Xəbərlər

Zaxarova: Brüssel Nüvə Enerjisi Sammiti Rusiya və İransız məqsədə çatmayıb

Brüsseldə keçirilən Nüvə Enerjisi Sammiti Rusiya və İranın iştirakı olmadığı üçün məqsədə çatmayıb, bu sahə siyasi konyukturadan kənarda qalmalıdır.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Xarici səbəblərdən Nüvə Enerjisi Sammitinə qlobal səviyyədə dinc atomla məşğul olan əsas Avrasiya dövlətləri, o cümlədən Rusiya dəvət olunmadı. Nüvə proqramına illərdir dünya mediasının diqqət mərkəzində olan İran da dəvət olunmadı. Mütəxəssislər dərhal bildirdilər ki, “tarixi sammit” uğursuzluğa düçar olub”, – o, teleqram kanalında yazıb.

Zaxarova həmçinin qeyd edib ki, sammit ərəfəsində dünya mediası onun yekununda qlobal sənəd – birgə bəyannamə qəbul ediləcəyi barədə məlumat yayıb: “Ucadan verilən vədlər uğursuzluqla nəticələndi: press-relizdə heç bir bəyannamə qeyd olunmur, görünür, o, sadəcə mövcud deyil”.

“Nüvə energetikasının inkişafına ürəkdən yardım etmək istəyənlər dərk etməlidirlər ki, o, siyasi konyukturadan kənarda qalmalıdır”, – diplomat yekunlaşdırıb.
Qeyd edək ki, martın 21-22-də Brüsseldə Nüvə Enerjisi Sammiti keçirilib. Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) və Belçika tərəfindən təşkil edilən bu sammit Qərb ölkələrinin, eləcə də Ermənistan, Çin, Serbiya, Cənubi Koreya və Yaponiya nazirləri, hökumət üzvləri və başçılarının iştirak etdiyi ekspert konfransıdır. Onun əsas məqsədi nüvə enerjisini Aİ-nin yaşıl gündəliyinə uyğun olaraq təşviq etməkdir.