Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu gəlib.
“Füyuzat”ın məlumatına görə, məktubda deyilir:
“Zati-aliləri.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında çoxlu insan tələfatına və yaralanmasına səbəb olan faciəvi təyyarə qəzası ilə bağlı xəbər məni dərindən kədərləndirdi və sarsıtdı.
Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına, o cümlədən bu hadisə nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Belə bir kədərli gündə dualarımızın xüsusilə də faciənin nəticələri ilə üzləşmiş sağ qalan insanlarla olduğunu bildirirəm”.
Qeyd edək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.