Balaca adam pərsəngə bənzər. Balacadır, amma tarazlığı – ədaləti qorumaq baxımından əvəzi yoxdur.
Balaca adam ədalət əsgəridir. Ədalət uğrunda döyüşmək balaca adamın alın yazısıdır. Çünki o, ədalətsiz yaşaya bilməz.
Onu balaca görən də elə ədalətsizliyin özüdür.
Ədalət olmayan yerdə balaca adam sahilə atılmış balıq kimidir.
Ədalət olan yerdə balaca adamın balacalığı yoxdur.
Çünki ədalət olan yerdə balaca-böyük adam yoxdur – ədalətli-ədalətsiz adam var.
Balaca adamın əli uzağa çatmır, gödəkdir.
Balaca adamın imkanları məhduddur, qısıqdır.
Arzusu – sığmazdır, istəyi – utancaq.
Qəribə inadkarlığı var balaca adamın.
Budaqları kəsilir – pöhrələnməkdən əl çəkmir.
Qanadları qırılır – cücərməkdən bezmir.
Kəsib odun-ocaq, yandırıb kül eləyirlər – yenidən boy verir.
Ağzı insandan yanıq olsa da, insanlıqdan üz döndərmir.
Göynəyir-göynəyir, ağrılarından çiçək kimi çırtlayıb çıxır – çəyirdəkdən toxum kimi.
Olduğu kimi görə bilmirlər deyə balaca sayırlar.
Gördükləri kimi olduğuna inanırlar deyə balaca sayırlar.
Balaca adamı balaca görmək sərfəlidir.
Əyrilik bilmir deyə əymək istəyirlər balaca adamı.
Əyilməyəndə qırırlar, sındırırlar.
Hər addımda çiliklənib tökülür, pul-pul olur.
Sındırdıqca balacalanır balaca adam, amma yenə özü olur.
Balaca adamın külü də, qırıqları da, cücərtiləri də özünə bərabər olur.
Çünki balaca adam ölçülərindən asılı deyil.
Balaca adamın böyüklüyü – bütün ölçülərdə dəyişməz qalmağıdır.
Balaca adamın vətəni olmur – yaşadığı coğrafiya olur, ünvan olur.
Çünki vətəni balaca adama verməyə qıymırlar.
Balaca adam vətənini qürbətdə valideyninin yolunu gözləyən bir uşaq kimi sevir.
Dara düşəndə vətəni balaca adamın çiyninə qoyurlar, kürəyinə yıxırlar, ürəyinə sərirlər – bütün ağırlığı, dərdi-səri, ağrı-acılarıyla…
Vətənin dar günü balaca adamındır.
Yalnız bu məqamda onun şəriki olmur.
Vətənin dar günü balaca adamın azadlıq günüdür.
Vətənin dar günündə balaca adamın qəhrəman kimi özünü təsdiq etməsinə heç kim mane olmur.
Vətən uğrunda şəhid olmaq balaca adama verilmiş böyük imtiyazdır.
Vətənin dar günündə balaca adam çox böyük görünür – sevgisi boyda.
Vətənin dar günü balaca adama veriləndə “böyüklər” balaca adamların kölgəsinə sığınırlar.
Balaca adamın kölgəsində gizlənirlər, daldalanırlar.
Dalda adam olurlar, kölgədə itirlər, dalda yerdə əriyirlər.
Vətənin dar günündə onu yağmalayanlar üçün balaca adamın kölgəsi vətən olur.
Balaca adamın faciəsi ondadır ki, vətəni yaddan alıb yağıya verir.
Yağıdan alıb yağmalayıcıya verir.
Yağmalayıcıdan alıb talançıya verir.
Talançıdan alıb güdükçüyə verir.
Güdükçüdən alıb yedəkdə gedənə verir.
Balaca adamın faciəsi ondadır ki, bununla missiyasını bitmiş hesab edir.
Heç vaxt vətəninə sahib çıxmır.
Hər dəfə inanır və hər dəfə də aldanır.
Dünya balaca adamın fədakarlığı hesabına dünyalığını qoruyub saxlaya bilir.
Balaca adam dünyadan heç nə ummasa da, dünya balaca adamsız yaşaya bilmir.
Bütün dünya balaca adamla qazanır, bircə balaca adam itirir.
Xalq – vətənini təmənnasız sevən balaca – yetkin adamlar birliyidir.
Ona görə də adamı balacalaşdırmaq, kiçik görmək xalqa yağı münasibətidir.
Balaca adamı balaca edən vətəni başqasına ümid olmasıdır.
Balaca adam “balacalığı” ilə barışanda balacalanır və yox olur.
Amma balaca adamın balaca vətəni böyük görmək böyüklüyü var.
İmkansızlığı imkan kimi yaşamaq “balaca adamın” işi deyil.
Balaca adam böyüklüyünü balaca işlərlə təsdiq edə bilməz.
Çünki onun böyük iş görməkdən savayı böyük xilası yoxdur.
Çünki balaca adam balacada böyüklüyün təsdiqidir.
Böyük adamın sıxılmış halıdır, bərkimiş halıdır.
Xüsusi çəkisinin çox olan halıdır.
Görüntüyə mahiyyətin sığmazlığıdır.



