Xəbərlər

Məhkəməyə verilən “əsər”

Qustav Flober tərəfindən yazılmış Madam Bovari XIX əsr fransız ədəbiyyatının ən qalmaqallı əsərlərindən biridir. Əsər 1856-cı ildə yazılıb və ilk dəfə Fransada jurnal formasında hissə-hissə nəşr olunub. Romanın nəşri ciddi mübahisələr doğurub və dövlət orqanlarının diqqətini cəlb edib.

Əsərin problemli hesab edilməsinin əsas səbəbi yazıçının dövrün ictimai və mənəvi normalarına uyğun olmayan həyat tərzini çox realist və detallı şəkildə təsvir etməsi idi. Əsərin mərkəzində olan Emma Bovari obrazı ailə həyatından narazı, daha fərqli həyat arzusunda olan bir xanımdır. Bu da onu müxtəlif yanlış seçimlərə doğru sürükləyir.

Əsərin qadağan edilməsinin əsas səbəbi onun ictimaiyyətə zərər vuran dəyərləri təhqir etməsi idi. Emma Bovari obrazının uyğunsuz həyat tərzi sürməsinə baxmayaraq müəllifin onu açıq şəkildə qınamaması, əksinə, psixoloji cəhətdən dərindən təsvir etməsi dövlət orqanlarını narahat edirdi. Onların fikrincə, bu cür təqdimat oxucular üçün mənfi nümunə yarada bilərdi.

Məhz buna görə Qustav Flober 1857-ci ildə məhkəməyə verildi. Ona qarşı irəli sürülən ittiham “ictimai və dini əxlaqın təhqir edilməsi” idi. Təkcə yazıçı deyil, əsəri çap edən jurnalın redaktoru və nəşriyyat nümayəndələri də bu işə cəlb olunmuşdu.

Məhkəmə prosesi 1857-ci ilin yanvar ayında başladı və bir neçə həftə davam etdi. Bu müddətdə Flober həbsdə saxlanılmadı; proses daha çox hüquqi araşdırma və dinləmələrdən ibarət idi. Prokurorluq iddia edirdi ki, roman müəyyən davranışları normallaşdırır və onları kifayət qədər tənqid etmir. Müdafiə tərəfi isə əksinə, əsərin həmin davranışların acı nəticələrini göstərdiyini və əslində, ibrətamiz xarakter daşıdığını bildirirdi.

7 fevral 1857-ci ildə məhkəmə qərarı elan olundu və Flober bəraət aldı, yəni günahsız hesab edildi və heç bir cəza almadı. Bu hadisədən sonra roman kitab şəklində çap olundu və böyük maraqla qarşılandı.

“Madam Bovari”nin məhkəməyə çıxarılmasının əsas səbəbi onun dövrün dəyərlərinə uyğun gəlməyən mövzuları açıq və realist şəkildə təqdim etməsi idi. Lakin məhkəmə sonda əsərin ədəbi dəyərini və müəllifin niyyətini nəzərə alaraq onu cəzalandırmadı. Bu hadisə həm də ədəbiyyatda realizm cərəyanının güclənməsində mühüm rol oynadı.