Ədəbiyyat Günel Natiqqızı Xəbərlər

Mən səni sevirəm sözünə ağla

Neçə gündür ki, küskün boylanan yaz günəşinin şəfəqi dumanlı fikirlərimə işıq salır sanki. Hər günəş bərq vuranda sevginin çalarlarının da fərqli olduğunu xatırladır mənə. Xanım İsmayılqızının “Mən səni sevirəm sözünə ağla” misrasının daşıdığı fərqli məna çalarları kimi. Həmin sətirlər kimi üçün sevdası daşa dəyənlərin duyduğu peşmanlığın, kimi üçün isə ruhunun sirdaşının vaxtsız itkisindən yaranan ağrının rəngini canlandırır.

Bu ağrının rəngini təsvir etmək üçün kəlmələr acizdir, bəlkə də. Çünki bu, sadəcə ruhu üşüdən bir kədər deyil; günəşini yola salmış bir qəlbin dərinliklərində kök salan sönməyən, səmimi sədaqət işığıdır. Ancaq bildiyim bir həqiqət var ki, cismani ayrılığın kölgəsi ruhun sönməyən işığı qarşısında hər zaman aciz qalır. Mən isə həmin rəng palitrasından yaranan tablonun şahidi kimi onun rəsmini sözlərlə cızmağa çalışacam sadəcə.

Həyat bəzən bizə elə sözlər öyrədir ki, onları demək üçün bir ömür bəs etmir. Susmaq üçün isə bir dünya kədər lazım olur. “Mən səni sevirəm”, bəlkə də, dünyanın ən işıqlı cümlələrindəndir. Amma elə anlar gəlir ki, bu cümlə artıq bir etiraf yox, bir həsrət nəğməsinə çevrilir. Ayrılıq gələndə icazə istəmir. Vaxtsız gəlişi ilə ömrün ortasında bir uçurum yaradır. İnsan illərini paylaşdığı birini itirəndə təkcə bir canı deyil, həm də özünə aid olan ən doğma gülüşləri itirir. O, ayrılığın gözünə dik baxsa da, səssizliyin içindəki həmin böyük boşluğu duyanda baxışlarına sağalmaz bir kədər qonur. “Günəş”inin sönmədiyini, sadəcə başqa bir aləmin üfüqlərinə köçmüş olduğunu bilsə də, bu dünya bir az daha soyuq gəlir ona…

Bu soyuqluğun içində isə insanı yalnız xatirələrin hərarəti ayaqda saxlayır. Hər səhər onun şəkli ilə salamlaşan, hər gün eyni sadiqliklə onun xatirəsini yad edən bir ürəyin dözümü bu dünyada kədərin sığındığı ən müqəddəs liman olur.

Zaman ötdükcə amansızlaşan yoxluğun soyuğuna ruhun verdiyi ən böyük cavabdır bu sadiqlik. İllər onu köhnəltmək əvəzinə daha da saflaşdırıb büllurlaşdırır. Bir ömürlük vəfa dastanına çevirir.

Sonda yenidən “Mən səni sevirəm sözünə ağla” misrasında əks olunan rənglərin ruhu danışacaq. İndi bu sözü deyəndə səs titrəyir, ürək sızlayır. Bu artıq sadəcə bir sevgi etirafı yox, “sənin üçün çox darıxıram” deyib susan qəlbin ən səmimi ağrısıdır:

“Ağla, ayrılığın gözünə ağla,

Ağla, məhəbbətin üzünə ağla,

Ağla, qəlbimdəki dözümə ağla,

“Mən səni sevirəm” sözünə, ağla”.