olduqca qəmli,
Sadə mənzərəli, sadə görkəmli
Yalnız ağac baxır bir dağ başından;
O hansı dalğanın ixtişaşından,
Hansı zəlzələdən olmuş müztərib,
Düşünür təklikdə sanki bir qərib…

Sarmış ətrafını dumanlı bir çən,
Danışır haqqında hər gəlib keçən.
Sanki fələklərin fırtınasından,
Bir yavru ayrılmış öz anasından.

O yoxsa kimsəsiz bir çobanmıdır?
Sürüdən ayrılan bir ceyranmıdır?
Sularda, dəhşətli göy dalğalarla,
Atəşin zərbəli qasırğalarla
Sarsılan çarəsiz bir yelkənmidir?
Onun gözlərində həyat şənmidir?..

Bu yanda səfalı, qalın bir orman,
Yaz olsun, qış olsun, gülür hər zaman.
Quşların nəğməsi, suların səsi,
Ətirli güllərin sərin nəfəsi
Davasız dərdlərə gizli əlacdır,
Məni düşündürən yalqız ağacdır…

Zavallı qardaşım! Böylə keçərsə,
Əbədiyyat sənə qanad da versə,
Səndən qalmayacaq nişan dünyada,
Dirilik eşqilə coşan dünyada.
Bir tufan qopacaq, saralacaqsan,
Bir şimşək vuracaq, qaralacaqsan.
Başında oynayıb qəm buludları,
Sökəcək bağrını ölüm qurdları.

Mən də sənin kimi yalnız ağacdım,
Təklikdən usanıb axırda qaçdım.
Qəlbimlə, ruhumla qoşuldum elə,
Düşüncəm sakitdir o gündən belə.

Bax, indi mən hara, yalnızlıq hara?
Azad fikirlərə, azad quşlara
Qəlbimin hər gözü bir aşiyandır,
Bədbəxt bu dünyada tək yaşayandır!…

Mikayıl Müşfiq