Yaponiyanın müdafiə şirkətləri amerikalı tərəfdaşlarla birlikdə “Patriot” müdafiə sistemləri üçün raket istehsalına başlaya bilər.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.
“Bu ideya Yaponiya və ABŞ-ın müdafiə komplekslərinin nümayəndələri arasında Tokioda keçirilən danışıqlar zamanı müzakirə olunub. Müzakirələr Yaponiya ərazisində raketlərin, o cümlədən “Patriot” sistemləri üçün raketlərin Yaponiya-Amerika birgə istehsalını nəzərdə tutur”, – məlumatda bildirilib.
Məlumata görə, danışıqlar nəticəsində tərəflər müdafiə sektorunda, o cümlədən silah istehsalı və texniki xidmət sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini daha ətraflı müzakirə etmək üçün işçi qruplarının yaradılması barədə razılığa gəliblər. Tokio və Vaşinqton arasında ikitərəfli müdafiə əməkdaşlığının digər mövzusu Yaponiyada Amerika gəmi və təyyarələrinin modernləşdirilməsi olmalıdır.
Qeyd edək ki,Yaponiyanın baş naziri Fumio Kişida və ABŞ prezidenti Co Bayden 2024-cü ilin aprelində müdafiə sektorunda ikitərəfli əməkdaşlığı genişləndirmək üçün danışıqlara başlamaq barədə razılığa gəliblər. Tokio və Vaşinqton tərəfindən bu mövzuda müxtəlif səviyyələrdə məsləhətləşmələrin müntəzəm olaraq keçiriləcəyi gözlənilir.