“Füyuzat” fəaliyyətinin birinci mərhələsində (1906–1907) təkcə ədəbi yox, həm də böyük maarifçilik məktəbinin əsasını qoydu. Bu maarifçilik məktəbi artıq on doqquz ildir ki, qığılcımlarından yenidən alovlanıb. Fədakar aydınların sayəsində hazırda fəaliyyətini davam etdirən məktəb (məhz məktəb!) həm də maarifçilik ocağı funksiyasını uğurla yerinə yetirir. Maarifçilik – bir ideya, fəlsəfi kateqoriya kimi insanlarda iti düşüncə, sağlam təhlil və tənqid, yenilikçi ideyaların ümumiləşdirilmiş formasıdır. Bu forma öz məzmununu təhsil prosesi, məktəb mühiti, bir sözlə tədrisin, öyrədici funksiyanın olduğu hər yerdən bəhrələnərək daha da zənginləşdir. Odur ki “Füyuzat” maarifçilik məktəbi zaman-zaman cəmiyyətə həm də təhsilin, tədris mühitinin sağlam düsturlarını təqdim etmiş, bunu özündə əks etdirən yazılar, əsərlər həm jurnalın bütün nömrələrində, həm də füyuzatçıların ayrı-ayrı kitablarında əksini tapıb.
Füyuzatçıların təhsil sahəsində cəmiyyətə ötürmək istədiyi düsturları bir neçə kateqoriyaya bölmək mümkündür. Amma aid olduğu kateqoriyadan asılı olmayaraq bütün düsturların əsas missiyası keçmişin ziya işıqları ilə indinin, müasir dünyanın zehni üstünlüklərini dostlaşdırmaq və fərdin bu sintezdə özünü tapması olub. Füyuzatçıların təhsil, maariflə bağlı dünyagörüşlərində modern dəyərlərin mütləq şəkildə milli yaddaşın işıqlı zərrələri ilə əlaqələndirilməsi əsas qayələrdən idi.
Füyuzatçıların təhsillə bağlı təqdim etdiyi yazılarda (daha doğrusu, bu günümüz üçün təklif olunan düsturlarda) yeni tipli məktəb, təhsilin məzmunu, təlim-tərbiyə vasitələri, böyüməkdə olan nəslin təhsili, eləcə də ana dili və onun tədrisi barədə mövqeyi kimi baxışlar yüksək pedaqoji peşəkarlıqla əks olunub.
“Füyuzat” maarifçilik məktəbinin (və onun əsas ideya bankı olan eyniadlı jurnalın) təqdim etdiyi təhsil düsturları həm də cəmiyyət üçün bir növ, “maarif, intellektlə terapiya, biliklə sağalma” kimi müalicə metodları hesab oluna bilər. O səbəbdən də biz təhsil düsturlarını böyük asanlıqla həm də təhsil reseptləri kimi də dəyərləndirə bilərik. Bu düsturları (həm də reseptləri) aşağıdakı formada sistemləşdirmək olar:
I qrup: Maarifçiliyin tərəqqisi və bunun fonunda milli oyanışın formalaşdırılması metodlarını özündə cəmləşdirən düsturlar. İnsanlarda milli oyanışla birlikdə, həm də ruhsal, mənəvi dirilişin konturlarını cızan bu düsturları bir riyazi metodla bu cür ifadə edə bilərik:
Milli birlik + mənəvi dirilik = maarifçi tərəqqi
Qeyd edək ki, yuxarıda əksini tapan düstur müəllifin subyektiv yanaşmasına söykənir və təhsil yönümlü yazıların ümumiləşdirilmiş təsvirinin ifadəsi olaraq təqdim olunur. Həqiqətən də, “Füyuzat” səhifələrindəki təhsildən, məktəbdən bəhs edən məqalələrin son hədəf nöqtəsi milli ruhlu, mənəviyyat aşiqi, o cümlədən qlobal, modern düşüncəli fərdə gedib söykənirdi. Böyük aydın Əli bəy Hüseynzadənin ideya müəllifi olduğu üçrəngli şanlı bayrağımız da məhz bu dəyərlərin ümumi məcmusunu özündə əks etdirir. “Füyuzat” da fəaliyyət göstərdiyi qısa müddət ərzində (burada söhbət, jurnalın birinci baharından gedir) cəmiyyətin hər bir uğurlu fərdinin şüurunda, ruhunda məhz bu dəyərləri “əkməklə” məşğul idi.
Bu düstur qrupuna aid yazılarda füyuzatçılar təhsili cəmiyyətin tərəqqisinin başlıca şərti kimi təqdim edərək xilas yolları kimi cəhalətin, keçmişin qalığı olan zehniyyətin sərhədlərini aşmağın yollarını, elmə və biliyə istiqamətlənmənin üsullarını göstərirdilər.
II qrup: Avropa və Şərq təhsilinin sintezi, əlaqələndirilməsi. “Füyuzat”ın təhsillə bağlı yanaşmasında bir meyar hər zaman qırmızı xətt kimi gəlib keçib. Bu xətt Avropanın modern düşüncəsi, rasional yanaşma tərzi, konkret məntiqi mühakiməsi ilə Şərqin proseslərə fəlsəfi, metafizik baxışı, irrasional davranış tərzi arasındakı balansı ustalıqla qoruyurdu. Hətta onları bəzən bir-biriləri ilə uğurla sintez edərək tam fərqli və fərqli olduğu qədər də milli, milli olduğu qədər də beynəlmiləl düşüncə sisteminə malik fərdin formalaşmasının metodlarını təqdim edirdi:
Avropa rasionalizmi = iti məntiq, konkret mühakimə, sistemlilik; (A)
Şərq irrosionalizmi = fəlsəfi düşüncə aspekti, metafizik mühakimə, bilikdən ruhsal bağlantı ilə pilləvari hərəkət; (B)
A+B = İntellektual fərd
Düsturdan da göründüyü kimi, “Füyuzat”ın İF-i (İntellektual fərdi) hər iki qütbün bir çox dəyərlərini özündə cəmləşdirərək düşüncənin sırf Azərbaycana və azərbaycanlıya məxsus yeni formasının daşıyıcısına çevrilmişdir.
“Füyuzat”da bu düstur qrupuna aid olan yazılarda Avropa təhsil modelləri nümunə göstərilir, onların tətbiqi milli mühitə uyğunlaşdırma prosesindən sonra təklif olunur. İslam dünyasının elmi-mədəni irsi ilə müasir elmin uzlaşdırılması ideyası bu qrupa aid materiallarda ustalıqla irəli sürülür.
Qeyd edək ki, “Füyuzat” jurnalının baş redaktoru Əli bəy Hüseynzadənin millətin tərəqqisi naminə Avropa elm, təhsil və mədəniyyətinin əsas nailiyyətlərinin, ümumbəşəri dəyərlərinin öyrənilməsi, bu zaman xalqımızın “onların beyinlərini həzm etməsi, fəqət mədələrində həzm olunmaması” barədə işıqlı ideyaları bu gün Avropa təhsil məkanına inteqrasiya yolunu tutmuş Azərbaycan təhsilinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu həm də Əli bəy başda olmaqla, bütünlüklə “Füyuzat” məktəbinin modern (və gələcək!) təhsilimizdəki faydalılığının nə qədər döyük olduğuna nümunədir.
Əli bəy Hüseynzadənin təhsillə (həmçinin elm və maariflə) bağlı səsləndirdiyi düstur-cümlələr… (Bəli, bəli, dərindən baxsaq, bu cümlələrin hər birinin dünən, bu gün və gələcək üçün irəli sürülən xilas düsturları olduğunu görə biləcəyik)
- “Türk xalqları birinci dövrdə qılıncla, ikinci dövrdə dinlə parlamışdırsa, indi isə, yəni üçüncü dövrdə (XX əsrdə) elm və biliklə parlamalıdırlar… Bizə qılınc deyil, əhli-maarif lazımdır!”;
- “Maarif, ittihad (milli birlik ), hürriyyət (azadlıq)! Nə qədər gözəl nemətlər! Bunları unutmayalım! Çünki əsl nicat bu üç qüvvətdədir…”
- “Bizim özümüzə məxsus daha layiq, daha şanlı bir vəzifeyi-mücahidəmiz vardır ki, o vəzifə də zülməti-qəflətdə bulunan külliyyəti-avam arasında nuri-maarifi əkməkdir”;
- Bilgi… və elm lisan (dil) ilə olur. Bir əcnəbi lisanında dəxi elm təhsil oluna bilər. Fəqət bu surətlə təhsil olunan elm məhdud fərdlərin beynində qalır. Millətin əksəriyyəti arasında yayılmır. Elm və maarif əksəriyyət beynində inkişaf etmək üçün lazımdır ki, millətin öz ana dili maarif təhsilinə alət (vasitə) olsun…;
- Avropa elminə, maarifinə, ədəbiyyatına, sənət və sənayesinə bələd olmağa və millətimiz beynində yaymağa çalışmalıyız…”;
- Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, elm və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyirik,, özlərinə deyil! Biz istəyirik ki, islam ölkəsinə onların beyinləri girsin, boğazları, mədələri girməsin. Biz istərik ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində həzm olunmasın …” və s.
Yuxarıda təqdim olunan və Əli bəyə məxsus cümlə-düsturlarda ümumən “Füyuzat” dərgisinin təhsilə aid bütün konseptual yanaşmaları, bütün düstur qruplarına aid meyarlar sistemləşdirilib.
Əli bəy Hüseynzadə bir yandan “Füyuzat” jurnalının səhifələrində Qərb və Şərq fəlsəfəsinə, tarixinə, ədəbiyyatına aid çoxlu məqalələri çap etdirir, digər tərəfdən də Şekspirin “Yuli Sezar”, Hötenin “Faust” əsərindən tərcümələri cəmiyyətə təqdim edirdi. O, Şərqin görkəmli fikir adamları, bilgilərinin idrak pəncərəsini həm də rus alimi Mendeleyev haqqında yazı hazırlamaqla modern elmin üzünə açırdı.
Bütün bunlar həm də onu göstərir ki, Əli bəy Hüseynzadə başda olmaqla, bütünlüklə “Füyuzat” jurnalı Azərbaycanın milli təhsil və pedaqoji fikir tarixinə ciddi mənada çox müsbət təsir göstərib. “Füyuzat”ın zamana sığmayan bu dəyərli töhfələri tərəqqi və oyanışda, mədəni yüksəlişdə xüsusi rola sahib olmuşlar. Bu düsturların son nöqtəsi həm də onu göstərir ki, maarif, təhsil, elm və mədəniyyət həm də istiqlala, milli özünüdərkə aparan yolun konturlarını özündə cəmləşdirən əsas elementlərdir.



