Orxan Vəliyev Təhlil Xəbərlər

Fəlsəfəsizlik çağı: bilməyin deyil, dəmirin dövrü

Fəlsəfəsizlik çağı: bilməyin deyil, dəmirin dövrü1

Bene vixit, bene qiu latuit…2

I
Katerin Niksey Antik pagan dövründən Xristianlığa keçid dövrünü təsvir edərkən “Filosofun fəlsəfə ilə məşğul olacağı zaman deyildi” (Nixey, 2023, s. 16) cümləsini istifadə edir. Belə ki, xristianlığın dövlət dininə çevrilməsi prosesini başladan Konstantinin əmri ilə pagan inancının məbədlərinin, heykəllərinin dağıdıldığını, filosofların isə köçə məcbur edildiyini yazır. Yazar kitab boyunca Xristianlığa olan acığını məğlub edə bilmədiyi üçün bəşəriyyət tarixində bütün kritik dəyişikliklərin əvvəlkinin yox edilməsi kimi radikal qərarlarla mümkün olduğunu qəbul edə bilmir. Yazarın böyüdüyü mühitə qarşı da sərt kritikası kitab boyu özünü hiss etdirir. Maraqlıdır, modernizmin bir sıra böyük mütəfəkkirləri də məhz dindar xristian ailələrindən çıxmışdır. Modern fəlsəfənin böyük filosoflarından İmmanuel Kant bu çərçivədə ciddi bir nümənədir.

Hələlik içində yaşadığımız modern dünya və institutlar inşa edilərkən belə, din və kilsə sərt şəkildə tənqid və təqiblərə məruz qalmışdır. Orta əsr sistemini və dünyasını ayaqda saxlayan müqəddəslik anlayışı (Tanrı) toxunulmazlıq (legitimləşdirən) statusunu itirmiş oldu. Beləliklə, dünyəvilik prinsipinin həlledici olduğu yeni bir nizam formalaşdırıldı.

Digər tərəfdən, 1980-ci illərdə “tarixin sonu”nun gəldiyi iddiası ilə məşhurlaşan Frensis Fukuyama XXI əsrdə təhlükədə olan liberalizmin öz millətinə (millətçiliyə) ehtiyacı olduğunu yazır (Fukuyama, 2022). Axı fəlsəfə təhlükəsizlik və qida təminatının aradan qaldırıldığı bir məkanda mümkün olur. Platonun Akademiyası ancaq dövrün ən inkişaf etmiş, güclü, oturuşmuş şəhər dövlətlərində mümkün ola bilərdi. Misal üçün, Niksey kitabını yazarkən Yaxın Şərqin kitabda bəhs edilən məkanlarına sırf münaqişələrdən ötrü səfər edə bilməmişdir. Xülasə, fəlsəfə nizamın qurulu və işlək vəziyyətdə olduğu bir məkan və dövrdə mümkün olur. Axı fəlsəfəni cavabı olmayan suallar, yaxud suallara zaman və məkanın tələblərindən (asılılığından) sıyrılan zehni cavab kimi də qəbul etmək olar. Qısası, bu essedə içində yaşadığımız çağda nə üçün fəlsəfəyə, fəlsəfi biliyə institusional ehtiyacın olmadığından yazmağa çalışacağıq.

II
Aristotel “Metafizika” əsərini “hər insanın bilmək potensialına sahib olması” fikri ilə başlayır. Ancaq məlum olduğu kimi, bilmək prosesinin nəticəsində az insan (filosoflar) bilik (episteme) sahibi olur. Adətən, əksəriyyət bilmə prosesinin sonunda bilmə feilinin obyektinə dair qənaət əldə edir. Axı fəlsəfə ilə məşğul olmaq, fəlsəfi biliyin arxasınca getmək çoxluğun bilmədiyi, bilə bilməyəcəyi biliyə çatmaq deməkdir. Bu səbəbdən fəlsəfə, adətən, qəliz və ancaq müəyyən bir zümrənin “var-gəl etdiyi” bir sahə olaraq qəbul edilmişdir (Muşdiyeva, 2018). Çünki fəlsəfi bilik hər şeyə dair yaxud bütünə dair bilik deməkdir. Dekartın “Metod haqqında düşüncə” kitabının türk tərcüməçisi kitabı təsvir edərkən Dekartdan əvvəl modern elm, dünya görüşü haqqında Frensis Bekon, Qaliley kimi yeni elmi metodlarını açıqlayan əsərlər yazıldığını ancaq Dekartın “Metod haqqında düşüncə” əsərində bütünə dair bir dəyərləndirmə olduğunu yazır. Qısa insan həqiqətin bilgisinə ancaq fəlsəfə ilə çata bilər. Xülasə, fəlsəfə elə azlıq bir zümrənin var gəl edə biləcəyi bir sahə olaraq qalmalıdır. İnsan həyat içərisində bilmək feilinin subyekti olmağa da davam edir. Lakin çoxluğun biliyi tarix disiplini çərçivəsində toplana bilər. Çünki fəlsəfi bilik toplu, qrup kimliyi, bərabər yaşayış inşa etmək əvəzinə mövcud quruluşun əksik və zəif tərəflərini sual etməkdən ibarətdir. Platon Sokratik dialoqlarında edilən əsasən budur. O səbəbdən Sokrat son nəticə olaraq baldıran zəhəri içməli olmuşdur. Qısası, fəlsəfə və tarix insanın bilik əldə etmə prosesinin iki əsas disiplini olaraq qarşımızda durmaqdadır (Mehdiyev, 2019, s. 18–25).

Tarixi bilik insana müəyyən bir məkanda qrup (milli) kimliyi inşa edərək bərabər yaşamaq imkanı verdiyi halda, fəlsəfə isə insanın inşa etdiyi quruluşun zəif tərəflərini ortaya çıxarır. Misal üçün, Azərbayan modernizasiya dövrünün böyük mütəfəkkirlərindən Əli bəy Hüseynzadə İstanbulda Hərbi Tibbiyyədə təhsil alarkən Sultan II Əbdülhəmidin müfəttişləri və dostları onu “filosof” deyə adlandırmışdılar. Ona görə yox ki, Əli bəy sistematik olaraq fəlsəfə ilə məşğul olub fəlsəfi əsərlər yazmışdır. Ona görə ki, Əli bəy Osmanlının modern şərtlərlə ayaqlaşmayan köhnə sistemini sorğulamış və bu çərçivədə suallar ortaya atmışdır. Qaldı ki, fəlsəfə ilə məşğul olmaq (doing philosophy) ilə filosof olmaq (being a philosopher) arasında fərq vardır. Bizim fikrimizcə, Əli bəy Hüseynzadə fəlsəfə ilə məşğul olduğu halda filosof olmamışdır. Halbuki Böyük Fredrixin qorxusundan fəlsəfə ilə açıq məşğul ola bilməyən İmmanuel Kant yazdığı əsərlərlə tam təşəküllü bir filosof olmuşdur. Biliyə, etikaya, varlığa dair öz nəzəriyyəsini yazmışdır. Bununla bərabər, universitetdə coğrafiya fənni tədris etmişdir…

Belə olduğu halda tarixi qavrayışımızın hər hansı icmaya, ideologiyaya, dinə, dövlətə və s. dayandığından ötrü falsifikasiyası mümkün olan qənaət verdiyini demək mümkündür. Fəlsəfi qavrayış və ya bilmə prosesinin sonunda tarixdən fərqli olaraq falsifikasiyası mümkün olmayan bilik əldə edilir. Bununla bərabər fəlsəfi qavrayışın mümkün olması üçün tarixi qavrayış çərçivəsində inamın/qənaətin formalaşması lazımdır. Qısası, ancaq oturuşmuş bir quruluş nəzdində fəlsəfə və ya bilmək iştahası ortaya çıxa bilər. Daha doğrusu, Aristotelin bilik əldə etmək potensialına sahib zümrənin ortaya çıxması ancaq və ancaq oturuşmuş bir quruluşda mümkündür. Misal üçün, fəlsəfənin tarixləşdiyi Sovet sistemində fəlsəfi biliyin ortaya çıxması mümkün deyildi. Halbuki “itaət et və istədiyini et” deyən Prussiya kralı Fredrixin dövründə Könsberq Kantı yetişdirə bilmişdi. Hərçənd Kant fəlsəfə ilə məşğul olmaqdan daha çox filosof olmaq üçün yazmağa üstünlük vermişdir.

Fəlsəfə ilə məşğul olmaq bir anlamda boş vaxt tələb edir. Axı fəlsəfə/filosof bilik, əxlaq və varlıq kontekstində hər şeyi sual edir. Türkiyə Respublikasının yeni qurulduğu illərdə Respublikanın qurucularından hesab edilən Yusif Akçura Avropada fəlsəfə üzrə müdafiə etmiş gənc bir fəlsəfəciyə cəmiyyətin hələlik fəlsəfəyə ehtiyacının olmadığını – “Bize filozof değil, demirci lazım” dediyi bilinir. Xülasə, sorğulamağın və ya Dekartın ifadəsiylə şübhə etmək üçün tarixi qavrayışın zəruri olduğunu düşünürəm. Daha doğrusu, tarixi qənaət çərçivəsində inşa edilmiş, oturuşmuş cəmiyyətdə fəlsəfə ortaya çıxa bilər. Yəni Herodot (tarix) ilə Platon (fəlsəfə) arasında bir-birini şərtləndirən bir münasibət vardır. Misal üçün, uzun on illiklər müstəmləkə altında yaşamış bir cəmiyyətdə dərhal fəlsəfənin ortaya çıxmasını gözləmək sadəlövhlük olardı. Oxşar cəmiyyətlərdə siyasət institutu ilkin olaraq tarix çərçivəsində kollektiv kimlik inşasına üstünlük verir.

Bu çərçivədə yenicə tarixi zəfərlə bütöv bir vətənə qovuşan Azərbaycan cəmiyyətindən böyük suallara söykənən fəlsəfə üçün sosial sifariş gözləmək haqsızlıq olardı. Azərbaycan əvvəlcə Abbasqulu ağa Bakıxanovla müstəmləkə altında başlayan tarixini mümkün çərçivədə milliləşdirib özünə bir tarix yazmalıdır. Siyasət çoxluğun kimliyini inşa etmədən fəlsəfə üçün qapı aça bilməz. Yuxarıda qeyd edildiyi kimi, axı fəlsəfə azlıq bir zümrənin var-gəl etdiyi və yenə az bir zümrənin başa düşdüyü bilik verir. Qısası, inkişafı və formalaşmanı insan, fərd və cəmiyyət xətti ilə tamamlamamış cəmiyyətlərdə böyük suallarla məşğul olmaq o qədər də mümkün, real görünmür. Avropa intibah dövrünün sənət əsərlərində ortaya çıxardıqları insan formu ilə modern insanı yaratdılar, Loke kimi modern filosoflar dini doktrina əsaslı sistemə qarşı radikal azadlığını müdafiə etdikləri fərdi ortaya çıxardılar. Nəhayət, XVIII əsrin bazar tələbləri başda olmaqla şərtləri modern cəmiyyətlərin yaradılmasını şərtləndirdi. Modern fəlsəfə, əsasən, bu prosesdə öncü olan cəmiyyətlərdə (Paris, London, Berlin vs.) ortaya çıxmışdır.

Modern fəlsəfənin keçid filosofu hesab edilən və həqiqət (fəlsəfi) axtarışından daha dəyərli bir məşğuliyyət olmadığını düşünən Dekart dini düşüncənin/nizamın hakim olduğu Orta Dövr universitetlərində özünə yer tapa bilməmişdir. Halbuki Dekart Kilisənin qəzəbindən özünü qorumaq üçün daim təkminli (əlsində, qorxmuşdur) davranmışdır. Ancaq qarşısında dini əsaslarla formalaşmış, yəni müqəddəslik iddiası olan bir Fransa dövləti olmuş və Dekart dini prinsiplərə əsaslanan nizama qarşı şübhə etməklə modern fəlsəfəni inşa etmişdir. Nəticə etibarilə fəlsəfi həqiqətin, biliyin mümkünlüyü üçün oturuşmuş bir cəmiyyətin zəruri olduğunu ifadə etmək mümkündür. Misal üçün, Atatürkün özünə ideoloji qaynaq hesab etdiyi Ziya Göyalp dövlətin inşasına xidmət üçün fəlsəfəni tərk edərək (türkçülüyün əsaslarında fəlsəfi türkçülük ifadəsi heç də millətçiliyin fəlsəfə ilə bağının olmağı demək deyildir) tarixin və tarixi biliyin köməyi ilə türkçülük ideologiyasını yaratmışdır. Ziya Göyalp “Türkçülüyün Əsasları”nda, əsasən, tarixi metoddan istifadə edərək yeni Türkiyə üçün milli kimlik nəzəriyyəsi yazmışdır. Qaldı ki, modern milli cəmiyyət üçün tələb edilən milli şüur da ancaq tarix vasitəsilə inşa edilə bilər. Bu mənada Ziya Göyalp yeni qurulan Türk dövləti üçün böyük bir xidmət ortaya qoymuşdur. Digər tərəfdən Cümhuriyyət Türkiyəsinin xaricdə (Fransa) ilk fəlsəfə doktorluğunu alan tarixin təklif etdiyi bilik isə həmin cəmiyyətin sərhədlərini aşmır. O səbəblə millətçililik ideologiyasını, millətləri, milli dövlətləri müdafiə edən tədqiqatçılar tarixi biliyə müraciət edirlər. Daha doğrusu, millətçiliyə dair siyasi təhlillərini tarixə söykənərək əsaslandırırlar. Xülasə, fəlsəfi həqiqət dövlətlərin, cəmiyyətlərin sərhədlərinə həbs edilə bilməyəcəyi üçün qovulmağı gözə almalı olur.

III
Dünya 1970–80-ci illərdə modern olan hər şeyə qarşı (siyasət, sənət, memarlıq və s.) radikal sorğulama prosesinə başladı. Heç şübhəsiz postmodernizm və bu cərəyanı müdafiə edən mütəfəkkirlər, sənətçilər, yazarlar prosesin kotolizator rolunu oynadılar. Ancaq günün sonunda postmodernizmin, neoliberalizmin səhnədən çəkildiyini və dövlətin geri gəldiyi görülməkdədir. Qaldı ki, bu qədər münaqişə və müharibənin olduğu bir məqamda fəlsəfənin olması da mümkün görünmür. Yəni insanlıq “Filosofun fəlsəfə ilə məşğul olacağı zaman deyildi” fikrinə uyğun bir dövrdən keçir…

Bəşəriyyət Aristofenisin “sülh” komediyasında yazdığı kimi, musiqidən belə barıt qoxusu gəldiyi bir dövrü təcrübə edir. Belə olan halda filosofun şübhə etməyi üçün zəmin, düzən ortadan qalxmış deməkdir…

Bill Klintonun NATO-nu Yuqoslaviyaya hücuma məcbur edən çıxışı, oğul Buşun NATO daxilindən belə dəstək ala bilmədiyi İraq işğalını reallaşdırması, Putinin “Ukraynanın tarixi yoxdur” çıxışı və ardınca gələn müharibə artıq sadəcə modern dünyanın sonunun gəldiyini göstərmir, eyni zamanda postmodernizmin də divara (dövlətə) dəydiyini göstərir. Belə olan halda, hər hansısa bir fəlsəfədən danışmaq müşkül məsələdir. Alman filosofu Yürgen Habermasın yazdığı kimi, dara düşən milli dövlət ilk olaraq milləti (insanı – fərdi) gözdən çıxarmışdır. Misal üçün, liberal demokratiyanın beşiklərindən olan ABŞ prezident seçkilərinin nəticəsi seciçilərdən daha çox dövlətin ehtiyacına görə formalaşmışdır. Belə olan halda Tramp idarəsindəki ABŞ-da sorğulayıcı bir fikrin yaşaması va davamlılığı ən azından indilik mümkün görünmür. Bu isə qlobal olaraq ayaqda qalmaq istəyən bütün dövlətlər üçün keçərlidir.

Mən özüm bakalvr təhsilimi fəlsəfə sahəsində almağımı həyatımın qalanını inşa etmək üçün böyük bir imkan kimi dəyərləndirirəm. Bununla bərabər, erkən yaşdan akademik həyatımı birbaşa fəlsəfə çərçivəsində inşasının da doğru olmayacağını düşündüm.

Nə üçün fəlsəfə ilə davam etmədiyim sualına qayıda bilərəm. Fəlsəfi axtarış sözün fəlsəfi mənasında bilməyi ehtiva edir. Belə olan halda mən nə üçün bilmək istəmədim? Əlbəttə, bu ritorik sualdır. Yəni fərdi olaraq mənim fəlsəfədən qopmağımdan daha çox sosial bir məsələyə işarə edir. Məlum olduğu kimi, Azərbaycan ötən əsrin əvvəlində uzun bir mübarizədən, müstəmləkə təcrübəsindən sonra modernizmin dili ilə desək, “öz müqəddəratını təyin etmə” haqqı qazanmış və inşa etməyə təşəbbüs etməyinə baxmayaraq, yarım qalan bir hekayə olaraq tarixdə öz yerini almışdır.

Məlum ilk dövlət olan Cümhuriyyət de-yure dövlət ola bilməmişdir. İkinci Respublika (1991) dövrü Azərbaycan dövlətinin siyasi, hüquqi inşasının tamamlanması üçün daha əlverişli olmuşdur. Çünki müstəqilliyin davamlılığı mühafizə edilmişdir. Bununla bərabər, dövlətin formalaşdığını da iddia etmək müşkül məsələdir. Məlum olduğu kimi, işğal faktoru Azərbaycan üçün ciddi bir məsələ olaraq qalmaqda idi. Misal modern dövlətlər üçün həlledici anlayış olan suverenlik Azərbaycan ölkəsində ölkə ərazisinin müəyyən hissəsinin işğal faktorundan ötrü tam təmin edilə bilməmişdir. Belə olduğu təqdirdə dövlətin formalaşmağı yenə tamamlanmamış qalmışdır.

2020-ci ildə əldə edilən zəfərə qədər Azərbaycanda düşünməyin, daha doğrusu, sosial fəaliyyətin qarşısındakı əsas maneə Qarabağ problemi idi. Çünki cəmiyyət və dövlət üçün prioritet məlum idi. Zəfərdən sonra isə işğaldan azad edilmiş ərazilərdə təmir bərpa işləri davam etməkdədir. Belə olduğu halda tarixə olan ehtiyac davam edəcəkdir. Çünki Azərbaycan cəmiyyət olaraq fiziki inşaatdan daha vacib olan sosial inşa ilə məşğuldur. Məlumdur ki, son iki əsrdir Qarabağ daxil olmaqla tarix daha çox müstəmləkə marağı üçün yazılmışdır. Qısası, müstəmləkənin izlərini silmək üçün siyasət və tarixin bərabərliyinə ehtiyac var.

Azərbaycan hazırda Türkiyə Cümhuriyyətinin ilk illərində qurucularından olan Yusif Akçuranın fəlsəfə ilə məşğul olmaq istəyən gənc fəlsəfəçiyə dediyi mərhələni yaşayır. Yəni Azərbaycana hələlik sadəcə dəmir (tarix) lazımdır. Belə bir şəraitdə bilməyə təşəbbüs etmək üçün boş vaxt tapmaq belə müşküldür. Əlbəttə, mən tarixçi deyiləm. Apardığım siyasi təhlillər əsasından yazdığım mətnlər ya tarixə (bir cəmiyyətə xidmət) ya da fəlsəfəyə əsaslanmalıdır. Hazırkı şəraitdə tarix zərurətdir. O səbəblə bilməkdən deyil inanmaqdan və ya inandırmaqdan yana olduğum. Çünki Azərbaycanın uzun on illiklər davam etmiş müstəmləkə və işğala qarşı dirənmək üçün millətçiliyə (tarixə) ehtiyac var.

Qısası, siyasi səbəbdən ötrü Dostoyevskinin Avropa kitabçılarında satışının qadağan edildiyi bir dövrdə düşünməyin, həqiqətə dair axtarışın nəticə verməyəcəyi məlumdur…

İstinadlar

• Fukuyama, F. (2022, 1 April). Liberalism Needs the Nation. Foreign Affairs. URL: https://www.foreignaffairs.com/articles/ukraine/2022-04-01/francis-fukuyama-liberalism-country
• Mehdiyev, N. (2019) Bir Bilme Teorisi. İstanbul: Dergah Yayınları. s. 15–28.
• Muşdiyeva, T. (2018, 29 oktyabr) Fəlsəfə çoxluğun fikrinə qarşı: epistemik müxalifət. Bakı Research Institute. URL: https://bakuresearchinstitute.org/philosophy-versus-majority-opinion-epistemic-opposition-2/
• Nixey, C. (2023, 14 mart). Kasvetli Çağ. Ter. Arzu Akgün. 2-ci baskı. İstanbul: Yapı Kredi Yayınları. 256 s.

  1. Fəlsəfəsizlik çağı: bilməyin deyil, dəmirin dövrü – Bu ifadə Yusif Akçuraya aiddir. Belə ki, Akçura XX əsrin əvvəlində Sarbonna Universitetində fəlsəfə təhsili alan Mehmet İzzətə: “Bizə filosof deyil, dəmirçi lazımdır”, – cavabını vermişdir. Bu çərçivədə türkiyəli filosof, yazar Dücanə Cündioğlu bir yazı da yazmışdır. ↩︎
  2. Gizlənərək yaşayan insan yaxşı yaşamışdır… ↩︎