7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumu ilə başlayan, daha sonra İsrailin Qəzza zolağı və Fələstinin digər bölgələrinə zərbələr endirməsi ilə davam edən münaqişə səngimək bilmir.
Tərəflər atəşkəsdən uzaq addımlar atmağa, bir tərəf digərinə maksimum dərəcədə zərbə vurmağa davam edir. Bu isə siyasi münasibətlərin gərgin olduğu regionda qarşıdurmanın yayılma riskini artırır. Bəs, müharibənin genişlənməsi nə qədər realdır?
“Füyuzat” mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadənin fikirlərini öyrənib. O bildirib ki, HƏMAS-ın İsrailə hücumu ilə Yaxın Şərqdə münaqişə ocağı yenidən alovlandı və bu, bölgədə hərbi-siyasi vəziyyəti daha da gərginləşdirdi:
“İsrail ilə HƏMAS arasında davam edən bu qarşıdurmanın hazırda bütün regiona yayılma riski var. Xüsusilə İran və Livan kimi dövlətlərin münaqişəyə qoşulmaq ehtimalları var ki, bu da qarşıdurmanın yayılma risklərini daha da artırır. Tərəflər isə bütün baş verənlərdə biri digərini ittiham edir. Ümumiyyətlə proseslər fonunda ABŞ-ın 100 illik planlarının iflas etdiyini deyə bilərik. İbrahim müqavilələri ilə normallaşan İsrail və ərəb dövlətləri arasındakı münasibətlər münaqişənin yenidən alovlanması ilə fiaskoya uğradı. İran isə qeyd edir ki, İsrail quru əməliyyatlarına başlasa, ona qarşı yeni cəbhə açıla bilər”.
Politoloq münaqişənin genişlənməsi ehtimallarını belə dəyərləndirib:
“Göründüyü kimi, risklər çox böyükdür. Hesab edirəm ki, İsrail Qəzza zolağında quru əməliyyatlarına başlasa, bu, çox böyük itkilərə gətirib çıxaracaq. Proses İranın da müharibəyə qatılması, ona qarşı əməliyyatların həyata keçirilməsini gündəmə gətirə bilər. Yaxın Şərqdə hazırda yeni bir geosiyasi vəziyyət formalaşır. Bu isə qarşıdurmaların uzun müddət – 4-5 il davam edəcəyini söyləməyə əsas verir”.