Füyuzat 133 Muxtar Cəfərli

İtmiş xəzinəmiz – sevgi

Sevgi…

İnsan fitrətinə qoyulmuş ən ülvi duyğu…

Hava, su qədər ehtiyac duyduğumuz mənəvi qida…

Yaradılış hikmətinin sirri, kainatın varlıq səbəbi…

Kamilliyə və gözəlliyə gedən yolun xəritəsi…

Dünyanı sabit şəkildə dövr etdirən qüvvənin adı…

Sevənin seviləndə fani olub onun mənliyinə bürünməsi, onda özünü tapması…

İnsan dünyaya göz açdığı zaman sevgi və şəfqətlə qarşılaşır. Daha sonralar isə bu sevgini bəzən tapır, bəzən isə yox… Lakin həyatı boyu o sevginin axtarışında olur. O cümlədən körpəlik çağında anasında və yaxınlarında tapır o sevgini. Bir müddət sonra oyuncaqlarda, oyun oynamaqda, daha sonra da yoldaşlarında axtarır. Xüsusilə yetkinlik yaşına çatanda sevgini daha çox qarşı cinsdə axtarmağa başlayır. Əgər sevgisini düzgün istiqamətləndirib onu idarə və tərbiyə edə bilərsə, nəticədə bu, ilahi sevgiyə çevrilə bilər.

Əslində, bu dünyada sevgisiz insan yoxdur. Mütləq ki hər insanın sevdiyi maddi və ya mənəvi nə isə var. Çünki bitkilərdən heyvanlara, canlılardan cansız zənn etdiyimiz varlıqlara qədər hamısında sevgi hakimdir. Ana laylasından tutmuş yaranmışların səsinə, Allah kəlamından yazarın qələminə, suyun şırıltısından quşların cəh-cəhinə, küləyin uğultusundan yarpağın xışıltısına qədər… Sevgi xüsusilə insan üçün böyük həqiqətdir. Ona görə də insan bütün sevgiləri araşdırıb özünə layiq olanı seçməlidir. Nəyi necə sevəcəyini axtarıb tapmalıdır. Çünki sevgi axtarmaqdır. Onu axtaran və axtarışında səmimi olan mütləq tapar.

“Məsnəvi”si sevginamədən ibarət olan Mövlana Cəlaləddin Rumi sevgini belə tərif edir:

“Sevgi elə bir sirdir ki, onunla acılar şirinləşər, könüllər kir və pasdan təmizlənər. Dərdlər onunla şəfa tapar… Sevgi sayəsində kədər sevincə, qəhr rəhmətə çevrilər… Sən sərt daş və ya mərmər parçası olsan da, sevgi dolu könül sayəsində gövhərə çevrilərsən. Lakin sevgi olmayan yerdə mum belə dəmir kimi bərkiyib qatılaşar…”

Varlıq xəmirini sevgi mayası ilə yoğuran Uca Allah kainatı, xüsusilə də insanı Öz sevgisinin təcəllisi olaraq yaratdı və bütün sevgiləri Öz sevgisinə çatmaq üçün vasitə etdi. İnsanların çoxu isə bu sevgini dünyaya – fani və nəfsani arzulara yönəltdi. Sevgi sərmayəsini dünya və fani varlıqlara xərcləyərək həqiqi sevgidən məhrum qaldı. Kölgənin ardınca qaçıb onu ovlamağa çalışan ovçular kimi dünyanın arxasınca düşdü. Halbuki kölgənin kiminsə şəxsi malı olmasının qeyri-mümkünlüyünü unutdular.

Maddi şeylər paylaşdıqca azalsa da, sevgi paylaşdıqca tükənməyən, əksinə, artan bir dəyərdir. Mövlana Cəlaləddin Rumi bu həqiqəti gözəl bir bənzətmə ilə ifadə edir: “Bir şam başqa bir şamı yandırmaqla işığından bir şey itirməz”.

Sevgi axar su kimidir. Su quraq torpaqları canlandırdığı kimi, sevgi də nifrətin, kin-küdurətin, ədavətin açdığı yaralara məlhəm olar, insanın simasından itən təbəssümü geri qaytarar. Günahların ucbatından qaralan ruh və qəlblərin his-pasını yuyub onları mənəvi səltənət taxtında oturdar…

Davamı…