Mənəviyyat

İnsan və tərəddüd…

Zaman keçdikcə insan daha böyük düşünməyə, hadisələrə və ya verəcəyi qərarlara daha geniş bucaqdan baxmağa başlayır. Bu zaman isə nə olmasından asılı olmayaraq atacağımız addımların müsbət yönləri və nəticələri ilə bərabər mənfi tərəflərini də düşünürük. Bəzən bu düşüncələr bizi tərəddüdlərə salır. Tərəddüdlər bəzi insanların yolunda əngələ çevrilir, bəziləri isə yoluna əmin şəkildə davam edir. Məsələn, bəzi insanlar bir işə başlamaq istədikləri zaman bir çox problemlə qarşılaşır. Bu problemlərdən biri də başlayacaqları işi layiqincə bitirə bilib-bilməyəcəkləridir. Yaxud şəxsi həyatımızda, ailə münasibətlərimizdə, eləcə də dostluq əlaqələrində etdiyimiz seçimlərin, aldığımız qərarların hansı nəticələr verəcəyi, yanılıb-yanılmayacağımızı düşünmək tərəddüd içində qalmağımıza səbəb olur. Bəs sizin fikrinizcə, tərəddüddə qalmağın əsas səbəbi nədir? Tərəddüddə qalan biri nə etməlidir? Tərəddüdü olmadan qərar verən insan varmı?

İlk olaraq bu anlayışın nə olduğunu araşdırmaq lazım gəlir. Tərəddüd nədir?

Tərəddüd dedikdə ilk ağılagələn ifadə qərarsızlıqdır. Bir işi görməkdə, bir məsələni həll etməkdə qətiyyət göstərməmək, qərarsızlıq göstərmək, nə edəcəyini bilməmək, qəti qərara gələ bilməmək tərəddüdün əlamətləridir.

“Füyuzat” sözügedən mövzu ilə bağlı MİMTA yayımlarının direktoru Əsəd Aslanoğlunun fikirlərini öyrənib. O bildirib ki, tərəddüd insanın iki seçim arasında qalması və hansına üstünlük verməsi ilə bağlı “fikir qərarsızlığı” yaşamasıdır:

“Bunun səbəbi bəzən seçim ediləcək məsələ ilə bağlı bilgi çatışmazlığından şübhəyə düşmək, bəzən isə məsuliyyət yükünün ağırlığı ola bilir. Tərəddüd yaşanan qərarlar çox vaxt nəticənin həssaslığına bağlıdır. Bəzən həyatda elə seçimlərlə üz-üzə qalırıq ki, orada tərəddüd etmək bizi yubadaraq məqsəddən uzaqlaşdırır. İnsan dəyər verdiyi məfhum və məsələlərlə, yaxud həyatını paylaşdığı sevdiyi insanlarla bağlı qərarlarında fədakarlıq edib qərarvermə riskini gözə almalıdır. Buradakı fədakarlıq onun dəyər ölçüsünü təyin edir. Təbii ki, belə məsələlərin səbəb-nəticə və digər detallarını nəzərə alaraq bu addımı atmalıdır”.

Əsəd Aslanoğlu “Tərəddüddə qalan biri nə etməlidir?” sualını da cavablandırıb:

“Əgər belə bir qərarla qarşı-qarşıyayıqsa, mütləq, bilgisinə, həyat təcrübəsinə və səmimiyyətinə inandığımız insanlarla məsləhətləşməliyik. “İki ağıl bir ağıldan üstündür” deyiblər. Bəzən hər hansı məsələ haqqında məsləhətini istədiyimiz bir adam anidən elə yol göstərər ki, günlərlə düşünsək də, o yol ağlımıza gəlməyib. Çünki o adam yükün ağırlığı altında çırpınmadan sağlam təfəkkürlə fikir söyləyir və həmin fikir çıxış yolu olur. İnsanın özü ilə bağlı bir məsələdə tərəddüd yaşamasının başqa bir səbəbi öz tanımadığı, görə bilmədiyi tərəfləri ilə üzləşmək qorxusudur. İnsan elə mürəkkəb varlıqdır ki, zaman-zaman tanımadığı tərəfləri ilə üzləşməkdən qaçır. Yunqun belə bir fikri var: “Axtardığınız şey çox vaxt baxmağa qorxduğunuz yerdədir”. İnsan özündən, tanımadığı tərəflərindən qorxmamalıdır. Qərarvermədə, sabit fikirlilikdə, təmkinli olmasında bu məsələ çox önəmlidir. Ümumiyyətlə isə tərəddüd bizim bir çox xarakterik xüsusiyyətlərimizin təzahürü ola bilir. İradəmiz, duyğularımız, ağlımızın analitik qabiliyyəti, səbrimiz, həyatımızın mərkəzinə hansı dəyərləri qoymağımız tərəddüd yaşayıb-yaşamamağımızı təyin edir”.

Mövzu ilə bağlı psixoloq Vəfa Əkbər də “Füyuzat”la fikirlərini bölüşüb. O bildirib ki, ümumiyyətlə insan düşünən bir varlıqdır:

“Mütləq şəkildə atdığı və atacağı addımların öncəsini, hətta sonrasını da fikirləşir ki, nə oldu, necə oldu, bu yolu necə keçdi? Qeyri-müəyyənlik nəinki insanın psixoloji problemini, eyni zamanda insanın fiziki problemlərini də ortaya çıxarır. Biz nə qədər qeyri-müəyyənlik içindəyiksə, bir o qədər stress və gərginliyimiz artır. Bu da öz növbəsində insanda qorxuların yaranmasına səbəb olur, qorxu isə insanın cəsarətini alır. Bunun üçün ilk növbədə özgüvənimiz sağlam olmalıdır. Başladığımız işin hər tərəfini araşdırmalı, əgər mənfi tərəfləri varsa, bu çətinlikləri aşmaq üçün bir neçə variantlarımız olmalıdır. Eyni zamanda həvəsi və başladığımız işi dərk etməyimiz lazımdır. Əgər bunlar varsa, heç bir tərəddüd, heç bir qeyri-müəyyənlik olmur. Həmin insan daha özgüvənli şəkildə işini icra etməyə başlayır. Əgər əminlik yoxdursa, bu o deməkdir ki, insan sadaladığımız əlamətləri doğru qiymətləndirməyib, heç onlar haqqında fikirləşməyib. Sadəcə xəyalı xoş gəlib. Xəyal qurmaq xoş bir şeydir, amma xəyallarımızı reallaşdırmaq üçün onu real həyatımıza uyğunlaşdırmalıyıq. Reallıq isə sadəcə bədbinlikdən ibarət deyil. Hər bir nəticəyə hazır olduğumuz, istənilən çətinliyə “hə” dedyimiz mövzular artıq bizim reallığımıza çevrilir”.

Psixoloq tərəddüddə olmadan qərar verən insanların da olduğunu bildirib:

“Təbii ki, tərəddüddə olmadan qərar verən insanlar var. Bu cür insanlar, qeyd etdiyim kimi, qərarlarını, işini sevərək, onların bütün fors-major hallarını qəbul edərək bütün çətinliklərə hazır olan insanlardır. Bütün çətinliklərin öhdəsindən gəlmək üçün başladığımız işi kiməsə deyil, özümüzə güvənərək etməkdir. Özgüvənli, özünə əmin insanlar da tərəddüdlər içində qalırlar, amma onlar öz məqsədlərindən dönmür, arzularını, məqsəd və istəklərini gecikdirmirlər”.