Xəbərlər

Yapon poeziyasının incəliyi – Hayku

Ədəbiyyat dünyasında hər xalqın özünəməxsus poetik forması mövcuddur. Yapon ədəbiyyatının isə ən incə, eyni zamanda da ən dərin şeir formalarından biri haykudur. Hayku XVII əsrdə Yaponiyada yaranmış və zamanla dünya poeziyasının seçilən janrlarından birinə çevrilmişdir. Qısa forması ilə yanaşı, hayku oxucunu düşünməyə vadar edən, təbiətlə insan arasında bağ yaradan və anlıq hissləri incə şəkildə ifadə edən poetik bir sənət növüdür.

Hayku yapon poeziyasına məxsus olan, ənənəvi üç misralı və ümumilikdə 17 hecalı bir şeir formasıdır. Bu şeirlər adətən təbiət, mövsüm dəyişiklikləri, gündəlik həyatdakı sadəliklər, anlıq duyğular və mənəvi düşüncələr mövzusunda qələmə alınır.

Haykunun strukturu belədir:

1-ci misra – 5 heca
2-ci misra – 7 heca
3-cü misra – 5 heca

Bu sadə struktur haykunun həm qısa, həm də yığcam ifadəyə əsaslandığını göstərir. Şeirlər qısa olsa da, dərin mənalar daşıyır və oxucunu daxili düşüncə və təxəyyülə sövq edir.

Haykunun əsas xüsusiyyətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Sadəlik və Konsentrasiya

    Hayku az sözlə böyük fikir ifadə etməyi bacaran bir formadır. Bu səbəbdən şairdən həm müşahidə qabiliyyəti, həm də emosional dərinlik tələb edir.

    2. Təbiətlə Bağlılıq

      Ənənəvi haykular, adətən, təbiət və fəsillərlə bağlıdır. Şeirdə “kigo” adlanan mövsüm göstəriciləri olur (məsələn: qar, çiçək, yarpaq, yağış və s.). Bu elementlər həm rəmzi, həm də təsviri funksiyaya malikdir.

      3. Kireji – Emosional Vurğu

        Yapon haykularında “kireji” adlı kəsici və ya dayandırıcı söz işlədilir. Bu söz fikri iki hissəyə ayıraraq emosional və ya məntiqi fasilə yaradır. Qərb dillərində bu element çox vaxt nöqtə, tire və ya sətir dəyişməsi ilə əvəz olunur.

        4. Duyğuların Dolayı İfadəsi

          Haykuda hisslər birbaşa deyil, təbiət səhnələri və görüntülər vasitəsilə dolayı yolla təqdim olunur. Oxucu isə bu obrazlardan mənanı özü aydınlaşdırır.

          Hayku əvvəllər daha uzun poetik forma olan “renga” və onun ilk beşliyi olan “hokku” formasından inkişaf etmişdir. 17-ci əsrdən isə haiku müstəqil poeziya janrı kimi formalaşmışıdır.

          Hayku ustaları:

          Matsuo Başo (1644–1694) – hayku janrının banisi və ən məşhur simasıdır. Təbiətin sakit gözəlliyini və həyat fəlsəfəsini sadə dillə ifadə etmişdir.

          Yosa Buson (1716–1784) – haikularında vizual detallara və rəssamlıq duyumuna üstünlük vermişdir.

          Kobayashi Issa (1763–1828) – insani hisslərə və gündəlik həyatın xırdalıqlarına yönəlmiş haikular yazmışdır.

          Müasir dövrdə hayku yalnız Yaponiyada deyil, bütün dünyada yazılır. Avropa və Asiya ölkələrində şairlər hayku formasını öz dillərinə və mədəniyyətlərinə uyğunlaşdıraraq istifadə edirlər. Azərbaycanda da hayku janrına maraq göstərən ədəbiyyatçılar və yazıçılar mövcuddur.

          Hayku – sakitlik içində dərinlik, az sözlə çox şey deyə bilmək sənətidir. Bu poeziya janrı bizə göstərir ki, həyatın ən dərin mənaları çox vaxt ən sadə anlarda gizlənir. Hayku təkcə bir şeir forması deyil, həm də bir düşüncə tərzi, mənəvi axtarış yolu və təbiətlə ahəng içində yaşama fəlsəfəsidir.

          Ləman Vahid