Yeni Kaledoniyada iğtişaşlar zamanı bir neçə yüz nəfər yaralanıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin bildirib.
“Yeni Kaledoniyada yüzlərlə insan yaralanıb, onlarla ev və müəssisə yandırılıb. Biz üç gündür ki, vətəndaşları xilas etmək üçün GIGN (jandarmeriya xüsusi təyinatlıları – red.) bölmələrini göndəririk”, – Darmanin qeyd edib.
Fransa Daxili İşlər Nazirliyinin başçısı əlavə edib ki, iki gün əvvəl o, adaya əlavə olaraq 4 jandarma eskadrilyasının, həmçinin əlavə GIGN və RAID (polis xüsusi təyinatlıları – red.) bölmələrinin göndərilməsi barədə göstəriş verib. Onun sözlərinə görə, son günlərdə yüzə yaxın polis və jandarm yaralanıb və hakimiyyət indi ictimai asayişi bərpa etmək üçün komendant saatı tətbiq etməyə çalışır.
Bundan əvvəl Fransanın Yeni Kaledoniya üzrə ali komissarı Lui Le Frank keçirdiyi mətbuat konfransında iğtişaşçılarla mülki müdafiə qrupları arasında toqquşma zamanı aldığı güllə yaralarından ən azı bir nəfərin öldüyünü bildirmişdi.