Füyuzat 141

Yaxın Şərqin Oğuz fatehləri – Zəngilər

Zəngilərin tənəzzülü

Səlahəddin Əyyubi vəfat edərkən öz dövlətini oğulları arasında bölüşdürmüşdü. Bunun nəticəsində Misir, Şam, Hələb, Diyarbəkir və Yəməndə Əyyubi əmirlikləri meydana çıxdı və onlar da bir-biri ilə taxt mübarizəsinə başladılar. Səlahəddinin oğlu əl-Əziz öləndən sonra əl-Əfdal Misirə sahib olaraq əmisi əl-Məlikül-Adilin əlindəki torpaqlara hücum etməyə başladı. Məlik Adil bu vaxt oğlu Kamil ilə birlikdə Mardini mühasirəyə almışdı. Əl-Əfdalın Dəməşqə hücum etdiyini eşidən Məlik Adil Mardinin mühasirəsini oğluna həvalə edib bu istiqamətdə yola düşdü. Beləcə, əl-Əfdal Mosul atabəyi Nurəddin Arslanşaha xəbər göndərərək ondan özünə tabe olmasını tələb etmişdir. O da Məlik Adilin Mardin tərəfdən Zəngiləri təhdid etməsindən qorxaraq bu təklifi qəbul etmək məcburiyyətində qalmışdır. Bundan sonra Nurəddin Arslanşah əmisi oğlu – Sincar hakimi Qütbəddin Məhəmməd ilə barışıb Səncərşahla birlikdə 3 sen­tyabr 1198-ci ildə əl-Kamil ibn Adilin üzərinə hücum çəkərək onu məğlubiyyətə uğratmış və Mardini artuqlulardan Yavlaq Arslana təslim etmişdir.

Üç Zəngi hakimininin birləşməsindən qorxan Məlik Adil Qütbəddini öz tərəfinə çəkərək Zəngilərin ittifaqını parçaladı. Məlik Adilin adına Qütbəddinin xütbə oxutduğunu eşidən Nurəddin 1204-cü ilin aprelində Nusaiyibinə hücum etdi. Ancaq bu vaxt qardaşının vəfatından sonra Ərbil atabəyi Göybörünün Mosula hücum etdiyini eşitdi. Göybörü Ninovanı yağmalayıb geri döndüyü zaman Nurəddin Arslan yenidən Qütbəddinə qarşı hərbi hazırlıqlara başladı. Nurəddinə qarşı Məlik Adildən kömək istəyən Qütbəddinin xahişi ilə Əyyubi hakimi Ərbil atabəyi Göybörünün, Hasankeyfin Artuqlu hakimi Nasirəddin Mahmudun, Cəzirət ibn Ömərin hakimi Səncərşahın dəstələrindən ibarət böyük bir ordu ilə Kəfr Zəmmur yaxınlığındakı Çördük deyilən yerdə 1204-cü ilin sentyabr-oktyabr aylarında Mosul qüvvələrini darmadağın etdilər. Məğlubiyyətdən sonra Nurəddin Arslanşah Telafəri Qütbəddinə verib Məlik Adil ilə müqavilə bağladı…

Davamı…

Əkbər N.Nəcəf