Günəşin torpağın üzündən öpdüyü yerdən
bənövşələr, nərgizlər çıxır. Bu, torpağın təbəssümüdür.
Puçurlar ağacların, sübh şəfəqləri səhərin, lalələr zəmilərin,
ay işığı gecələrin, göyqurşağı üfüqlərin, bahar yer üzünün təbəssümüdür.
Dünyanın hər şeyi təbəssüm ayağındadır.
Hər şey dayanıb bir-birinə gülümsəyir…
Pərvanə şama bağlandığı kimi, dünya təbəssüm işığına uyub.
Təbəssüm insanın çiçək açmasıdır. Baharı içinə çağırmaqdır. Baharlaşmaqdır.
Təbəssüm dünyanın ən işıqlı ümididir.
O elə bir işıqdır ki, könül bütün qayğıları unudub ona dönər.
O, yeganə hədiyyədir ki, imtinası yoxdur.
O elə hədiyyədir ki, hamıya çatar.
O elə hədiyyədir ki, paylandıqca qurtarmaz.
Könül evinin bütün qapılarına düşən açardır təbəssüm.
Ağaclar qırılır – meşələr qalır.
Çiçəklər quruyur – bahar qalır.
Yaxşılar gedir – yaxşılıqlar qalır.
Aşiqlər ölür – qəhrəmanlıq qalır.
Gözəllər gedir – gözəllik qalır.
Cəfakeşlər gedir – fədakarlıq qalır.
Analar gedir – analıq qalır.
Biçimləri gedir – mənaları qalır.
Gedərilər gedir – əbədilər qalır.
Üzləri gedir – özləri qalır.
Qalanlar qalır…
Ağaclar meşələri, çiçəklər baharı, aşiqlər
məcnunluğu, yaxşılar yaxşılığı, igidlər
qəhrəmanlığı, gözəllər gözəlliyi, analar
analığı yaşadırlar.
Gedənlər qalanlarda qalır. Gedənlər qalanlarda yaşayır.
Loğman



