Mümkündür ki, yeni və milli ideologiya haqqında danışanda biz onu – “fəlsəfənin lazım olub-olmamasını” da müəyyən edək və 2 prizmadan qiymətləndirərkən doğru yanaşma sərgiləyə bilməyək. Axı, ümumiyyətlə, belə bir qiymətləndirmə nə dərəcədə doğru hesab olunur – onu da demək asan deyil. Əslində, müxtəlif ideoloji cərəyanlarda bu məsələyə münasibət birmənalı şəkildə deyil. Yeni əsr fəlsəfəsi çox vaxt şəxsi mənəvi inkişafı, intuisiyanı, daha yüksək güc və kainatla ətraf mühit arasındakı əlaqənin predmeti kimi qaldığını vurğulayan fikirlər toplusu kimi bəzi filosofların qənaəti olaraq üzə çıxır. Onlar bu tendensiyaların artıq öz dönəmini başa vurduğunu qeyd edirlər və hesab edirlər ki, müasir dövrdə fəlsəfə heç bir elmi yeniliyə xidmət göstərə bilmir.
Lakin dövrün və elmin ən böyük sualı bundan ibarətdir: yeni dövrdə fəlsəfə nəyə xidmət edir? Bir çox tənqidçilər hesab edir ki, o yalnız müxtəlif fəlsəfə və onun ənənələrindən istifadə edir, bu da müəyyən edilmiş bir sistem deyil, ənənəvi fəlsəfə bilik, reallıq, etika və varlıq haqqındakı fundamental sualları vermək, minillərdir eyni qapalı dairədə fırlanmaqdır. Fəlsəfə tənqidi düşüncə, əsaslandırma və məlumatı qiymətləndirmək üçün alətlər təqdim edir. Bəs onlar həyatın ümumi durumuna, gedişatına necə müdaxilə edə bilirlər?..
Birincisi, tənqidi obyektivist tərəfindən, yəni inancları araşdırmaq, ya da əksinə, çərçivələri dağıda bilən təcrübələrlə əsaslandırılmamış iddiaları ayırmağa kömək edə bilər, bəlkə də, anlayışlardan daha dərin fəlsəfi anlayışı gündəmə gətirə bilər. Fəlsəfə insanlara inanclarını ifadə etmək, onları əsas fərziyyələrdən fərqləndirməyə də kömək edə bilər, ya bir-birindən fərqli görünən inanc sistemləri arasındakı fərqi də aradan qaldırmağa, ya da dərinləşdirməyə kömək edə bilər. Bununla belə, fəlsəfənin bütövlükdə məntiq və ağla əsaslanan ənənəvi fəlsəfi metodlarının özünə şübhə ilə yanaşması daha məntiqli ola bilər. Bax, bu yeni dövr fəlsəfəsinin yeni təməllərini təşkil edəcək.
Və məhz belə bir anda ənənəvi sualı təkrar edirik: yeni dövrdə fəlsəfəyə ehtiyac varmı? Yeni dövrdə fəlsəfəyə həmişə olduğu kimi ehtiyac var. Fəlsəfə təkcə tarixin yadigarı deyil, mövcudluğun, bilik, əxlaq və reallığın mahiyyəti ilə bağlı fundamental suallara cavab verdiyi üçün aktual olaraq qalır. Bəzən bütün dünyanın bir çox elmi mərkəzlərində fəlsəfəyə yanaşmalar, əslində, ürəkaçıcı deyil, onu ikinci bir fənn kimi, bəlkə də, artıq lazım olmayan bir fənn kimi sıradan çıxardırlar və beləliklə, fəlsəfənin düşünmək üçün yaratdığı alternativliyi görməzdən gəlirlər, nəticə etibarilə, fəlsəfədə ana paradiqma olan “şübhə et” yanaşmasını kənara qoymaqla biliklərin alternativliyinə imkan vermirlər.
Unudurlar ki, fəlsəfənin hələ də vacib olmasının əsas səbəbi mövcud münasibətlərlə bağlı müasir dünyamızdakı proseslərin izahını yerinə yetirmə bacarığıdır. Çünki dünyanın, beynəlxalq münasibətlərin ana xətti savaşlarla sülhlər arasında gedib-gəlməkdədir və biz bunu dəqiq görürük ki, 2024-cü il dünyasında, iki dünya müharibəsinin təcrübələrindın çıxış edərək, üçüncü dünya müharibəsinə ciddi hazırlıq gedir. Üçüncü dünya müharibəsinin nəticəsi necə olacaq, nüvə ölkələrinin qarşıduruması, qərarların qəbulunda yaranacaq etik problemlər və s. biz bax bu cür fundamental dilemmalar arasında dünyanın keçmişi kimi gələcəyinə də qərar verənlərin düşüncələrinin fəlsəfi xəritəsi içərisində nələrin baş verdiyini anlamalıyıq, bilməliyik ki, bu da fəlsəfi mühitin predmetidir. Deməli, müasir dövrdə fəlsəfə mürəkkəb etik dilemmaları idarə etməyə kömək edir və buna sadəcə məhkumdur. Texnologiyanın inkişafı cəmiyyət normaların dəyişməsinə səbəb olub.
Bu, özlüyündə ciddi etik dilemmalar yaradır, fəlsəfi çərçivələr bu məsələlərin qiymətləndirilməsi və əsaslandırılmış qərarların qəbulu üçün önəmli baza yaradır, tənqidi düşüncə, yəni fəlsəfə informasiyaların həddən artıq yüklənməsi və sürətli texnoloji dəyişikliklərlə səciyyələnən bir dövrdə mühüm əhəmiyyət kəsb edən tənqidi düşünmə bacarıqlarını inkişaf etdirir, fəlsəfi çərçivələr bu məsələlərin qiymətləndirilməsinə, onu şübhə altına almağa, arqumentləri təhlil etəməyə, sübutları müasir çətinlikləri həll eləmək üçün vacib olan bacarıqları qiymətləndirməyə təşviq edir. Çünki məna və məqsəd həmişə fəlsəfənin əsas atributları kimi çıxış edir.
Onlar getdikcə qloballaşan dünyada, bir çox insanların həyatında yeni maraqların axtarılmasına ciddi dəstək verir, fəlsəfə fərdlərə daxili narahatlıqlarla mübarizə aparmağa uyğun şəkildə kömək edir, onların məqsəd və inam vəziyyətləri ilə bağlı suallarına cavablar verir. Bütövlükdə fəlsəfə hələ də dünyada populyar olan bir çox elm sahələrinə – fizikaya, siyasətə, incəsənətə, psixologiyaya, sosiologiya ciddi şəkildə kömək göstərməkdədir. Mədəniyyət tənqidi müasir dönəmin ayrıca bir qolunu təşkil edir, fəlsəfi üstünlük təşkil edən mədəni normalar ideologiyaları və güc strukturlarını tənqid etmək üçün bir platforma yaradır. Bəzi ölkələr qloballaşmanı narahat şəkildə yaşayır. Bu ölkələr ona görə narahatdır ki, onların spesifik dəyərləri qloballaşan dünyada təbliğ olunan dəyərlərin fonunda itməkdədir. Bu həm də kütləviləşmə, cinsiyyət ayrı-seçkiliyinin aradan qaldırılması və yaxud da bizim bir çoxumuzun dilə gətirmək istəmədiyimiz müasir cəmiyyət normalarıdır ki, mədəniyyət tənqidi prosesində önə çıxır. Fərziyyələrlə təcrübələrə yanaşma sosial institutların təhlil olunması kimi məsələlər üzərində ciddi düşünməyə kömək edir, yəni başqa sözlə, qlobal çağırışlar fəlsəfənin mədəni və coğrafi sərhədlərini aşan universal yanaşmalara universal suallarla müraciət edir. Dünya getdikcə daha çox bir-birinə bağlanır, fəlsəfi araşdırmalar müasir dünyanın bir ev kimi, dünya insanlarının sanki bir ölkənin vətəndaşı kimi eyni dəyərləri – qlobal dəyərləri daşıması və bunun daxilində dialoq, anlaşma problemləri kimi həm fərqli, həm də ortaq problemlərin həllinə kömək edən önəmli yanaşmanı ortaya qoyur.
Bəs yeni dövrün fəlsəfi cərəyanları hansılardır?
Bu suala indiki elm belə cavab verir: birinci istiqamətdə, texnoloji çağda bəşəriyyəti yenidən düşünmək:
Bunun tərkib hissəsi iki vacib elm sahəsini əhatə edir: süni intellekt və bioetika. Süni intellekt fəlsəfəsi süni intellektə bağlı şüurun, zəkanın və etikanın təbiətini araşdırır, süni intellekt daha da təkmilləşərsə, onun potensial təhlükə və hətta hüquqlarla bağlı suallarına cavab verməli olduğumuzu bilməliyik.
Bioetika isə genetikada, nevrologiyada irəliləyişlərə nail olduqca filosoflar insan inkişafının genlərinin redaktə edilməsinin və həyatın özünün təbiətinin etik nəticələrini araşdırılmasına ciddi diqqət göstərməkdədirlər.
Əlbəttə ki, bilik və reallığın yenidən qurulması istiqamətində isə epistemologiya və ağıl fəlsəfəsinə ciddi yeni baxış ortaya çıxır. Fəlsəfənin bu qolu biliyimizin necəliyini araşdırır. Saxta xəbərlər və informasiyalarla yükləndiyimiz bir dövrdə filosoflar həqiqəti yalandan necə ayırd etmək kimi fundamental suala qayıdırlar. Texnologiyanın formalaşmasının yeni şüura və düşüncəyə necə təsirinin yenidən qiymətləndirməkdə mühüm bir əlaqə kimi çıxış edir.
Digər bir istiqamətdə qloballaşan dünyada naviqasiya məsələsi önəmli yer təşkil edir. Onun tərkib hissəsində isə ilk növbədə ətraf mühit fəlsəfəsi və qlobal etika kimi vacib məsələlər öz yerini tutmaqdadır.
Ətraf mühit fəlsəfəsi iqlim dəyişikliyi, ətraf mühit problemlərini araşdırır, filosoflar təbiət, davamlılıq və nəsillərarası ədalətlə əlaqəmizi araşdırmağa başlayırlar. Məhz məsələnin belə bir nöqtəsində ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un keçirilməsinə ayrıca baxmaq lazımdır:
Müasir dünyanın gözü Bakıda olacaq və ətraf mühitlə bağlı yeni öhdəliklər qəbul ediləcək. Bu qərarların Bakı öhdəliyi kimi dünyada iqlim siyasətinə mühüm təsir göstərəcəyi qənaətindəyik.
Qlobal etika isə dünyada müharibələrin artması, beynəlxalq münasibətlərdəki toqquşmalar, hüququn yerini gücün alması, pandemiya dövründən etibarən, davamlı şəkildə müharibələrin çoxalması, qərar verən şəxslərin qlobal ədalət kontekstində etik çərçivələri aşması və eyni zamanda milli sərhədlərdən kənara çıxan problemlər və s. qlobal etikanın aktuallaşmasını fəlsəfi prizmadan ortaya çıxartmaqdadır.
Bir sözlə, etiraf etməliyik ki, bütün dünyanı təhdid edən ənənəvi narahatlıqları yenidən canlandırırlar. Eksistensializmə bu prizmadan yeni maraqlar yaranır, sürətli texnoloji dəyişikliklər qarşısında məna, məqsəd, fərdi azadlıqlarla bağlı suallar yeni yanaşmaları və cavabları zəruri edir.