Ömür karvanımızın səfərə çıxdığı gün bizə bəlli olsa da, mənzilbaşına çatıb-çatmayacağımız heç birimizə məlum deyil. Bu uzun səfər müddətində ixtiyarımızda olan yeganə sərmayəmiz məhdud zamandır. Bu sərmayədən isə gələcək haqqında planlar qurub onları həyata keçirmək üçün yararlanmağa çalışırıq. Amma çox vaxt həmin planların böyük bir qismini gerçəkləşdirməyə macal tapmadan bu dünyaya əlvida deməli oluruq. Bəzən istəklərimizin arxasınca getdiyimiz yollar bizi heç də arzuladığımız ünvanlara aparmır. Bir gün baxırıq ki, fani dünyanın bu keşməkeşli yollarından ayrılıb əbədiyyətə doğru yol almışıq.
Amma yaşadığımız bu dünyada bizə səmərəli və faydalı ömür sürmək üçün saysız-hesabsız imtiyazlar və imkanlar bəxş edilib. Bu imkanlardan doğru şəkildə yararlananlar, insanlıq naminə iz qoyanlar bu gün cismən aramızda olmasalar da, əməlləri ilə yaşayırlar. Heç bir barmaq izinin belə təkrar olunmadığı bu dünyada heç kimin də təkrarının olmaması nə qədər ibrətamiz və düşündürücüdür.
Hər bir insana həyatda öz yerini tapmaq və təyin etdiyi istiqamətdə addımlamaq üçün məhdud və dəyərli bir zaman verilir. Lakin biz çox vaxt başqalarının əlindəki imkanlara göz dikib onlarla özümüz arasında müqayisə aparmaqla məşğul olduğumuz üçün öz ömrümüzün boş qalan yerini görmürük. Beləcə, bizə məxsus olan gözəlliklərdən uzaq düşür, bihudə bir həyat sürürük.
İnsan kiminsə kölgəsində yaşamaqdansa, öz gövdəsinə söykənən uca bir çinar kimi budaqları ilə kölgə salmağı bacarmalıdır. Çünki həyatda güclü olanlar başqalarının yolu ilə deyil, öz cığırları ilə irəliləyənlərdir. Bu cığırlarda ondan öncə yürüyənlər isə insanlığa faydalı izlər qoyanlardır. Onlar yaxşı bilirlər ki, məhz həyat marafonunda finişi məqsəd seçənlər və bu yolda maneələrə ilişib qalmayanlar hədəfə çatarlar.
Hər kəsi qınayan, öz bacarıq və istedadını inkişaf etdirməyi arxa plana atan, başqalarının uğuruna paxıllıq edən kəs isə öz kökünə balta vurur və nəticədə üzüüstə yerə sərilir.
Bu həyat nağıllar aləmi deyil ki, başqasının həyatını oxuyub sehrinə qapılasan. Həyat hər kəsin yalnız özünün yaşaya biləcəyi, həqiqətə aparan bir yoldur.
İnsan özünü sadəcə bir zərrə deyil, bütöv aləmin ayrılmaz parçası kimi dərk edib yaşadıqda ətrafındakı zülməti də nura çevirə bilər. Bu haqda “Füyuzat”ın ölməz səsi bizə belə çağırış edir:
“Bir işıq da sən yandır. Əvvəl qəlbini işıqlandır, oradan zülməti, kini, nifrəti, mərhəmətsizliyi qov! Ora sevgi, şəfqət, mərhəmət və ən ali hissləri yerləşdir. Sonra o işığı ətrafa yay. Ətrafdakılara, insanlara sevgi bəxş et. Bu işıq kədərli çöhrələrə təbəssüm, çətinlikdə olanlara şəfqət, mərhəmət saçsın. İşıqlılar işıqlandırar – aydınladar. Aydınlıq gözəlliklər gətirər – gözəlliklər göstərər. Aydınlıq səni faydalı olanlardan edər – insanlıq üçün, vətən üçün. Aydınlıq səni sonu aydın və işıqlı olanlardan edər. Bir işıq da sən yandır…”
Demək, belə bir insan yalnız işığı axtarmaqla kifayətlənmir, özü də işıq olmağa, işıq saçmağa çalışır. Təkcə doğru yolu aramır, özü doğru yol olur.
Yolu düzgün yürümək istəyən öncə doğru düşünməyi, doğru danışmağı öyrənməlidir. Yol bir-birini izləyən sadə addımlarla qət edilir; o sadəliyi, doğruluğu həyatımıza yenidən gətirməliyik ki, izimizdən yürüyənlər yollarda azıb qalmasınlar. Bu səbəbdən “Füyuzat” yol qədər yolda doğru qala bilməyin də əhəmiyyətinə diqqət çəkir.
Dərgimizin bu sayında dəyərli araşdırmaçı-yazar Muxtar Cəfərli “Cığırlarda qoyduğumuz izlər” adlı yazısında bu həqiqətə diqqət çəkərək qeyd edir:
“Biz yaradılışdan etibarən özümüzə xas dəyərlərə malik varlıqlarıq. Hər birimizin varlığı Yaradanın bizə bəxş etdiyi misilsiz nemətdir. Sanki Uca Yaradan hər birimizə belə xitab edir: “Sən çox dəyərlisən. Bu dünyanı sənin üçün yaratmışam, sənsiz bu dünyanın mənası yoxdur”. Lakin biz çox vaxt bu həqiqəti ya unuduruq, ya da gözardı edirik. Özümüzü həqiqi mənada dəyərli bilmək əvəzinə, “önəmli” görünməyə çalışır, zahiri uğurlarla, məqam və alqışlarla dəyərimizi təyin etməyə cəhd göstəririk”.
Yolda doğru yürümək həyatımızın da həqiqi dəyərini təyin edir. Yolu, yoldaşı, varılacaq hədəfi dərk edən insan çağının və gələcək nəsillərin yolunu işıqlandıran bir çırağa çevrilir. Belə insanlar aydınlığı ilə könüllərdə əbədi yaşamağı bacarırlar.
Hər kəsə bir gün dönüb arxaya baxanda “nə yaxşı ki doğru cığırla getdim” deyə biləcəyi mənalı və gözəl izli bir ömür yaşamağı diləyirik.



