Köşə Yazıları Samir Ramizoğlu Xəbərlər

1–7 oktyabr Beynəlxalq Kitab Sərgisi

OXU – QƏLBİN ÜLVİYYƏTƏ BAĞLANSIN…

Mədəni cəmiyyətin formalaşması üçün kitab oxumaq, mütaliəni təbliğ etmək olduqca vacibdir. Kitabları insanlara əlçatan etmək üçün ən təsirli yol mütəmadi olaraq kitab sərgilərinin təşkil olunması və bu sahədə baş verən yenilikləri oxucuya birbaşa çatdırılmasıdır. Bu mənada hər il istər Azərbaycan Nəşriyyatları Assosiasiyasının, istərsə də Mədəniyyət Nazirliyinin Bakıda və regionlarda təşkil etdiyi sərgilər təqdirəlayiqdir. Bu il də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1–7 oktyabr 2025-ci ilə Bakı Ekspo Mərkəzində keçiriləcək XI Bakı Beynəlxalq Kitab Sərgisi xalqın maariflənməsi istiqamətində müstəsna əhəmiyyətə malikdir.

Hər il təşkil olunan bu cür sərgilərdə yerli və xarici yazarlar oxucularla görüş keçirir, yeni müəlliflər öz auditoriyasını formalaşdırır, həmçinin kitabsevərlərlə birbaşa ünsiyyətdə olur, imza saatları təşkil edirlər. Sərgiyə xüsusi rəng qatan məqamlardan biri də şagirdlərin müəllimlərlə birgə burada iştirak etmələridir. Bundan əlavə, valideynlərin azyaşlı uşaqları ilə bərabər sərgiyə qatılması xüsusi bayram ab-havası yaradır. Naşirlərin oxuculara təqdim etdiyi endirimli və hədiyyə kitablar da hamı üçün yaddaqalan və təqdirəlayiq addımdır.

Builki sərgi texnologiya çağında yaşayan insana müraciət edir və texno-insan mövzusuna həsr edilib. Zaman yenilənən xətt üzrə inkişaf edir. Ənənəvi informasiya vasitəsi hesab edilən kitabların texnoloji yeniliklərə açıq olması, müasir dünyada elektron kitab və dərgilərin yaradılması, yayılması belə müsbət addımlardan hesab olunmalıdır. Lakin bütün bunlarla yanaşı, yeni nəşr olunan və təkrar tirajlanan kitablar, eləcə də onların sərgilənməsi bir daha təsdiq edir ki, kitablar hələ də öz dəyərini qorumaqdadır.

Kitab bazarındakı rəqabət oxuculara yüksək standartlı uyğun məhsulların çatdırılmasını təmin edir. Biz də “MİMTA Yayımları” və “YAZ Yayımları”, həm də “Füyuzat” və “İşıq” dərgiləri olaraq bu il də oxucuya məzmunca və tərtibcə keyfiyyətli əsərlər təqdim etməyi hədəfləyirik. Onu da qeyd edək ki, sərgidə həm “MİMTA Yayımları”, həm də “Füyuzat”dan kitablar silsiləmizə daxil olan yeni kitablar ilk dəfə oxuculara təqdim ediləcək. Oxucular “MİMTA Yayımları”na ayrılan imza saatlarında müəlliflərdən birbaşa imzalı kitablar da əldə edə biləcəklər. Eyni zamanda ziyarətçilər “MİMTA Yayımları”nın stendinə yaxınlaşaraq yeni nəşrlərimizlə tanış ola biləcək, digər müəlliflərlə fikir mübadiləsi aparıb kitab imzalatmaq fürsəti əldə edəcəklər.

Ötən il keçirilən X kitab sərgisində dərgilərə xüsusi yerin ayrılması jurnallara olan marağı daha da artırdı. Dərgilərin kitablarla bərabər eyni sırada sərgilənməsi jurnalların daha da çox oxucuya çatmasına yardımçı olacaqdır. Beləcə, oxucular təkcə kitab dünyası ilə deyil, eyni zamanda müasir ədəbiyyatın yaranıb formalaşdığı ilk səhnə – dərgilərlə də yaxından tanış olacaqlar.

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkil etdiyi, ölkənin ən böyük kitab sərgisi olan Bakı Beynəlxalq Kitab sərgisinə ziyarətçilərin ən operativ şəkildə – müəyyən edilmiş dayanacaqlardan xüsusi marşrutlarla pulsuz çatdırılması da olduqca təqdirəlayiq addımdır. Sərgini ziyarət etmək istəyən hər kəsi 1–7 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzinə – XI Bakı Beynəlxalq Kitab sərgisinə dəvət edirik!