Füyuzat 142

İrəvanda qalan izlərimiz

Böyük və ya kiçik olmasından asılı olmayaraq hər şəhərin öz ruhu var. Bu özünəməxsusluğu, təkrarolunmaz ruhu yaradan səbəblər isə çox sadədir: şəhərin memarlıq kompozisiyalarını yaradan və orada yaşayan insanlar.

Tarixin gedişatında bəzi şəhərlər işğal olunub abidələri dağıdılsa, əhalisi qovulsa da, onların özünəməxsus ruhu qalır, onu məhv etmək, yaddaşlardan silmək mümkün olmur…

Dünyadakı bütün qədim şəhərlər öz tarixi mərkəzi ətrafında formalaşıb. Fərqli-fərqli ölkələrdə bu tarixi mərkəzlər müxtəlif cür adlandırılır. Məsələn: Londonun tarixi mərkəzi “city”, Almaniyadakı şəhərlərdə “altstadt”, orta əsr Şərq şəhərlərində isə “içşəhər” və sair. Elə vətənimiz Azərbaycanın baş şəhəri Bakının da tarixi hissəsi bu qanunauyğunluqla “İçərişəhər” kimi tanınır.

Bu gün dünyaya 2800 yaşlı qədim erməni şəhəri kimi təqdim edilən İrəvan şəhərinin tarixi mərkəzi barədə erməni tarixçiləri sadəcə ya susurlar, ya da ki bu barədə ağıla və məntiqə sığmayan “nağıllar” danışırlar.

İrəvanın mərkəzində – Respublika meydanında dayanıb şəhərin tarixi mərkəzi barədə soruşanların isə ağlına da gəlmir ki, axtardıqları elə ayaqlarının altında asfalt və torpaq layı ilə gizlədilib. Elə bu gün də şəhərdə haranı qazırlarsa, oradan qədim İrəvanın əsl sahiblərinin izlərini qoruyub saxlayan abidələr baş qaldırır.

2003-cü ildə Respublika meydanında təmir-tikinti işləri aparılan zaman meydandakı üst asfalt qatını götürüb qazıntı işlərinə başlayanda böyük bir ərazidə qırmızı və qara tuf daşdan, qırmızı kərpicdən inşa edilmiş tikililərin, gildən hazırlanmış su xətti və xeyli məişət əşyasının qalıqları üzə çıxdı. Təmir işlərini aparanların sevincinin həddi-hüdudu yox idi. Erməni tarixçilərinin uydurduğu saxta tarix kitabları ilə böyümüş bu bədbəxtlər sevinirdilər ki, qədim erməni şəhərinin qalıqlarını aşkar ediblər.

Odur ki təcili Ermənistan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarını bura dəvət etdilər. Ancaq erməni arxeoloqlar burada cəmi 2 gün işlədilər və 3-cü gün türk-islam memarlığının qalıqları olan tikililərin üzə çıxdığı ərazi tələm-tələsik qum və torpaqla dolduruldu.

Bəzən belə bir yanlış fikir söylənilir ki, qədim İrəvan şəhəri başqa orta əsr şəhərləri kimi 1502–1509-cu illərdə Səfəvi hökmdarı Şah İsmayıl Xətainin göstərişi ilə burada tikilmiş qalanın ətrafında formalaşıb. Tarixi mənbələr isə qala tikilənə qədər də bu ərazidə yaşayış məntəqəsinin olması, onun yerli türklərdən ibarət əhalisinin isə, əsasən, ticarət və çəltikçiliklə məşğul olması haqqında məlumat verirlər…

Ardı var

Füzuli Sabiroğlu
Araçdırmaçı-yazar

Davamı…