Təhlil Xəbərlər

Dünya Azərbaycanlılarının Həmrəylik Günü – açıqlama

Dünya Azərbaycanlılarının Həmrəylik Günü xalqımızın birliyini, milli kimliyini və ortaq dəyərlərini ifadə edən mühüm gündür. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların eyni kökə, tarixə və mədəniyyətə bağlı olduğunu bir daha xatırladır. Birlik ruhu xalqımızın keçmişini bu günə, bu gününü isə gələcəyə bağlayır.

Həmrəyliyə müxtəlif aspektlərdən yanaşmaq mümkündür. Dildə, dində və milli təfəkkürdə formalaşan birlik anlayışı xalqımızın mənəvi sütunlarını təşkil edir.

“Füyuzat” “Dində həmrəyliyin rolu nədən ibarətdir və bu həmrəyliyin cəmiyyət üçün əhəmiyyəti nədir?” mövzusu ilə bağlı ilahiyyatçı-yazar Ağa Hacıbəylinin fikirlərini öyrənib.

“Bu gün dünyanın dörd bir tərəfinə səpələnmiş həmvətənlərin könül dünyasında tərənnüm olunan bir çox dəyərlər vardır. Bu dəyərlər dilin, tarixin, ədəbiyyat və mənəviyyatın dəyişməz ritminə çevrilib. Həmin birləşdirici ruhu özündə ehtiva edən ibarələrdən biri də həmrəylikdir.

Bu o qədər qüdsi bir kəlmədir ki, onu dərindən anlayan hər bir soydaşımız yaşadığı evin çırağını, bölgənin ruhunu həmrəyliklə gücləndirər. Bəli, həmrəylik təkcə bir-birini tanımaq, bir torpaqda doğulmaq deyil.

Əsl həmrəylik eyni millətin soykökünə, mənəvi bağlarına, irsinə bağlanmaqla başlayır.

Yaşadığı ölkədə milli mənəviyyatımızı təmsil etmək, əlli milyonluq xalqın həqiqətlərini yaymaq həmrəyliyimizə xidmət sayılır. Sarsılmayan birliyimizin təmini üçün bütün ortaq dəyərlərimizi bu mübarək kəlmənin ətrafında toplaya biməkdir.

Bu gün torpaq, bayraq, millətlə yanaşı iman və vicdanlarımızın da birliyini təmin etməliyik. Harda azərbaycanlı varsa, oradan Rəbbimizə yönəlmiş bir dua, bir münacat olmalıdır. Axı dinimiz bizi birliyə, bütünləşməyə çağırır. Könül və qəlb birliyi həmrəyliyin ruhunu təşkil edir, bizi bir-birimizə görünməz tellərlə bağlıyır.
Biz inanırıq ki, həmrəylik məfkurəsi hər bir vətəndaşımızın əmanət şüurudur. Həmrəylik mənəvi məsuliyyətimizin tacıdır. Mənəvi dəyərlərə söykənən birlik çox dayanıqlı və əbədi olur. Odur ki milli həmrəylik ideyalarını ən çox inamın üzərində qurmalıyıq.

“Qurani-Kərim”də Rəhman olan Rəbbimiz buyurur: “Hamınız Allahın ipindən möhkəm yapışın” (Ali-İmran, 103). Milli taleyimizin əsas sütunlarını daha da möhkəmləndirməliyik. Səmavi ruhu milli həmrəylik naxışlarına bürüməliyik. O zaman görərik ki, ayrı-ayrı coğrafiyalarda doğulan, yaşayan soydaşlarımız qan bağı ilə yanaşı iman bağı ilə də bir-birinə bağlanar. Belə olduqda birinin dərdinə digəri biganə qalmaz. Axı tarix boyu xalqımızın bir əlində silah, bir əlində qələm, qəlbində isə iman olub. Bu da mətn birliyimizdən xəbər verir.

Bəli, bu gün bizim gücümüz sayımızdan ziyadə imanımızda gizlənib.

Nə zaman ki, qəlblər birləşir onda millət dirilir və ruhlanır. Dualar fəthləri bütünləşdirir.

Bunun ən bariz örnəyini Qarabağ zəfərində gördük. Xalqın həmrəyliyi, birliyi, inamı dəmir yumruğun ruhuna çevrildi. Zəfərlər zəfəri olan mübarək qələbəni yaşadıq. Şübhəsiz ki, dünyada əlli milyonluq böyük gücümüzün daha da qüvvətlənməsi üçün imanla yoğrulmuş bir kimliyimiz olmalıdır”.

Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova dildə formalaşan birlik anlayışı ilə bağlı öz fikirlərini bildirib.

“Dildə milli birlik ilk nəzərdə dil ortaqlığı kimi görünsə də, əslində, milli birlik düşüncəsi ilə əməl arasında körpüdür. Milli birliyə yönəlmiş məfkurəni topluma daşıyan vasitədir. Millətdaş düşüncəni formalaşdıran mühüm amildir. Milli birliyə çatdırmalı dəyərləri toplumda paylaşma imkanıdır. Dildə milli birlik şüarçılıq olmamalıdır, əməlləri toplum üçün örnək edə biləcək və düşüncəni əmələ çevirə biləcək məzmun daşımalıdır.Milli birliyə düşüncə, dil, əməl həmrəyliyi ilə nail olmaq olar. Həmrəyliyin təməlində isə müvafiq dəyərlər dayanmalıdır.”

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Milli təfəkkürdə həmrəylik anlayışı nəyi ifadə edir və onun mahiyyəti nədən ibarətdir?” mövsuzu ilə bağlı fikirlərini qeyd edib.

“Milli təfəkkürdə həmrəylik anlayışı hər hansı cəmiyyətin birliyini ifadə edir. Atalarımız demişkən: “El gücü, sel gücü. Güc birlikdədir”. Bu kimi anlayışlar da məhz xalqın birlik və dirilik içərisində yaşamasını ehtiva edir. Çünki birlik olmayan yerdə, dirilik də yoxdur. Gücümüz bir olmayanda müxtəlif yad qüvvələr bizi parçalayır, bu baxımdan Azərbaycan xalqı və Azərbaycan türklərinin tarixində milli birlik anlayışı xüsusi şəkildə vurğulanmışdır. Biz həmişə birliyimizi və diriliyimizi saxlamağa çalışmışıq. Nə zaman ki həmrəyliyimizi və birliyimizi itirmişik, o zaman zəifləmişik. Bu baxımdan Dünya Azərbaycanlılarının Həmrəylik anlayışı birliyimizin parçalanmasından irəli gəlib: 3 milyonumuz burda, 10 milyonumuz orda, 40 milyonumuz başqa yerdə. Bu baxımdan bizim təfəkkürümüzdə milli birlik anlayışı çox önəmlidir. Biz milli birliyimizi bu anlamda bərpa etməliyik. Azərbaycan xalqı, Azərbaycan türkləri, ümumiyyətlə bütün türk xalqları olaraq milli birlik və dirilik çox önəmlidir. Xalqımızın fəlsəfəsində bu anlayışlar önəmli yerə məxsusdur. Ona görə milli birliyimizi qorumalyıq!”