Məfkurə

Əli bəy Hüseynzadənin Əhməd bəy Ağaoğluna sevgi, səmimiyyət və sirlərlə dolu bir məktubu

Türk dünyasının ictimai fikir tarixində parlaq iz buraxmış iki nəhəng şəxsiyyət – Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu… Onları nəsillərə örnək olacaq əqidə, amal və ailə dostluğu birləşdirirdi. İki böyük xadimin bu sarsılmaz münasibətini görkəmli alim, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün, istiqlal məfkurəsinin və mücahidlərinin həyat və fəaliyyətlərinin fədakar və yorulmaz tədqiqatçısı prof. Vilayət Quliyev sərrast və obrazlı şəkildə ifadə etmişdir: “Hər şeyin fövqündə dayanan dostluq haqqında hərarətli himn!”.

İki dühanın məktubları, yazışmaları onlar arasındakı dostluq münasibətlərinin parlaq göstəricisidir. Prof. Vilayət Quliyev “Yaşamboyu sürən dostluq (Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu)” adlı tədqiqatında (“525-ci qəzet”, 18 mart 2014) məktubları “səmimiyyətə və əməl birliyinə, anlaşmaya, uyuma verilən böyük dəyər” adlandırır və yanğı ilə Xoşbəxtlikdən həmin məktubların biri yazıldığı tarixdən az qala bir əsr sonra da olsa – 2015-ci ilin aprel ayında tapılmışdır. Azərbaycanın və Türkiyənin ictimai-siyasi, ədəbi-mədəni həyatında parlaq iz qoymuş Əhməd bəy Ağaoğlunun nəvəsi, tanınmış tərcüməçi, istedadlı heykəltəraş və rəssam Təktaş Ağaoğlunun İstanbuldakı mənzilində babasının həyat və fəaliyyəti ilə bağlı sənədləri – qəzet, jurnal, əlyazma, dəftər və kitabları incələyərkən çox qiymətli sənədlərlə, o cümlədən məktublarla rastlaşmışdıq. Əhməd bəy Ağaoğlunun Malta sürgünündən ailəsinə ünvanladığı 20-dən çox məktubu bizdə böyük təəssürat oyatmışdı. Yeri gəlmişkən qeyd edək ki, bizim Əhməd bəy Ağaoğlunun arxiv sənədlərini Bakıya gətirmək məqsədilə İstanbula səfərimiz prof. dr. Əli Yavuz Akpınarın və Azərbaycan mədəniyyətinin yaxın dostu, tədqiqatçı Ömər Özcanın məsləhəti, tövsiyəsi ilə, xalq yazıçısı, baş nazirin müavini Elçin Əfəndiyevin bilavasitə səyi sayəsində gerçəkləşmişdi. Təktaş Ağaoğlunun təmənnasız olaraq bizə verdiyi sənədləri Türkiyədən gətirərək Mlli Arxiv İdarəsinə təhvil verdik.

Təktaş Ağaoğlu bir müddət sonra daha bir neçə sənədi, o cümlədən haqqında bəhs edəcəyimiz məktubu da verməyi qərara almışdı. Həmin məktubu Əli bəy Hüseynzadə 1926-cı ilin aprel ayında İstanbuldan o vaxtlar Ankarada yaşayan əməl, əqidə və ailə dostu Əhməd bəy Ağaoğluna yazmışdı. Vaxtında hər sətrindən sayğı, sevgi və səmimiyyət yağan şəxsi məktub bu gün ictimai, tarixi əhəmiyyət kəsb edir. Tariximizin iki böyük şəxsiyyətinin münasibətlərinə şahidlik edən həmin məktub Bakı sakinlərinin həyat və düşüncə tərzi, şəhərin ictimai-mədəni həyatı haqqında müəyyən təəssürat yaratmaqla yanaşı, həm də maraqlı və sirri açılmamış çoxsaylı suallar doğurur:

– Məktubda Əli bəyin tez-tez adını çəkdiyi Əhməd bəy Ağaoğlunun qardaşı Hüseyn bəyin sonrakı həyatı necə olmuşdur? Bəlkə, sahibkarlığına görə həbs olunmuş, sürgün edilmiş, bəlkə də…

– Əli bəy Hüseynzadənin böyük məhəbbətlə “Çocuq şeir oxuyor, şərqi söylüyor, piano çalıyor, dans ediyor, tiyatro səhnəsində rol oynaya biliyor. Hətta bəzən Bakü xalqına konser veriyor! Bənim üçün pianoda kəmali-sühulət və məharətlə “Cavanlar İttifaqı”nı, “Pedaqoq”u çaldı. Hətta yenə pianoda bir də bir “Segah” dinlətdi. Sonra da “Mustafa Kamal marşı”nı çalaraq eyni anda güftəsini (sözlərini red.) tərənnüm etdi! Bu qız oxuyub-yazıyor da. Bənim xatirə dəftərimə Gültəkin üçün bir şeylər yazdı, – deyə vəsf etdiyi, Ə.Ağaoğlunun qızı Gültəkinlə yaşıd ola biləcəyini güman etdiyimiz Hüseyn bəyin qızı Saranın sonrakı taleyi necə olmuşdur? Heç ola bilməz ki, bu nadir istedadlı qız izsiz-tozsuz yoxa çıxsın!

– Məktubda adı çəkilən və Kiyevdə təhsil alan Baxış sonradan Bakıya qayıtmışdırmı? Doktor Bəhram bəy, öz əli ilə Qarabağ xörəkləri bişirən Yaqub bəy və onun qardaşı kimlərdir?

Oxucular və elmi ictimaiyyət üçün maraqlı olacağı düşüncəsi ilə sirlərlə dolu məktubu olduğu kimi təqdim edirik. Bəzi sözlərin mötərizələrdə verilmiş izahları müəlliflərindir.

 Əzizim Əhməd bəy!

Baküdə bir ay qədər qaldıqdan, gunagun (müxtəlif) müşahidat və intibaat (müşahidələr və təəssüratlar) ilə dolu canlı bir həyat keçirdikdən sonra martın 27-ci cümə ertəsi günü Odessa təriqiylə (yolu ilə) İstanbula avdət etdim (qayıtdım). Yazıq ki, səni burada bulamadım. Bir-iki gün bənim avdətimdən əvvəl sən Ankaraya dönmüş oldun. Yoxsa sənə söyləyəcək pək çox həvadisim var idi. Fəqət məəlməmnuniyyə (məmnuniyyətlə) qəribən (yaxında) təkrar İstanbula gələcəyini xəbər aldım. O zaman ariz və amiq (ətraflı olaraq) qonuşuruz… Baküdə bir kaç dəfələr bəradərin Hüseyn bəylə bürosunda görüşməyə, bir dəfə də xanəsində çoluq-çocuğuyla bərabər paxlavalı, şəkərburalı çay masası ətrafında həsbihala müvəffəq oldum. Aman, Allah bağışlasın, bilsən, nə qədər sevimli çocuqlar! Xeyir, çocuq deyil, cümləsi, kiçik Saradan başqa, yetişmiş, adam olmuş övlad! Yalnız Baxış bəy aralarında yoxdu. Çünki tibb təhsilini ikmal üçün təkrar Kiyev darülfünununa avdət etmiş. Hüseyn bəyin xanəsində keçirdiyim axşam, adəta gözəl bir müsamerei-ədəbiyyə və musiqiyyə (ədəbiyyat və musiqi gecəsi) idi. Bu müsamərənin birinci qəhrəmanı da Hüseyn bəyin 7–8 yaşındakı kiçik qızı Sara idi.

Əhməd bəy, məktubumun bu qismini Gültəkin xanım iyi dinləsin. Hüseyn bəy amcasının bu qızı mükəmməl bir artistdir (это чудо-ребенок / jest un enfant merveille). Çocuq şeir oxuyor, şərqi söylüyor, piano çalıyor, dans ediyor, tiyatro səhnəsində rol oynaya biliyor. Hətta bəzən Bakü xalqına konser veriyor! Bənim üçün pianoda kəmali-sühulət və məharətlə “Cavanlar İttifaqı”nı, “Pedaqoq”u çaldı. Hətta yenə pianoda bir də bir “Segah” dinlətdi. Sonra da “Mustafa Kamal marşı”nı çalaraq eyni anda güftəsini (sözlərini) tərənnüm etdi! Bu qız oxuyub-yazıyor da. Bənim xatirə dəftərimə Gültəkin üçün bir şeylər yazdı. Bunu qoparıb ayrıca yazdığı məktubla bərabər ləffən (məktubla) sənə göndəriyorum. Hüseyn bəyin kəndisi və digər çocuqları da birər məktub yazdılar. Həpsi bu zərfin içindədir. Qəmər xanım Tezərə, Sürəyya xanım da tamamilə ismi gibi Sürəyya xanıma bənziyor.

Baküdə otellərin əksərisi “sosyalizma”dır, yəni Sovet idarəsindədir. Fəqət Hüseyn bəyin əskidən bəri tutduğu xanı kəndisinə buraxmışlar. Hüseyn bəy də bunu təmir edib işlətiyor. Təmirat, kəndisinə bir xeyli məsrəfə mal olmuş (başa gəlmiş). Bundan sonra bir kərə də təmir edəcəyini məmul ediyor (fikirləşir). Ancaq şimdiki halda parasızlıqdan sıxılıyor. Ümidi sənədir. İki bin lirəlik bir sərmayəyə ehtiyacı vardır. Bəndən vəsatət (vasitəçilik) edib söyləmək, səndən də müqtədir olduğun təqdirdə bunun bir çarəsinə baxmaq!

Hüseyn bəy ailəsi əfradıyla (fərdləriylə) bərabər bir də fotoqraf çıxarıb sənə göndərəcəkdi, fəqət fotoqrafcı yetiştirəmədi. Bəlkə sonradan gəlir. Baqi ərzi-ehtiram və salam! Sitarə xanımın əllərindən öpərim. Yaqub bəyin annəsi olan ablasından kəndisinə və cümlənizə salam var. Səhhət və afiyətdədir. Bir gün Yaqub bəy vasitəsiylə bəni öylə yeməyinə dəvət etmişdi. Kəndi əliylə pək nəfis Qarabağ yeməkləri bişirmişdi. Yaqub bəyin və bəradərinin də halı iyidir. Hərkəs kəndisindən məmnundur. Doktor Bəhram bəy də salam ediyor. O da bir gün bizə bir ziyafət verdi. Hüseyn bəy də bulundu. Bu ziyafətdə bir çox “bolşevik-kommunist” Azərbaycanlılarla bərabər sənin də şərəfinə badənuş olduq…

Ədhiyə ilə Afəs, cümlənizə ərzi-hörmət və salam edirlər və Gültəkinin, Səmədin, Tezərin, Sürəyyanın gözlərindən öpürlər. Əbdürrəhmana məktub yazarkən bizlərdən də salam yazmağı unutmamalarını rica edərlər, əfəndim.

Mühibbin Hüseynzadə Əli

Baküdən bir kartpostal (açıqca) göndərdimdi, bilməm aldınızmı?

Feyzavər, Məhməd və Səidə cümlənizin əllərindən və gözlərindən öpərək ərzi-salam və ehtiram edirlər.

Pərşəmbə (cümə axşamı), 1 nisan (aprel) 1926, İstanbul

Müəlliflər: Abid Tahirli, Mehdi Gəncəli