Xəbərlər

Zelenski Umerovu Təhlükəsizlik Şurasının katibi təyin edib

Ukrayna prezidenti Volodimir Zelenski keçmiş müdafiə naziri Rustem Umerovu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTŞ) katibi təyin edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Zelenski müvafiq fərman verib.

“Rüstəm Enveroviç Umerov Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edilsin”, – mətndə deyilir. Digər fərmanla Zelenski Aleksandr Litvinenkonu bu vəzifədən uzaqlaşdırıb.

Bundan əvvəl, Umerovun ölkənin müdafiə naziri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra ABŞ-a səfir kimi gedəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Lakin iyulun 17-də Radanın deputatı Yaroslav Jeleznyak Vaşinqtonun onun namizədliyini qəbul etmədiyini bildirib. Jeleznyak həmçinin Umerovun Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi olacağını güman edirdi.

Umerov 2023-cü ilin sentyabrından bu il iyulun 16-dək Ukrayna Müdafiə Nazirliyinin rəisi olub. Onun vəzifəsini keçmiş Baş nazir Denis Şmiqal icra edəcək. Rustem Umerov Rusiya Federasiyası ilə danışıqlarda Kiyev nümayəndə heyətinə də rəhbərlik edir. Zelenskinin Ukrayna danışıqlar qrupunun rəhbərinin dəyişdirilməsi ilə bağlı heç bir fərmanı olmayıb.