Odqoruyanlar
Artıq 19 ildir ki, “Füyuzat” jurnalı yenidən çap olunmaqda, zehinlərə, ruhlara maarif işığını hopdurmaqdadır.
Böyük Əli bəy Hüseynzadə və məsləkdaşlarının min bir zülmlə araya-ərsəyə gətirdiyi, cəmi bircə ilin içində (1906-cı il 1 noyabr–1907-ci il 1 noyabr) az qala, 100 illik yolu qət edən, özünə qayıdış iksirini əsrlərin dərinliyindən alaraq xalqa yenidən qaytaran “Füyuzat” jurnalı nə yaxşı ki, 2007-ci ilin bu günündə yenidən öz külündən, daha doğrusu, qığılcımından alovlanmağa başladı.
“Füyuzat” və füyuzatçılar, eləcə də “Füyuzat” ədəbi məktəbinin təsiri altında yaranan bütün nəşrlərin işığı, qığılcımı, əslində, hər zaman diri qalıb. Özləri cismən olmasalar da, ən qısa müddət ərzində qığılcımlarını insanların şüuruna yerləşdirməyi yüksək səviyyədə bacara bilmişdilər. Bu işin ən yüksək peşəkarı isə, sözsüz ki, “Füyuzat” jurnalının özü olub. Əli bəy Hüseynzadə və komandası cəmi bircə ilin içində qaranlıq şüurlara elə qığılcımları səpələmişdi ki, onların öləziməsi, yoxluğa doğru yuvarlanması sadəcə mümkün deyildi. O qığılcımları bir araya gətirib yenidən alovlandırmaq, yeni bir alov yaratmaq lazım idi ki, Milli İrsi Mədəni Araşdırmalar Fondu (MİMTA) 19 il bundan əvvəl bunu etdi; “Füyuzat” durduğu yerdən, 32-ci nömrədən sonra yenidən nəşr olunmağa, 33-cü şöləsini yaymağa başladı. O gündən bu günə – düz 19 ildir ki, MİMTA Fondu, jurnalın yaradıcı heyəti həmin odu qorumaqla məşğuldurlar. Kənardan bu proses yazılar yazmaq, dərgi buraxmaq kimi görünə bilər, amma ona yaxından baxanda, incələyəndə həmin şəxslərin 19 ildir ki, od qorumaqla məşğul olduqlarını və bu yolda bəzən lazım gəldikdə özlərini də közə çevirdiklərini asanlıqla görə bilərlər. Artıq 19 ildir ki, Pərviz Əmirov, Kənan Şabiyev, Samir Ramizoğlu, Əsəd Aslanoğlu başda olmaqla aralarında gənclərin çoxluq təşkil etdiyi heyət odu az qala, kirpiklərini ilə qorumaqdadırlar… Burada deyərlər, alovunuz heç zaman sönməsin, əziz od qoruyanlar…
Çovğunlu yollarda cığıraçan
Sosial şəbəkələrdə çox yayılan, məşhur bir foto var: yaşlı nənə, azyaşlı məktəbli nəvəsini şal ilə belinə bağlayaraq, meşə yolu ilə, eniş-yoxuşları qalxıb-düşərək məktəbə doğru aparır. Havanın qarlı-boranlı olması rəssam məhsulu deyil, həqiqi fotoya köçürülən bu mənzərəni bir az da simvollaşdırır: nənəsinin belində çiynində məktəbli çantası olan nəvə həm də həyatın qar-sazağının üzərinə də məhz bu dəstəyin sayəsində gedir.
Təhsili bir kadrla ifadə edən, onun missiyasını üzə çıxaran çox gözəl nümunədir. “Füyuzat” jurnalı da çap olunduğu 1906–1907-ci illərdə (elə bu gün də!) bir növ o fotodakı yaşlı insanın işini görüb: bizləri çovğunlu havada, sərt yollarda sırtına alaraq min bir zülümlə xilasa doğru aparıb. “Füyuzat” üçün təhsil, məktəb öz mahiyyəti və missiyası ilə həm də xilasın özü olub. Amma təkcə xilasın yox, “Füyuzat” fəlsəfəsindəki təhsil, maarif, məktəb faktoru həm də özünəqayıdışın, özündərkin düsturlarını hazırlayan, onları cəmiyyət üçün açan, isbatlayan proses olub. “Füyuzat”ın hər nömrəsində təhsil, təlim-tərbiyə, məktəb məsələlərinə əbəs yerə toxunulmayıb. Millətə özünüifadənin şifrlərini əbədi bayraq üzərindən açan nəhəng Əli bəy Hüseynzadə təhsilə də cəmiyyətin xilas düsturu kimi baxıb.
Bu şifrələr isə xalq, millət, hətta onun zərrəsi olan hər fərd üçün vacib olan çox vacib kodekslərin açımına səbəb olacaqdı. Həmin kodekslərə misal olaraq biz bunları göstərə bilərik: özündərk, milli yaddaşa qayıdış, milli birliklə mənəvi diriliyin oyanışı, genetik kodları saxlamaqla modern üstünlüklərin tətbiqi, hürr insan – azad millət düşüncəsinin yayğınlığı və s.
“Füyuzat”ın nəzərində təhsil həm də bu demək olub. Fərd özünün genetik kodlarından tuta-tuta, şüuraltındakı milli yaddaşa söykənə-söykənə milli zərrəyə çevrilir. Bu cür milli zərrələr də öz növbəsində milləti var edir. “Füyuzat” gözündə isə təhsil bu yolların yorulmaz bələdçisi idi…
Düsturlar…
“Təlim necə aparılmalıdır?”– sualına cavab verməzdən əvvəl “təlim üçün nələr lazımdır?” – sualına çavab axtaran “Füyuzat”çıların gəldikləri nəticələr təhsilin demokratikləşdirilməsinə xidmət edirdi: müasir ruhlu məktəb, yeni dövrün ab-havasını anlayan bilikli, savadlı müəllim, yeni və sağlam məzmunlu dərslik və tədris-metodiki kitablar, müasir məzmun və mündəricəli mütaliə mənbələri, oxu materialları və pedaqoji mətbuat” (Mənbə: Həsənova Könül, “Füyuzat” jurnalında təhsil-tərbiyə məsələləri”).
Az öncə də dediyimiz kimi, “Füyuzat”çıların təhsil sahəsində cəmiyyətə ötürmək istədiyi düsturlardan biri də keçmişin ziya işıqları ilə indinin, müasir dünyanın zehni üstünlüklərini dostlaşdırmaq və bu sintezdə özünü tapmaq idi. Onlar modern dəyərləri mütləq və mütləq milli yaddaşın işıqlı zərrələri ilə əlaqələsində faydalı hesab edirdilər.
“Füyuzat”çıların təhsillə bağlı təqdim etdiyi yazılarda (daha doğrusu, bu günümüz üçün təklif olunan düsturlarda) yeni tipli məktəb, təhsilin məzmunu, təlim-tərbiyə vasitələri, böyüməkdə olan nəslin təhsili, eləcə də ana dili və onun tədrisi barədə mövqeyi kimi baxışlar yüksək pedaqoji peşəkarlıqla əks olunub.
“Füyuzat” səhifələrində bunlarla yanaşı, təhsillə tərbiyənin vəhdəti, tədris amilində sosial mühitin, ailənin və qadın tərbiyəsinin rolu, o cümlədən milli özünüdərk, vətənpərvərlik və hürriyyət tərbiyəsi kimi çox incə məqamlara da tez-tez rast gəlmək mümkündür.
“Füyuzat”ın bir çox yazarları öz məqalələrində həmin düsturları yüksək peşəkarlıqla hazırlaya bilmişlər: Məhəmməd Hadi Əbdüssəlimzadənin “Almaniyada darülməlulin”, “Dövri-mədəniyyət”, “Amerikada üsuli-təlim və tərbiyə”, Həsən Səbri Ayvazovun “Təlimi-ətfal məsələsi” “Çində asari-tərəqqi”, Qari ibn Tacəddinin “Ümid”, Əhməd Kamalın “Bolqarıstan”, “İsbati-iştibah” adlı məqalələrində biz bu düsturları çox görə bilərik.
“Füyuzat” jurnalı nə yaxşı ki, yenə də cəmiyyətə bu kimi xilas düsturlarını yaymaqdadır. Buna görə də bir daha artıq 19 ildir ki, bu alovu yenidən şölələndirərək sönməyə qoymayan fədakar od qoruyucularına ürəkdən təşəkkürlər və təbriklər…



