“Balaca Şahzadə” kimi göydəki ulduzumu axtaran baxışlarım qaranlıq səmanın qatlarında gəzişirdi. Ancaq bu gecə ayın pərvanəsinə çevrilmiş buludlar onu gizlətmişdi. Həmin an məhz bulud kimi haçalanmış düşüncələrimə bir ifadə işıq oldu sanki:
– Buludlar həmişə gözəldir.
Nə qədər qəribə səslənsə də, dostumun təbiətə sevgisini ifadə etdiyi həmin kəlmələr daxilimdəki dumanı dağıtdı. Ulduzumu yuxuda tapmaq ümidi ilə yorğun baxışlarımı səmadan çəkdim. Səhərin erkən saatlarında pəncərəmdən boylanarkən gözlərim yenə səmaya naxış salan buludlara dikildi. Axı yuxumdakı ümid bu dəfə də yerini bilinməz sabahlara vermişdi…
Gecə mənə təskinlik gətirən buludları yanımda hiss etmək üçün eyvana çıxdım. Gecənin qaranlığına çıraq tutan ulduzlar kimi səmanın ağ paltarlı sakinləri də xatirələrimi yaşadan dostlarımdan idi, əslində. “Anamın mətbəx qeydlərində”ki ən qəribə söhbətlərimizdən birində gizlənirdi həmin xatirə. Buludlar yalnız anamla bölüşdüyüm oyun dostlarım idi. Onlara diqqətlə baxandan sonra böyük bir həvəslə anamın yanına qaçıb: “Bax, bir bulud var, yarpağa oxşayır, bəs səncə?” – deyərdim. O isə bəzən mənlə razılaşar, bəzən də öz xəyalındakı təsvirləri dilə gətirərdi. Dünən gecə xatırladığım o sadə görünən cümlə isə uşaqlığımı bütün rəngləriylə geri qaytardı sanki.
Bu dəfə buludları səmanın mavi dərinliyinə səpələnmiş nurdan mirvari dənələrinə bənzətdim. Sanki o mirvarilər bir az əvvəl ruhumu sıxan qaranlıq düşüncələrin yerinə səpilmişdi. Buludların ardından boylanan günəşin istiliyi isə anamın şəfqəti ilə ruhumu sığalladı.
Müəllif: Günel Natiqqızı



