Xəbərlər

Zəfərin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib – FOTO

Noyabrın 8-də Bakının Azadlıq meydanında Azərbaycanın II Qarabağ savaşında qazandığı Zəfərin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib.

“Füyuzat” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak ediblər.

Parad zamanı Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirilib.

Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlət başçılarının çıxışlarından sonra Hərbi parad başlayıb.

Hərbi parada müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, “Zəfər” və “Qarabağ” ordenli general-polkovnik Kərim Vəliyev komandanlıq edib.

Həmçinin hərbi texnikaların keçidi olub, ardınca Hərbi Dəniz Qüvvələrinin və Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin döyüş gəmiləri və katerləri Hərbi parad üçün Xəzər dənizinin sahil sularında yüksək döyüş hazırlığı nümayiş etdirib.

Azadlıq meydanı üzərində Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin və helikopterlərin uçuşu olub.

Paxtaxt sakinləri və şəhərin qonaqları nümayiş edilən hərbi paradı izləyiblər.

“Fuyuzat.az” paraddan fotoları təqdim edir.