Xəbərlər

Yeni Kaledoniyada iğtişaşlar zamanı iki jandarm əməkdaşı ölüb

Fransa Daxili İşlər Nazirliyi Sakit Okeanda yerləşən Yeni Kaledoniyada iğtişaşlar zamanı iki jandarm əməkdaşının öldüyünü bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə AFP agentliyi məlumat yayıb.

Məlumata görə, jandarm həmkarlarından birinin təsadüfən açdığı atəş nəticəsində ölüb.

BFMTV kanalı mənbəyə istinadən qeyd edib ki, faciə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zirehli maşının istifadəyə hazırlanması zamanı baş verib. Kanal başqa heç bir məlumat vermir. Öz növbəsində, Milli Jandarma “X” sosial şəbəkəsindəki səhifəsində mesaj dərc edərək, əməkdaşının şəraitləri hələ müəyyən edilməmiş təsadüfi atəş nəticəsində öldüyünü söyləyib.

Bununla da iğtişaşlar başlayandan bəri ölənlərin sayı 5-ə çatıb.

Mayın 13-də Numea şəhərində yerli seçkilərdə seçki korpusunun genişləndirilməsi ilə bağlı qanun layihəsinə qarşı etiraz nümayişi başlayıb. Nümayişlər iğtişaşlara çevrilib. Təhrikçilər mağaza, aptek və yanacaqdoldurma məntəqələrini qarət edərək yandırıblar. İştirakçılar arasında azyaşlılar da olub. Numea aqlomerasiyasında zorakılığın baş verməsi ilə əlaqədar təhsil müəssisələri müvəqqəti bağlanıb, komendant saatı tətbiq edilib, hər hansı görüşlər, silah gəzdirmək və spirtli içkilərin satışı qadağan edilib.

Mayın 15-də Yelisey sarayı Yeni Kaledoniyada 12 gün müddətinə fövqəladə vəziyyətin tətbiq olunduğunu elan edib. Fransa hakimiyyət orqanları dəniz limanları və hava limanlarının mühafizəsi üçün hərbçiləri əraziyə cəlb edib. Fransanın daxili işlər naziri Gerald Darmanin daha əvvəl Yeni Kaledoniyada 100-ə yaxın hüquq-mühafizə orqanının əməkdaşı da daxil olmaqla yüzlərlə şəxsin yaralandığını bildirmişdi. Onun sözlərinə görə, iğtişaşlar başlayandan indiyədək 206 nəfər saxlanılıb. Nazir vurğulayıb ki, polis artıq iki nəfərin qətlində şübhəli bilinən şəxsi saxlayıb.