Hər insanın qəlbinin dərinliklərində sükuta qərq olmuş çox sirlər yatır. Bu sirlər, adətən, söylənə bilməyən, boğazda düyünlənib ifadə olunmayan kəlmələrin içində gizlənir. Nəticədə onların varlığından kimsə xəbərdar olmur, olsa belə, yükünü daşımağa hər kəsin gücü yetmir. Beləcə, o sirlər səssizliyə bürünərək qəlbin ən gizli və ən məhrəm guşəsində özlərinə sığınacaq tapır. Onların anlam və ağırlığını isə yalnız bu sirləri qəlbində daşıyanlar bilir.
Sirr elə qəribə bir məfhumdur ki, bəzən insanın içində sakit çaylar kimi aramla axar, bəzən isə onu fırtınalı dənizin ortasında yelkənsiz gəmi kimi dalğaların qəzəbinə məruz qoyar. Bəzən sahibinin qəlbini bahar çiçəkləri kimi ümid və sevinclə doldurar, bəzən də görünməzliyinə baxmayaraq, insanın sinəsində dağtək ağır bir yükə çevrilər.
Sirr insanın sevgisini, etibarını, xüsusilə də iradəsini sınayan incə meyardır. Bu həyatda kimisi güvəndiyi bir insana ürəyini açıb sirrini əmanət edir, kimisi də başqasının sirr yükünü öz qəlbində daşıyır. O, insan üçün həm mənəvi yük, həm də ağır bir imtahandır. Hikmətin sükutla yoğrulduğu çağda İmam Əli ibn Əbu Talib (ə) zamanları aşan bir kəlamla sirri belə ifadə etmişdir: “Sirri qoruyub saxlamaq iradə imtahanıdır. Bu imtahandan keçə bilməyən insan həyatda heç bir sınaqdan keçə bilməz”.
İnsanın qəlbindəki sirr torpağa basdırılmış toxum kimidir. Toxum qaranlıq torpağın altında gizli həyat sürür və onun nə vaxt, necə cücərəcəyindən heç kimin xəbəri olmur. Zamanı çatanda isə torpağın sərt sinəsini yarıb üzə çıxır, gözoxşayan çiçəyə, yaxud ləziz meyvəyə çevrilir. Əgər o toxum vaxtından əvvəl torpaqdan çıxarılsa, zərər görüb quruyar, çürüməyə məhkum olar. Sirlər də belədir, yanlış zamanda və ya əhli olmayan adamlara açılarsa, insana ziyan və peşmanlıq, hətta fəlakət belə gətirər.
Sirr insan qəlbinin dərinliklərində gizlənən xəzinədir. Gizli qaldıqca həm daha dəyərli olur, həm də böyük gücə çevrilir. Ləl-cəvahirat çox vaxt mədənlərin dərinliyində sirr kimi gizlənir və təbii halı ilə formalaşaraq qiymət qazanır. Onların əsl qiyməti məhz bu gizliliyin qorunmasındadır. Mövlana Cəlaləddin Rumi bu həqiqəti necə də gözəl ifadə edir: “Qızıl və gümüş torpağın dərinliklərində gizli qalmasaydı, hər kəsin əlində olsaydı, heç vaxt bu qədər dəyərli olmazdı”.
Eyni zamanda, sirr sahibini qoruyan bir növ görünməz sipər olur. Lakin o sirr bircə dəfə başqalarının əlinə keçsə, artıq sahibi üçün ciddi təhlükəyə çevrilir. Məhz buna görə də vəlilər sultanı Həzrət Əli (ə) belə buyurur: “Sirrini gizlətdikcə əsirindir, açıb danışdınsa, artıq sən onun əsirinə çevrilərsən”.
Sirlərin içərisində elələri var ki, onlar yalnız bir şəxsə aiddir. Bununla yanaşı, bir ailənin taleyini, bir ocağın namus və ləyaqətini qoruyan sirlər də var. Hətta bir xalqın şərəfini, bir millətin izzətini qoruyan daha böyük sirlər də mövcuddur. İnsanın şəxsinə aid sirrin açılması onun etibarını zədələyib qüruruna ləkə gətirər. Bir ailənin sirrinin aşkara çıxması həmin ocağın odunu söndürər. Habelə millətə aid sirlərin ifşa olunması da xalqın sinəsinə saplanmış xəncər, milli qüruruna vurulmuş ən ağır zərbə olar…



