Əməkdar jurnalist, yazıçı Yunis Orucovun “Tunel” adlı tarixi romanı çap edilib. MİMTA Fondunun layihəsi əsasında hazırlanan və real hadisələr əsasında yazılan əsər 1993-cü il martın 31-də Kəlbəcərdə baş vermiş tunel qətliamına həsr edilib.
Romanda qətliam zamanı bütün ailəsi gözləri önündə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən, özləri isə girov düşən bacı-qardaş – Yeganə və Müşfiq İbrahimovlar yaşadıqlarından bəhs olunur. Eyni zamanda, əsərdə qəhrəmanların timsalında o dövrün faciəvi hadisələri, insan yaşantıları, ağır psixoloji sarsıntı keçirən girovların yaşamaq uğrunda qəhrəmanlıq mübarizəsi əks olunub.
Əsərdə o dövrdə kimsənin dilə gətirə bilmədiyi ən ağır dərd – Azərbaycan qadınlarının girov düşməsi və ümidsiz qaranlıqda bir işıq axtarması yazıçının usta qələmi ilə təsvir edilib.
Yazıçı kitabın ön sözündə oxucusuna xitabən qeyd edir:
“Burada bir Azərbaycan qadınının girovluq həyatına, həyatının bahar çağında puç olan arzularına, qurumayan göz yaşlarına, bütün yaşananlara rəğmən tükənməyən ümidinə şahidlik edəcəksən”.
Qeyd edək ki, müəllif Yunis Orucovun daha öncə çap edilən “Nargin – saralmış kədər” və “Boraltan – azadlığın tələsi” tarixi romanları ilə böyük oxucu marağı qazanmışdır. Müəllifin hər üç kitabı MİMTA Yayımları tərəfindən çap edilib.