Xəbərlər

Yaponiya NATO-da daimi nümayəndəlik açıb

Yaponiya NATO-da ayrıca daimi nümayəndəlik açıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, əvvəllər nümayəndəliyin funksiyalarını Yaponiyanın Belçikadakı səfirliyi həyata keçirirdi.

“Yaponiya və NATO fundamental dəyərləri və strateji maraqları bölüşən tərəfdaşlardır, Yaponiya ilə NATO arasında əlaqələr son illərdə inkişaf edib, çünki Avro-Atlantik və Hind-Sakit Okean regionlarının təhlükəsizliyinin bölünməz olduğu daha da aydınlaşıb”, – departamentin açıqlamasında bildirilir.

Bildirilib ki, Seneqaldakı keçmiş səfir Osamu İzava alyansa daimi nümayəndə təyin edilib.

Struktur olaraq Yaponiyanın Brüsseldəki səfirliyinin bir hissəsi olan Yaponiyanın NATO-dakı missiyası 2018-ci ildə açılıb. Xarici İşlər Nazirliyinin fikrincə, ayrıca təşkilati strukturun yaradılması “Yaponiyaya NATO ilə daha da səmərəli əməkdaşlıq etməyə imkan verəcək və gələcəkdə əlaqələrin daha da möhkəmlənməsinə və inkişafına töhfə verəcək”.

Son illər Yaponiya NATO ilə əməkdaşlığı fəal şəkildə genişləndirir. Ölkənin baş naziri bir neçə dəfə alyans sammitlərində iştirak edib. 2023-cü ildə NATO Tokioda daimi nümayəndəliyin açılması məsələsini aktiv şəkildə müzakirə etməyə başlayıb, lakin bu məsələdə razılıq əldə olunmayıb. “Nikkei” qəzetinin yazdığına görə, bunda Fransanın mövqeyi həlledici rol oynayıb. Belə ki, Fransa Yaponiyada NATO ofisinin açılmasına qəti şəkildə qarşı çıxan Çini “təxribata çəkməməyi” seçib.