Xəbərlər

Yaponiya imperatoru və imperatoriçası iyunun sonunda Britaniyaya səfər edəcək

Yaponiya imperatoru Naruhito və xanımı Masako iyunun sonunda Britaniyaya səfər edəcəklər.

“Füyuzat”ın məlumatına görə, müvafiq qərar Nazirlər Kabinetinin iclasında qəbul edilib.

“Əlahəzrətləri imperator və imperatoriça Böyük Britaniyaya dövlət qonaqları kimi səfər edəcəklər. Yaponiyanın Böyük Britaniya ilə yaxın və mehriban münasibəti, eləcə də İmperator Ailəsi və Kral ailəsi arasında ənənəvi sıx münasibət var. Bu səfər vasitəsilə, biz təsdiq edəcəyik ki, mövcud əlaqələr bundan sonra daha da möhkəmlənəcək”, – ölkənin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirib.

Səfər proqramına əsasən, Naruhito və Masako iyunun 22-dən başlayaraq səkkiz gün Böyük Britaniyada olacaqlar. Böyük Britaniya kralı III Çarlz imperator cütlüyünü iyunun 25-də Bukingem sarayında qəbul edəcək. İyunun 28-də isə bir vaxtlar təhsil aldıqları Oksford Universitetinə səfər edəcəklər.