Köşə Yazıları Ruslan Bayramlı Xəbərlər

Distant təhsilə keçid: reallıq, yoxsa zərurət?

Son günlərin ən çox müzakirə mövzularından olan bəzi məktəblərin distant təhsil formasına keçə biləcəyi xəbərinin cəmiyyətdə müxtəlif reaksiyalar doğurması təbiidir. Lakin qeyd etmək lazımdır ki, bu mövzu hələ qərar deyil, ictimai müzakirəyə açıq olan ideya müstəvisindədir. Mövzunun aktuallığını nəzərə alaraq müzakirəyə açıq olması, təhsillə bağlı bu və ya buna bənzər qərarların təhsil ictimaiyyətinin, mütəxəssislərin, həmçinin valideynlərin də fikirlərinin öyrənilərək verilməsini məqsədəuyğun hesab edirəm.

Azərbaycan cəmiyyəti distant təhsillə ilk dəfə COVID-19 pandemiyası dövründə daha yaxından tanış oldu. Bu proses distant təhsilin üstün və zəif yönlərini üzə çıxardı. Bizim üçün yeni olan bu model təhsil haqqında Azərbaycan Respublikasının qanununda qeyd olunur. Uzun illər ərzində formalaşmış ənənəvi yanaşmalar və qəlibləşmiş təhsil anlayışı bizdə distant təhsili qəbul etməkdə müxtəlif suallar doğurur. Bu da öz-özlüyündə haqlı suallar doğurur: biz cəmiyyət olaraq distant təhsilə hansı təhsil səviyyəsi üzrə və hansı formada hazırıq?! Bu və bu kimi suallarla yanaşı onu da qeyd etmək olar ki, distant təhsil artıq dövrün tələbidir və biz bu tələblə ayaqlaşmaq məcburiyyətindəyik.

Təəssüflə qeyd etmək yerinə düşər ki, bu gün böyük şəhərləri və ətraf əraziləri çıxmaq şərtilə, kiçik kəndlərdə olan 5-10 şagirdlik siniflərdə, bəzən isə məktəblərdə pedaqoji mühit formalaşdırmaq, müasir təlim metodlarından istifadə etməkdən ziyadə həmin məktəblərə müəllim göndərmək belə çox çətindir. Bu mənada aidiyyəti qurumların bu problemi görməsi və həlli istiqamətində addımlar atmaq istəyi təqdirəlayiqdir. Düşünürəm ki, qeyd olunan nüansları nəzərə alsaq, müxtəlif təhsil formalarının, xüsusən də distant təhsil modelinin tətbiqinə dəstək olmaq lazımdır. Burada əsas bu modelin tətbiqinə gedən yolda lazım olan maddi-texniki bazanı, o cümlədən pedaqoji heyətdə distant təhsil kompetensiyaları formalaşdırmaq və təhsil qurumlarının əl-ələ verərək bu prosesin keyfiyyətli formada təşkilinə dəstək verməsidir.

Distant təhsil iqtisadi baxımdan da önəmini qoruyur. Şagird kontingenti az olan məktəblərin saxlanılmasına yönəldilən maliyyə resurslarının distant təhsilin inkişafına istiqamətləndirilməsi həm zamanın səmərəli istifadəsi, həm də təhsilin rəqəmsallaşması fonunda müəllim hazırlığının gücləndirilməsi baxımından rasional yanaşma hesab edilə bilər. Xüsusilə rəqəmsallaşmanın müasir təhsilin əsas trendlərindən birinə çevrildiyi şəraitdə bu istiqamətdə atılan addımlar strateji əhəmiyyət daşıyır.

Sonda onu da qeyd etmək istəyirəm ki, distant təhsil sadəcə monitor arxasından əyləşməklə həyata keçirilməyəcək qədər çoxşaxəli bir təhsil formasıdır. Bu proses öz növbəsində müxtəlif platformalardan effektiv istifadə, eyni zamanda ciddi elmi, pedaqoji, metodiki yanaşmaları olan bir prosesdir. Düzgün planlaşdırılaraq və keyfiyyətli şəkildə tətbiq edildiyi təqdirdə distant təhsil həm müəllim resurslarından daha səmərəli istifadə olunmasına, həm də təhsilin əlçatanlığının və davamlılığının təmin edilməsinə mühüm töhfə verə bilər.

Ruslan Bayramlı