Tarix Xəbərlər

İki rəssam – Bir məscid

Bolşeviklərin dağıtdığı Bibiheybət məscidi alman sənətkarların gözü ilə

XX əsrin əvvəllərində Bakı əcnəbiləri yalnız neft qoxusu və sənaye inkişafı ilə deyil, həm də qədim tarixi və özünəməxsus Şərq koloritilə cəlb edirdi. Məhz bu maraq iki görkəmli fırça ustasını – Olaf Viqqo Peter Lanqer və Rixard-Karl Zommeri şəhərə gətirdi. Onlar Bakıya cəmi bir il fərqlə gəlsələr də, hər ikisini ortaq bir məqam birləşdirirdi: sonradan yox olmağa məhkum ediləcək nadir memarlıq incisini kətan üzərində əbədiləşdirmək.

Olaf Viqqo Peter Lanqer (1860–1942)

Məşhur danimarkalı-alman mənzərə rəssamı Leypsiqdə tanınmış qravür ustası Hans Peter Hansenin ailəsində anadan olmuşdur. 1877-ci ildə Kopenhagen Kral İncəsənət Akademiyasını bitirmiş, daha sonra Danimarka kralının saray rəssamı adına layiq görülmüşdür. Avropa boyakarlıq məktəbinin klassik nümunələri sayılan əsərləri bu gün Kopenhagen Bələdiyyə binası, Kral Teatrı və dünyanın müxtəlif nüfuzlu şəxsi kolleksiyalarında qorunur.

Rixard-Karl Zommer (1866–1939)

Alman əsilli görkəmli orientalist və batalist rəssam, Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasının məzunudur (1893). Zommer Tiflis İncəsənət Cəmiyyətinin qurucularından biri olmuş, fəaliyyətinin böyük hissəsini Qafqaz və Orta Asiyanın tədqiqinə həsr etmişdir. Yorulmaz etnoqraf kimi çoxsaylı ekspedisiyalarda iştirak edərək Şərqin getdikcə kətan üzərində əbədiləşdirmişdir. Onun irsi hazırda Azərbaycan, Rusiya, Gürcüstan və Özbəkistanın dövlət muzeylərinin qiymətli eksponatlarındandır.

Bibiheybət məscidi: tarix və rəvayət

Məscid XIII əsrin sonlarında Şirvanşah II Fərruxzadın göstərişi ilə məşhur memar Mahmud ibn Səəd tərəfindən inşa edilmişdir. Bəzi tədqiqatçıların fikrincə, hökmdar daha qədim bir ibadətgahın yerində ya yeni bina ucaltmış, ya da mövcud tikilini əsaslı şəkildə bərpa etdirmişdir.

Məscidin yeri təsadüfi seçilməmişdi: bina Həzrət Muhəmməd Peyğəmbərin (s.ə.s) nəslindən olan Musa əl-Kazımın qızı Həkimə xanımın məzarı üzərində ucaldılmışdı. Rəvayətə görə, IX əsrin əvvəllərində xəlifə təqiblərindən qaçan Həkimə xanım Bakıya sığınmışdı. Sürgün illərində onun sadiq xidmətçisi olan Heybət də burada dəfn olunub. “Bibiheybət” adı mənşə etibarilə “Heybətin bibisi” deməkdir. Sağlığında böyük ehtiram qazanan Həkimə xanımın məzarı vəfatından sonra ziyarətgaha çevrilmiş, zamanla üzərində türbə və məscid tikilmişdir.

Məkan əsrlər boyu bölgənin mühüm mənəvi mərkəzi olmuşdur. Kompleksin son bərpası 1911-ci ildə tamamlanmış, lakin cəmi 25 il sonra – 1936-cı ildə sovet hakimiyyətinin din əleyhinə kampaniyası çərçivəsində bolşeviklər tərəfindən partladılaraq tamamilə dağıdılmışdır. Yalnız müstəqillik dövründə, 1999-cu ildə məscid öz tarixi yerində yenidən inşa edilmişdir.

İki rəsm – iki şahid

Viqqo Lanqer və Rixard Zommer məscidi dağıdılmasından bir qədər əvvəl, öz orijinal əzəməti ilə görməyə nail olmuşdular.

Viqqo Lanqer 1911-ci ildə Bakıda olarkən məscidin mənzərəsini təsvir etmişdir. Qızılı işıq çalarları ilə zəngin olan bu əsərdə məscidin qədim daş divarları Abşeronun sərt təbiəti fonunda təsvir olunur və mənzərəyə xüsusi dramatizm qatır.

Rixard Zommer isə məscidi 1912-ci ildə təsvir etmişdir. Onun əsəri ziyarətgah ətrafındakı gündəlik həyatın ab-havasını, işıq və kölgə oyununu incəliklə əks etdirən parlaq etnoqrafik sənəddir.

Bu tablolar sadəcə boyakarlıq nümunəsi deyil, ondan daha böyük məna kəsb edir. Onlar Azərbaycanın itirilmiş mədəni irs abidəsini ustad sənətkarların gözü ilə görmək üçün nadir bir imkandır.

Fotolar:

1. Olaf Viqqo Peter Lanqer. “Şıxov məscidi”, 1911-ci il (masterart.com).

2. Rixard-Karl Zommer. “Bakıda məscid”, 1912-ci il (christies.com).