Azərbaycanın Polşadakı səfirliyi tərəfindən ölkəmizin UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə Polşanın Asiya və Sakit Okean Muzeyinə Qarabağ xalçaçılıq məktəbinə aid “Malıbəyli” xalçası hədiyyə edilib.
“Füyuzat” AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Polşa–Azərbaycan parlament qrupunun sədr müavini və üzvləri, diplomatik korpusların nümayəndələri, rəsmi şəxslər, Polşanın elm və incəsənət adamları, yerli media nümayəndələri, eləcə də bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.
Muzeyin direktoru Juzef Zalevski belə dəyərli hədiyyəyə görə Azərbaycanın Polşadakı səfirliyinə minnətdarlığını ifadə edib. Y.Zalevski muzeyə bağışlanan bu xalçanın dostluq, qarşılıqlı hörmət və mədəni dəyərlərin qorunmasına hörmətlə yanaşan iki xalq – Azərbaycan və Polşa xalqları arasında körpü rolunu oynayacağına inamını bildirib.
Mərasimdə çıxış edən səfir Nərgiz Qurbanova Azərbaycanda xalçaçılığın qədim tarixə, güclü ənənələrə və zəngin təcrübəyə əsaslandığını, tarixən coğrafi mövqeyinə, dizaynına, kompozisiyasına, rəng seçiminə və texniki xüsusiyyətlərinə görə ölkəmizdə 7 xalçaçılıq məktəbinin mövcud olduğunu diqqətə çatdırıb.
Həmçinin bir sıra önəmli tarixləri xatırlayaraq səfir N.Qurbanova cari ildə Azərbaycan xalçaçılığının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 15-ci, eyni zamanda, ötən il Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının yaradılmasının 30-cu ildönümünün qeyd olunduğunu iştirakçıların diqqətinə çatdırıb. 24 element ilə Azərbaycanın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısında 5-ci pillədə qərarlaşdığı vurğulanıb.
Dünyada mövcud olan, demək olar ki, bütün növ xalça və kilimlərin Azərbaycanda istehsal olunduğunu xüsusi qeyd edən N.Qurbanova onların hər kvadratdesimetrə düşən ilmələrinin sayı ilə müəyyən edilən çox yüksək sıxlığı ilə seçildiyini məhz bu baxımdan Azərbaycan xalçalarının uzun ömürlü olduğunu diqqətə çatdırıb.
Səfir Azərbaycan Milli Xalça Muzeyi barədə danışaraq iştirakçılara Muzeyin yaradılması, fəaliyyəti, zəngin kolleksiyası barədə ətraflı məlumat verib. Muzeyin Şuşa şəhərində yerləşən filialından bəhs edərək onun 1987-ci ildə təsis edildiyini, burada müxtəlif adlarda eksponatların nümayiş olunduğunu, 1992-ci ildə Şuşanın işğalından sonra Şuşa filialının binasının dağıdıldığını və Muzeyin kolleksiyasiyasından bəzi nümunələrin təxliyə edildiyini bildirib.
O bildirib ki, bu mərasim ölkəmizdə Zəfər Günü kimi qeyd olunan bayram ərəfəsində keçirilməsi təsadüfi deyil. Bu Qələbə sadəcə hərbi uğur deyil, eyni zamanda, mənəvi, tarixi və mədəni bir qələbə idi. Bu, həyatın dirçəldilməsi – muzeylərin, teatrların və dini ziyarətgahların yenidən qurulması, musiqinin, sənətkarlığın və ənənələrin geri qaytarılması demək idi. 31 ildən sonra 2023-cü ildə yenidən ziyarətçilərin üzünə açılan Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı bu dirçəlişin bariz nümunəsidir.



