Azərbaycan xalqının mədəni-ictimai təşəkkülünün formalaşmasında böyük əməyi olan görkəmli simalardan biri Həsən bəy Məlikovdur. XIX əsrin tanınmış ziyalısı, pedaqoqu, təbiətşünas alimi, müsəlman Şərqinin xeyriyyəçisi, mədəniyyət xadimi, siyasətçisi olan Həsən bəy Zərdabi bu gün adını qürurla andığımız şəxsiyyətlərdəndir. Dövrün ən nüfuzlu ali məktəbi olan Moskva Universitetini1 namizədlik diplomu ilə bitirən Həsən bəy vətənində çalışaraq xalqına xidməti hər şeydən üstün tuturdu. Həsən bəy Məlikov haqqında çox xatirələr danışılıb, saysız əsərlər, məqalələr yazılıb. Bu gün illərin sınağından keçərək günümüzə qədər gəlib çatan tarixi arxiv sənədləri Zərdabi ömrünün, onun xalqına göstərdiyi əvəzsiz xidmətlərin tək şahididir. Azərbaycan Respublikası Dövlət Tarix Arxivində qorunan Həsən bəy Məlikovla bağlı materiallar onun xalqına, vətəninə verdiyi dəyəri, sevgini bir daha təsdiqləyir. Məktəbdə vətənin övladlarını maarifləndirməkdən tutmuş Bakı Şəhər Dumasında ən önəmli qərarların qəbulunadək xalqımızın inkişaf tarixində oynadığı rol onun irsini bizim üçün ən qiymətli xəzinəyə çevirir.
Arxivdə qorunan “Müəllimlərin formulyar siyahısı”nda qeyd olunur ki, 1874-cü il 1 yanvar tarixində Həsən bəy Məlikov Bakı realnı gimnaziyasının müəllimi kimi fəaliyyətə başlayır2. Həmin ilin fevralın 7-də gimnaziyanın adı №395 qərarı ilə dəyişilərək Bakı realnı məktəbi adlanır. Həsən bəy Zərdabi Bakı realnı məktəbin kollec assesoru təyin olunur. Bu dövrdə Hənifə xanımla ailə quran Həsən bəyin 1873-cü il sentyabrın 9-da qızı Pəri anadan olmuşdur. Məlikov 1878-ci ildə Bakı realnı məktəbində təbiətşünaslıq fənnini tədris etmişdir. Görkəmli pedaqoq apardığı dərslərdə şagirdlərin elmə olan marağını artırmaqla yanaşı, onların mədəni-ictimai dünyagörüşünün formalaşması üçün də əlindən gələni əsirgəmirdi. 1873-cü ildə o, şagirdləri ilə birlikdə Mirzə Fətəli Axundovun “Hacı Qara” və “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyalarını tamaşaya qoymuşdur. Həsən bəyin rəhbərliyi ilə səhnəyə qoyulan bu əsərlər onu milli teatrımızın banilərindən birinə çevirdi.
Azərbaycanda əhalinin tədrisdən kənar qalması, o cümlədən ailələrdə qızların təhsil almasına icazə verilməməsi və onlar üçün məktəbin fəaliyyət göstərməməsi Zərdabini çox narahat edirdi. Azərbaycan qadınını savadlı görmək onun ən böyük arzusu idi. Əbəs deyildi ki, o bununla bağlı çar hakim dairələri ilə dəfələrlə yazışmalar aparmış, çətinliklə də olsa, istəyinə çatmışdır. 1896-cı ilin 19 yanvarında Bakı realnı məktəbinin keçmiş müəllimi Həsən bəy Məlikovun Bakı qubernatoruna ərizəsi belə idi: “Bakı şəhərində müsəlman qızları üçün bir sinifli üç illik kursdan ibarət olan məktəbin açılmasına icazə verilsin”. Həsən bəy Zərdabi bu təşəbbüsü ilə Azərbaycanda ilk qızlar gimnaziyasının açılmasının səbəbkarı oldu…
Güllnar Zeynalova



