“Başqalarından üstün olmağınız önəmli deyil.
Mühüm olan dünənki halınızdan üstün olmağınızdır…”
M.C.Rumi
Qızılı qızıl, kömürü də kömür edən kimyəvi tərkibi olduğu kimi, insanı da insan edən onun müsbət xüsusiyyətləridir. Biz sevgini, mərhəməti, sədaqəti, ədaləti, dürüstlüyü, məsuliyyəti ülvi dəyər kimi qəbul etsək də, təəssüf ki, bunların bir çoxunu həyatımıza hakim edə bilmirik. Məhrum qaldığımız dəyərlərdən biri də çox vaxt arxa plana atdığımız, “zəmanənin tələbi”nə görə unudub gözardı etdiyimiz təvazökarlıq xislətidir. Qəlbin nəzakəti adlandıra biləcəyimiz bu dəyər əxlaqımızı gözəlləşdirən, mənəvi cəhətdən bizi tərəqqi etdirən, kamillik zirvəsinə ucaldan ülvi keyfiyyətdir.
İnsanın müsbət və mənfi cəhətlərini görməsi, mənəm-mənəmlik iddiasından əl çəkib Yaradanın nəhayətsiz böyüklüyü qarşısında öz kiçikliyini idrak etməsi, məqamından asılı olmayaraq özünü başqalarından üstün tutmaması təvazökarlığın əsas əlamətləridir.
Təvazökarlıq – yerli-yersiz özündən bəhs edib öyünməmək, həddini bilmək, özünü başqalarından dəyərli görməməkdir…
Təvazökarlıq – səhv və nöqsanlarını qəbul edib özünü yeniləməyi bacarmaqdır. Başqalarının fikir və tövsiyələrinə açıq olmaqdır…
Təvazökarlıq – mənfəət güdmədən yardım etmək, şəfqətli davranmaq, başqalarına təşəkkür etməyi bacarmaqdır…
Təvazökarlıq…