Xəbərlər

Azərbaycanın mədəniyyət paytaxtına həsr olunan kitab qardaş Türkiyədə nəşr olunub


 

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilmiş Vaqif Poeziya Günləri barədə “Bütün yollar Şuşaya aparır” kitabı bu yaxınlarda tərcümə olunaraq Türkiyə oxucusuna təqdim edilib. 2021-ci ildə Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu və Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi əsasında ölkəmizdə nəşr olunan kitab yaxın günlərdə qardaş ölkədə işıq üzü görüb. MİMTA Fondunun təşəbbüsü ilə “YediTepe” nəşriyyatında çapdan çıxıb. Kitab Günay Kazım Çatalkaya tərəfindən Türkiyə türkcəsinə çevrilib.
Xatırladaq ki, Şuşa işğaldan azad edildikdən sonra ilk dəfə 2021-ci il 30-31 avqust tarixlərinlə Vaqif Poeziya Günləri şairin doğma şəhərində yenidən təşkil olunmuşdu. Tədbirdə dövlət rəsmiləri və mədəniyyət xadimləri iştirak etmişdilər. Tanınmış qələm və elm adamlarının Vaqif Poeziya Günlərindəki çıxışları və oxunan şeirlər, eyni zamanda həmin günlər barədə yazılan məqalə və reportajlar, Şuşa şəhəri haqqında təəssüratlar və səfər qeydləri “Bütün yollar Şuşaya aparır” kitabında toplanıb. MİMTA Fondunun maliyyə dəstəyi ilə nəşr olunan toplu nəfis şəkildə çap edilərək oxucalara təqdim olunub. Təqdimatda iştirak edən ziyalılar toplunu Azərbaycan mədəniyyətinə yeni töhfə kimi qiymətləndirmişlər.
Kitabda tanınmış elm və mədəniyyət xadimlərinin imzası altında toplanan, müxtəlif janr və üslublarda qələmə alınmış yazı nümunələri topluya rəngarənglik qataraq onu daha da maraqlı və oxunaqlı edir.