“Türkiyə ilə mövcud müsbət siyasi iradənin inkişaf etdirilməsi hər zamankindən daha vacibdir”.
“Füyuzat”ın məlumatına görə, bunu Yunanıstan prezidenti Katerina Sakelaropulu bildirib.
O qeyd edib ki, Afinada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla gələcək əməkdaşlıqla bağlı atılacaq addımları müzakirə edəcək.
“İki ölkənin əməkdaşlıqda birgə işləməsinə və bütün bu dəyərləri daha da irəli aparmasına ehtiyacımız var. Münasibətlərimizi müsbət atmosferdə sülh, firavanlıq və beynəlxalq hüquqa hörmət əsasında inkişaf etdirmək vacibdir”, – Sakelaropulu qeyd edib.
“Birlikdə çalışmaq və əməkdaşlıq etməklə bölgədə sülh və rifahı qoruyub daha yüksək səviyyələrə çıxara biləcəyimizi düşünürəm”, – deyən Sakelaropulu münasibətlərdə konstruktiv atmosferin qorunub saxlanmasının və ona sərmayə qoyulmasının vacibliyini qeyd edib.
O, sonda türk xalqına firavanlıq və əmin-amanlıq diləyərək, 5-ci Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısında konstruktiv müzakirələrin aparılacağına ümid etdiyini əlavə edib.