Köşə Yazıları Loğman Xəbərlər

Yer-Göy

İnsan biçim etibarilə yerə təndir, ancaq məna, məzmun baxımından yerdən üstündür. Biçim baxımından Yerdir, məzmun baxımından – Göy.

İnsan yerdə Göy gəzdirəndir, Göy daşıyandır.

Yerdə Göy yaşayandır.

Yerdə həyat göyləşmək məktəbidir, göyə ulaşmaq dərsidir.

Göyləşməyi bacaran insan yerdə Göy mahiyyətinə çatır, Göy mahiyyətinə qovuşur.

Yerdə Göyün bir parçasına dönür.

Göyü yerə endirmir, yerin bir parçasını Göyə qaldırır.

Göylə bir olur, göyləşir.

Göylü aqibəti yaşayır.

Göylü aqibəti yerdəkilərə Göy sevmək dərsidir.

Göylü aqibəti ilkinliyə qayıtmaqdır.

Göylülük Göyü Vətən seçməkdir, vətən kimi sevməkdir.

Göyü dərk edən Göy qanunları ilə yaşayır.

Göy – arzular mülküdür, ideallar məmləkətidir, dəyərlər diyarıdır.

Müqəddəslik meyarıdır, həqiqət tərəzisidir.

Yerdəkilərin Göy həsrəti göydəki gözəllik həsrəti, sirr həsrəti, möcüzə həsrətindən doğur.

Müqəddəsliyə aşiqlikdən irəli gəlir.

Ucalığa müştaqlıqdan törəyir.

Yerdəkilərin Göy həsrəti, Göy heyranlığı, Göy vurğunluğudur, uçmaq sevdası, heyrətdən qanadlanmaq bəxtiyarlığıdır.

Yerdəkilərin Göy həsrəti yerin üstünə çıxıb əbədiyyətə boylanmaqdır.

Əbədi olana eşq elan etməkdir.

Göy həqiqət yeridir, həqiqi olanın, əsl olanın özüdür.

İnsan ədalət möhtacı, həqiqət sevdalısıdır.

Yerdə ədalət, həqiqət axtarmaq aldanışdır.

Yerdə doğruya yetmək səhrada ilğım sevdasıdır.

İnsan mahiyyətcə həqiqətçi olduğundan, Yerlə barışa bilmir.

İnsanın Göy həsrəti bundandır.

İnsan təbiətən göylüdür.

İnsanın Göyə can atmağı həqiqətçiliyindəndir.

Yerə Göydən baxmaq arzusu göylülüyündəndir.

Ucalmaq ehtirası göylülüyündəndir.

Yerdəki böyüklüklər göylülüyündəndir.

İnsanın yer missiyası göylülükdür. İnsanı yer üzünün əşrəfi edən göylülüyüdür.

İnsanın göylülüyünün əlindən alsan, insan adına heç nəyi qalmır.

İnsanın insanlığını göylülüyü təyin edir.

Göysüz insan sürünəndir.

Yerdə Göy tapmayanların göydə yeri yoxdur.

Göylü üçün yer yoldur – sınaq meydanıdır, imtahan otağıdır, uçuş xəttidir.

Yerdə Göyün nişanəsi var, Yerdə Göydən yoxdur.

Göydə Yerdəkindən olsaydı, yerdəkilərin Göy həsrəti olmazdı.

Yerin ən gözəl yeri Göyü xatırladır.

Çünki Yerin ən gözəl yeri Göydəndir.

Yerdəki gözəllik Göy inamından doğur.

Yerdəki yaxşılıq Göy inamından doğur.

Yerdəki təmizlik Göy inamından doğur.

Yerdəki yaxşılar Göy inamından doğulur.

Göyə inanan göyünə qovuşur, Göyə inanan qanadlıdır – göylüdür.

Yerin Göyü inamdır. Yerin Göyü olmasaydı, Yerin Göy inamçılığı olmazdı, deməli, heç nəyi olmazdı.

Yerin hər üzü Göyədir. Yerin hər üzünə Göy görünür, Göy baxır.

Göyə üz tutmaq təmizliyə, əsilliyə yönəlməkdir.

Göyə üz tutanlar göyüzlülərdir.

Göyüzlü yerlilər işıqlılar, yaxşılardır. Çünki Göyün yeri işıqdandır.

Göy ucadır. Göylülük ucalıqdır. Göyə can atmaq ucalmaqdır.

Göyə can atmaq ucalığa dönmək, ucalığa baş əyməkdir.

Ucalığa baş əymək əyilmək deyil, ucalığa qovuşmaq həsrətinə son qoymaqdır.

Ucalığa baş əyməsən, ucalmazsan.

İnsan varlıq baxımından yerli olsa da, Yer insana çatmır, azdır.

Çünki Yer insan mahiyyətinə çatmır.

Çünki insan heyrətsiz, möcüzəsiz, sehrsiz yaşaya bilmir.

Çünki insan sonsuzluq, ölümsüzlük, əbədiyyət təşnəsidir.

Bunlar yerin barı deyil.

İnsan Yerdə ölümlüdür, məhduddur, sonludur.

Yerlə kifayətlənən insan yerdə qurtarır.

Yerlə kifayətlənməyən insan Göyə can atır – mahiyyətinə doğru.

Əsl azadlıq göylülükdür, Göy ölçüləri ilə yaşamaqdır.

Göylü yer ölçülərinə uyğun gəlmədiyinə görə qəribə görünür, yersiz görünür, yerdə yad görünür.

Yerdəkilər insan üçün olsa da, insan Yer üçün deyil.

Dünyanın arxasınca düşmək sürünməkdir. Dünya ilə qol-boyun olmaq Yer sevdasıdır.

Dünya ilğımdır.

Bu baxımdan dünya göylülünün ola bilməz.

Çünki qanadlılar sürünməyə getməzlər.