Aktual Anar Pənahov Füyuzat 124

Çinin Arktikada enerji siyasəti

Müasir dünyada enerji ilə bağlı problemlər siyasi proseslərin inkişafına həm regional, həm də qlobal səviyyədə təsir edir. Bir tərəfdən enerji faktoru bir çox dövlətlərin xarici siyasətinin vacib aspektinə çevrilir, digər tərəfdən isə dünyanın bir çox regionlarında siyasi və iqtisadi vəziyyətin formalaşmasına gətirib çıxarır.

İnkişaf etmiş dövlətlərin iqtisadiyyatının yüksəliş şəraitində enerji resursları onların inkişafı üçün aparıcı qüvvə hesab olunur. Enerji resurslarının mövcudluğu hər bir dövlətin sosial sabitliyinin təminatçısı olmaqla yanaşı, onun milli təhlükəsizliyinin əsasını təşkil edən amillərdən biridir.

Dünyada bir çox dövlətlərdə enerji təhlükəsizliyinin təminatı ilə bağlı problem aktual məsələlərdən birinə çevrilib. Enerji təhlükəsizliyi eyni zamanda enerji siyasətinin əsas hissəsini təşkil edir. Sənayesi inkişaf etmiş bir çox dövlətlərdə enerji təhlükəsizliyi anlayışı altında enerji resurslarının idxalından asılılıq nəzərdə tutulur.

Enerji resurslarına qlobal şəkildə tələbat getdikcə artmaqdadır. Bu, xüsusilə iqtisadi nöqteyi-nəzərdən inkişaf etmiş dövlətlərə xasdır. Belə dövlətlərdən biri də Çindir. Son illər o, neftə olan tələbatını Orta Şərq dövlətlərindən almaqla ödəyirdi. Beləliklə, Çin Orta Şərqə siyasi nöqteyi-nəzərdən real təsiretmə imkanına malik deyildi.

Bu regionda siyasi vəziyyətin stabil olmadığını nəzərə alaraq Çin hökuməti özünün enerji təhlükəsizliyinə diqqət ayıraraq bu regiondan neftin alınması ilə bağlı məsələyə yenidən baxmağa vadar olmuşdur.

Hər bir dövlət özünün neftə olan tələbatını ödəmək, həmçinin enerji təhlükəsizliyini möhkəmləndirmək üçün bir sıra tədbirlər həyata keçirir. Çin hökuməti də bununla bağlı tədbirlər görmüşdür. Onlar aşağıdakılardır:

  • müxtəlif regionlarda enerji tədarükçüləri ilə ikitərəfli sazişlər bağlamaq;
  • özünün daxili iqtisadi siyasətindən irəli gələrək xarici dövlətlərin enerji sektoruna investisiyaların daha çox dəstəklənməsi;
  • enerji hasilatı ilə bağlı xarici layihələrə investisiyaların edilməsi.

Çinin dünyanın bir çox regionunda enerji ilə bağlı maraqları var. Bu maraqlar Arktikadan da yan ötməmişdir. Regionda digər dövlətlərin də marağı var və bu tək iqtisadi maraqlarla kifayətlənmir. Çin dünyanın aparıcı iqtisadiyyatına malik dövləti və bununla yanaşı, karbohidrat minerallarının iri istehlakçısıdır. Buna görə o, Arktikada öz maraqlarının həyata keçirilməsi üçün aktivlik göstərir.

Çinin Arktikada maraqları onun xarici siyasətinin prioritet məsələlərindən birinə çevrilmişdir. Onun Arktikaya marağı 2000–2010-cu illərdə artsa da, ölkənin Arktikayla bağlı siyasəti yalnız 2018-ci ildə rəsmiləşdirilmişdir.

Çinin Arktikayla bağlı siyasəti ÇKP-nin 2017-ci ildə keçirdiyi qurultayda ÇXR sədri Si Cinpin tərəfindən  qeyd edilmişdir. Bu qurultayda ölkənin inkişafı üçün çoxvektorlu və çoxsəviyyəli diplomatik konsepsiya səsləndirilmişdir. Bu da bütövlükdə Çinin Arktikada strateji maraqlarının reallaşmasına uyğundur.

Qlobal istiləşmənin törətdiyi fəsadlar nəticəsində buzlaqların əriməsi ilə Arktika sularında gəmilərin keçiricilik qabiliyyəti də asanlaşmışdır. Bu həm də arktik şelfində enerji resurslarının hasilatını da asanlaşdırır. Nəticədə sahilboyu arktik dövlətlərin əməkdaşlığı ilə yanaşı, digər dövlətlərin də buraya marağı artmışdır.

Arktika dövlətlərinə Rusiya, Kanada, ABŞ, Danimarka, İslandiya, Norveç, İsveç və Finlandiya aiddir. Onların Arktikada öz əraziləri var və hər biri Arktika Şurasının üzvüdür.

Onu da qeyd etmək lazımdır ki, Rusiya, Kanada, ABŞ, Danimarka və Norveçin Arktikada enerji resurslarını hasil etmək ixtiyarı var. Arktika Şurasında bu dövlətlərlə yanaşı, müşahidəçi qismində çıxış edən dövlətlər də mövcuddur. Buraya Çin, Sinqapur, Hindistan, Cənubi Koreya, Yaponiya və İtaliyanı aid etmək olar.

Müşahidəçi dövlətlərin burada rolunu tam aydın olaraq müəyyənləşdirmək qeyri-mümkündür. Sözügedən məsələ ilə əlaqədar müxtəlif fikirlər olsa da, belə bir mülahizə irəli sürülür ki, onların Arktikada marağı bu yerin iqtisadi imkanları ilə bağlıdır. Müşahidəçi dövlətlər Arktika Şurasına üzv dövlətlərdən ekologiya, geosiyasət və təhlükəsizliklə bağlı məsələlərdə az maraqlı olmaları ilə fərqlənir.

Regionda baş verən proseslərdə Çin kifayət qədər aktiv və ambisiyalı iştirakçıya çevrilib. Çinin orada iştirakı onun enerji siyasəti ilə bağlıdır, regiona birbaşa çıxışı yoxdur və özünü resurslarla təmin etmək üçün çıxış yolu axtarmaq məcburiyyətindədir.

Bəzi tədqiqatçıların fikirincə, Çin öz məqsədlərinə nail olmaq üçün güc yoluna əl ata bilər. Digər mütəxəssislər isə hesab edir ki, o, iqtisadi üsula üstünlük verəcək. Onun üçün bu, ənənəvi –  “Soft Power” adlanan yumşaq güc üsuludur.

Regionda arktik dövlətlər ilə ikitərəfli müqavilələr bağlamaq Çinin birbaşa maraqlarına uyğundur. Bu müqavilələrlə Çin regionda iri enerji şirkətlərinin layihələrinə qoşulma imkanı əldə etmiş olacaq. Buna görə də regionun iqtisadi potensialını nəzərə alaraq Arktika dövlətləri ilə birgə əməkdaşlıqda maraqlı olmalıdır.

Çinin enerji resurslarından asılı olması onun xarici siyasətinə təsir etmişdir. Enerji resurslarına tələbat beynəlxalq münasibətlərdə Çin üçün vacib komponentdir. Bundan irəli gələrək həmin resursların əldə edilməsi onun xarici siyasətinin əsas məqsədi hesab edilir. Çin gündəlik 1 000 000 barrel neft istifadə edir. Bu göstəricinin yarısı idxal olunur.

Təbii resursların çatışmazlığı və xarici resurslardan asılılıqdan irəli gələrək Çin 2003-cü ildə nefti özünün milli enerji təhlükəsizliyinin vacib komponenti adlandırmışdır. Onun Qərbə qarşı etibarsızlığı Çin üçün heç də əlverişli şərait yaratmayacaq. Qərbi Çinlə müqayisə etdikdə Qərb daha əlverişli vəziyyətdədir, çünki onun enerji resurslarının hasil edilməsində, həmçinin ticarət əlaqələrində 100 illik təcrübəsi var.

Çin, öz növbəsində, beynəlxalq enerji biznesinin qəbul olunmuş qaydaları ilə bağlı münasibətdə geriləyir. Tədqiqatçıların fikrincə, Çinin enerji resurslarından asılılığı onun diplomatiyası və iqtisadi kursunda özünü göstərir.

Çin dünyada atom gəmisi hesab edilməyən “Qar əjdahası” adlı ən iri buzqıran gəmisinə malikdir. O, 2013-cü ildən Arktika Şurasında müşahidəçi qismində çıxış edir. Bu təşkilat hökumətlərarası bir təşkilatdır və şuraya daxil olan dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək və qarşılıqlı əlaqələri koordinasiya etmək iqtidarındadır. Şanxay Universitetinin tədqiqatçıları iştirakçı dövlətlərlə enerji sahəsində əməkdaşlığın Arktika Şurasının sayəsində mümkün olduğunu söyləyirlər.

Çin Arktika Şurasına daxil olduqdan sonra İslandiya ilə azad ticarət haqqında saziş bağladı. Şərhçilərin fikirincə, Çinin Arktikada maraqları həm də buradakı iqlim dəyişikliyi ilə əlaqədardır. Belə ki, iqlim dəyişikliyi onun ekosisteminə təsir etməklə yanaşı, ərzaqla bağlı problemindən də yan ötməmişdir.

Çinin Arktikaya marağı ekoloji baxımdan deyil. Arktika onu daha çox iqtisadi cəhətdən maraqlandırır. Çin hökuməti narahatdır ki, Arktika dövlətləri regionda Arktikaya aid olmayan dövlətlərlə əməkdaşlıq etməkdən imtina edə bilər.

Öz növbəsində, Arktika dövlətləri də Çinin regionda iştirakından narahatdır. Bu onunla əlaqədardır ki, son bir neçə il ərzində Çin Arktika ilə bağlı mövqeyində israrlıdır. Belə ki, o regionda təbii resursların hasil edilməsi ilə əlaqədar öz arzusunu bildirmişdir. Bu səbəblə hökumətin rəsmi nümayəndəsi, Çin Xalq Azadlıq Ordusunun hərbi dəniz donanmasının admiralı İn Çjou Çinin mövqeyini söyləmişdir və Arktikanın dünyanın bütün xalqlarına məxsus olduğunu bildirmişdir.

Çinə görə, Arktika beşliyi, yəni Rusiya, Norveç, Danimarka, Kanada və ABŞ digər dövlətlərin iştirakı olmadan regionla bağlı ərazi mübahisələrini həll edə bilməz.

Çin Arktika Şurasına müşahidəçi qismində çıxış etmək üçün 2006-cı ildə ərizə verən ilk dövlətlərdən biri olmuş və 2007-ci ildə müşahidəçi statusunu almışdır.

Çin Arktika dövlətlərinin suverenliyinə hörmətlə yanaşır və onlarla ikitərəfli sazişlər bağlamaqla əməkdaşlıq edəcək. Arktikanın ərazi məxsusluğu ilə bağlı ən effektiv mexanizm BMT-nin “Dəniz hüququ” konvensiyasıdır (UNCLOS) və ABŞ istisna olmaqla Arktika Şurasına üzv olan dövlətlərin hamısı tərəfindən imzalanmışdır.

Çinin xarici işlər nazirinin müavini konvensiyadan irəli gələrək arktik dövlətlərin hüquqlarına hörmətlə yanaşdığını bildirmişdir. Bu konvensiya ilə bağlı Çinin bəzi alimləri arasında fikir ayrılığı var. Belə ki, onlar konvensiyanın ölkənin maraqlarına zidd olduğu fikrindədirlər.

Çinin regionda maraqları 3 hissədən ibarətdir:

  • enerji resursları;
  • Arktikada elmi araşdırmalar;
  • dəniz yolunun iqtisadi potensialı.

Arktika zəngin təbii resurslara malik regiondur və dünya iqliminə, biosferə təsir etməklə yanaşı, qlobal problemlərin həll edilməsində, beynəlxalq əməkdaşlığın irəliləməsində böyük rol oynayır. Region tədricən geosiyasi, iqtisadi və ekoloji sistemlərdə aparıcı faktora çevriləcək. Bu isə dövlətlərin maraq dairəsində olacaq. Bunu xüsusilə Şimal yarımkürəsində yerləşən dövlətlərə aid etmək olar.

Çinin Arktika siyasəti onun “Ağ kitab”ında göstərilmişdir. Kitab ÇXR-in Dövlət Şurasının press-dəftərxanası tərəfindən 26 yanvar 2018-ci ildə nəşr edilmişdir. Orada Arktikada yaranmış hazırkı vəziyyətlə əlaqədar dövlətin rəsmi mövqeyi, Çinlə digər arktik dövlətlər arasında münasibətlər, həmçinin Çinin Arktikadakı siyasəti, onun prinsipləri və istiqaməti göstərilmişdir.

Arktikada Rusiya ilə əməkdaşlıq strateji tərəfdaşlıq xarakteri daşıyır və bu, Çin üçün prioritet mövqedir. Rusiya böyük arktik dövlətdir və Arktikanın Rusiyaya aid olan hissəsi regiondakı dövlətlər üçün nəinki strateji, həm də geosiyasi və iqtisadi əhəmiyyət daşıyır.

Bu baxımdan beynəlxalq arenada Arktikayla bağlı hər hansı bir məsələnin həlli Rusiyasız qeyri-mümkündür. Son illər Rusiya–Çin ikitərəfli əməkdaşlığı strateji tərəfdaşlıq mərhələsinə çatmışdır. Bu da, öz növbəsində, regionda iki dövlət arasında münasibətlərin yaxşılaşması üçün əlverişli fundament yaratmış olur.

Bütün bunları nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, Çinin Arktikada marağı təkcə elmi və ekoloji maraqlarla bitmir, eyni zamanda iqtisadi maraqlarla da bağlıdır. Lakin Çinin regionda daha çox marağı enerji resurslarının hasil edilməsi ilə bağlıdır. Məhz bu maraqların digər maraqlardan daha üstün olması Arktika Şurasına üzv dövlətləri narahat edir. Çinin region dövlətləri ilə marağına gəldikdə isə o daha çox Rusiya ilə əməkdaşlıqda maraqlıdır. Çünki regionda ən böyük əraziyə və resurslara Rusiya sahibdir.