Füyuzat 146 Tural İsmayılov

Zəfər – tarixə yazılan iradə

Azərbaycan tarixində elə hadisələr var ki, zaman özü onları qiymətləndirir. Bu hadisələr xalqların mənəvi sütununa çevrilərək dövlətin iradəsini, millətin ruhunu, gələcəyin istiqamətini müəyyənləşdirir. Bu yöndən yanaşsaq, 2020-ci ilin payızında qazanılan Zəfər də yalnız bir torpağın azad olunması deyildi. Bu, bir xalqın işğaldan azad olması, öz tarixi ədalətini bərpa etməsi, kimliyinə və qüruruna sahib çıxması idi. Qarabağ uğrunda mübarizə həm mənəvi, həm də siyasi baxımdan milli gücün kulminasiya nöqtəsinə çevrildi.

44 günlük savaşda hər bir azərbaycanlının varlığında min illərin ruhu oyanmışdı. Əsrlər boyu qəhrəmanlıq dastanlarımızda gördüyümüz igid obrazlar sanki yenidən dirilmişdi. Müharibə meydanında texnika və taktika qədər inanc da döyüşürdü. Azərbaycan ordusu yalnız silahla deyil, ədalət hissi ilə vuruşdu. Hər bir əsgər torpağı azad edərkən eyni zamanda millətin qürurunu da dirildir, şəhidlərin xatirəsini əbədi ölümsüzləşdirirdi.

Zəfər sadəcə hərbi qələbə deyil, o, milli özünüdərk aktıdır. Uzun illər beynəlxalq səviyyədə haqsızlıqlarla üzləşən bir xalq öz haqq səsini silinməz şəkildə tarixə yazdı. Dünya gördü ki, ədalət gecikə bilər, amma bərqərar olduqda yer üzünü silkələyər. Məhz bu baxımdan Zəfər Günü yalnız bir tarix yox, milli ruhun dirçəliş təntənəsidir.

Böyük Zəfər həm də bir məktəbdir – səbir, müdriklik, planlı strateji düşüncə məktəbi. Bu qələbənin kökündə illərin hazırlığı, dövlətin müasir ordu quruculuğu, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi dayanırdı. Liderin qətiyyəti diplomatiyanın incə taktikasını və ordunun dəmir yumruğunu birləşdirdi. Ulu öndər Heydər Əliyevin qurduğu dövlətçilik sistemi real nəticəsini verdi. Bu, təsadüf deyildi, Azərbaycan dövlət modelinin sınaqdan çıxmış qalib formulu idi.

Zəfər həm də yeni mərhələnin başlanğıcı oldu. Müharibədən sonra bərpa və quruculuq prosesi təkcə torpaqların deyil, şüurun bərpası mərhələsinə çevrildi. Ağdamda, Füzulidə, Şuşada yüksələn yeni həyat təkcə daşdan, betondan ibarət deyil, azərbaycançılıq ideyasının yenidən formalaşmasıdır. Əgər Zəfər gücümüzü göstərdisə, bərpa prosesi mədəniyyətimizi, dəyərlərimizi və sivil irsimizi dünyaya tanıdan yeni səhifə oldu…

Davamı…