Dr. Dilqəm ƏHMƏD
Azərbaycanlı şair Məzahir Daşqının (Borsunlu) II Dünya müharibəsində iştirakı, almanlara əsir düşməsi, legion mətbuatında şeirlər yazması, daha sonra Sovet Azərbaycanına qayıtması onun bioqrafiyası baxımından önəmli bir dönəmdir. Əsirlikdən qayıtdıqdan sonra Vətənində təqib edilməsi, əsərlərinə qadağaların qoyulması ədəbiyyat tariximizdə özünəməxsus yer tutub. Onun Azərbaycan legionundakı fəaliyyəti, milli ruhlu şeirlər yazması poeziyasında maraqlı bir mərhələdir və öyrənilməsi vacibdir.
Borsunludan Berlinə
Məzahir Axundov 1909-cu il noyabrın 1-də Tərtərin Borsunlu kəndində doğulub. Atası Məşədi Həmzə, anası Anaxanım İsmayılqızı idi. Məşədi Həmzə uşaq ikən atasını itirib, dayısı Mirzəlinin himayəsində böyüyüb. O, 1917-ci ilin ortalarınadək xırda ticarətlə, daha sonra əkinçiliklə məşğul olub. 1920-ci ildə Cavanşir qəzasında keçirilən şura qurultayında 11 yaşlı oğlu Məzahirlə birgə iştirak edib. Yeniyetmə Məzahirin bu qurultaydakı çıxışı rəğbət doğurub, Borsunluda aldığı təhsilini davam etdirməsi üçün Bakıya göndərilib. Paytaxtdakı Fəhlə Gənclər Məktəbinin son siniflərində ikən atası Məşədi Həmzə Hüsü Hacıyevin tərəfdarı olduğu üçün 1925-ci ildə İslam Hacıyevin göstərişi ilə partiyadan çıxarılaraq həbs olunub. Buna görə Gəncəyə qayıdan Məzahir orada yaşadığı müddətdə “Qızıl Gəncə” qəzetində ilk şeirlərini çap etdirib. Bu şeirlər Səməd Vurğunun diqqətini çəkdiyi üçün onun sayəsində məktəbə bərpa olunub. 1931-ci ildə Məşədi Həmzə də yenidən partiya sıralarına daxil edilib. Lakin 1937-ci il repressiyası bu ailədən yan keçməyib, yenidən həbs edilən Məşədi Həmzə o illərdə güllələnib.

Məzahir Daşqının uşaqlığı
Məşədi Həmzənin beş oğlu, üç qızı olub.
Məzahir bəy bu illərdə Dilbər adlı bir qadınla ailə qurub, Nazim adlı övladı dünyaya gəlib. Daha sonra Səmayə adlı qadınla evlənib, bir qızı dünyaya gəlib, lakin uşaq müharibənin ağır illərində vəfat edib.
Daşqın 1939-cu ildən etibarən Azərbaycan Yazıçılar İttifaqının Gəncə bölməsinin aşıq ifası şöbəsinə rəhbərlik edib, “Azərbaycan hünəri” qəzetində müxbir kimi çalışıb. Ömrünün bu illəri haqqında tərcümeyi-halında yazıb: “Şübhəsiz, o vaxt məndən ötəri təhsili davam etdirmək çox çətin oldu. 1937-ci il atamın partiyadan çıxarılması 1938-ci ilin mart ayında NKVD tərəfindən həbs edilməsi ilə nəticələndi. Artıq qapıdan dost ayağı, qohum əlaqəsi kəsildi. Mən baş alıb gizlənməyə məcbur oldum. 1938-ci ilin martından 6 ay Orconikidze, Tbilisi və başqa yerlərdə keçindim. Nəhayət, Səməd Vurğunun köməyilə Gəncədə yaşamaq imkanı tapdım. 1939-cu ildən saz alıb xüsusi evlərdə çalmaq-çağırmaqla yaşadım”.
23 iyun 1941-ci ildə Axundov hərbi xidmətə aparılıb, 1941-ci ilin avqustunda Cənubi Azərbaycana göndərilən orduya daxil edilib. 1942-ci ilin fevralınadək İranda yaşayıb.
“Məhəmməd Biriya ilə görüşdüm”
“İlham” qəzetinin 1991-ci ildə çıxan sayında SSRİ Yazıçılar İttifaqının üzvü Ağa Əli Əlisözün 1958-ci ildə Məzahir Daşqından aldığı müsahibə dərc olunub. Yaddaşına güvənən Əlisöz Daşqından əsirlik həyatını soruşub, yadında qalanları qələmə köçürüb. Bu müsahibə Məzahir Daşqının əsirlik həyatı ilə bağlı ən qiymətli mənbədir. Daşqın müsahibəsində Almaniya cəbhəsindəki iştirakdan öncə İrana göndərilmələrindən bəhs edib: “Bir gün bizə dedilər ki, İrana keçəcəyik, döyüşə hazır olun. Düzü, əvvəlcə kədərləndim. Çünki o taydakı bacı-qardaşlarımız qırılacaqdı… Arazı keçdik. Xoşbəxtlikdən müqavimət göstərilmədi. Heç bilirsiniz, adamlar nə qədər sevinirdilər? Rus ordusunun gəlişinə yox, bizi, öz qardaşlarını görüb sevinirdilər… Orada Aşıq Hüseyn Cavanla, Məhəmməd Biriya ilə görüşdüm. Cənubi Azərbaycanda elə bilirdilər ki, biz tamam ruslaşmışıq, dindən-imandan çıxmışıq. Biriya gödəkboy, qarayanız, xoşsifət, azdanışan bir adamdı. Ancaq sərrast baxışları vardı… Bir müddət İranda qaldıq. Sonra bizi oradan çıxardılar. Qafqaz uğrunda gedən müharibəyə qatdılar”.
İranda yaşadığı müddətdə o, aşıq Səyyahla deyişib, Gülgəzin məclislərində olub, cənub mövzulu şeirlər qələmə alıb.

Məzahir Daşqın
Azərbaycan legionunda
1942-ci ilin fevral ayında İrandakı bu ordu alman cəbhəsinə göndərilib. Tədqiqatçı Məmməd Cəfərlinin yazdığına görə, Məzahir Axundov 1942-ci ilin iyulunda Kalmıkiya MSSR-in Arzgir şəhəri yaxınlığında almanlara əsir düşüb. Buna görə də həmin ilin sentyabr ayından dekabr ayınadək Georqiyevski, Zaporojye, Dnepropetrovsk və Krakov şəhərlərindəki hərbi əsir düşərgələrində yaşayıb. 1943-cü ilin fevralında əsirlikdən azad edilib, Polşanın Yedlino şəhərində yerləşən Azərbaycan legionuna göndərilib. Daşqın tərcümeyi-halında ömrünün bu illəri haqqında yazıb: “1942-ci ilin avqust ayında hissəmiz alman qoşunları tərəfindən dağıdıldı, mən isə bir neçə yoldaşımla 12 gün piyada yol gedib nəticədə alman kəşfiyyatçıları tərəfindən ciddi vuruşmadan sonra yaralı əsir alındım. Keçirdiyim əsir həyatı şeirlərimdə tərənnüm edilibdir. Avropanı və Şimali Afrikanı gəzib dolandım. 1945-ci ildə İtaliyadan öz xahişimlə Vətənə qayıtdım”.
Daşqın söhbətində əsirlik həyatı ilə bağlı maraqlı məlumatlar verib: “Gərək ki, əvvəlcə bizi Macarıstana, sonra da Almaniyaya apardılar. Burada əsir düşərgəsində həmyerlilərimə rast gəldim. Adlarını deməyəcəyəm. Çünki and içmişik. Heç kəs heç kəsin adını dilinə gətirməyəcək. Bizi “Azərbaycanın istiqlalı” təşkilatı birləşdirirdi. Alman xəfiyyəsi bunu bilirdi. Bu, qeyri-rəsmi təşkilatdı… Biz yalnız və yalnız Azərbaycanı azad görmək istəyirdik. Mən əsir düşərgəsində öz şeirlərimlə tanındım. Bu yazılar tərcümə olundu. Alman dilində çıxan qəzetlərdə çap edildi. Xüsusilə “İvan İvanoviç” adında yazdığım şeir sürətlə yayıldı. Bir dəfə Berlindən gələn bir alman polkovniki komendantın otağında mənimlə türk dilində iki saat söhbət elədi. Əvvəllər Ankarada alman səfirliyində işləyən, sonralar Berlinə çağırılan bu cənab şərqşünas idi. O, Azərbaycan Demokratik Respublikasının yaranması tarixindən ətraflı danışdı. Dedi ki, Məhəmmədəmin Rəsulzadəni yaxşı tanıyır, onu çox müdrik bir adam sayır”.
Daşqının dediyinə görə, həmin şəxsin getməsindən sonra azərbaycanlı əsirlərə qayğı artıb, onlar ağır işlərdən xilas olublar.
M.Cəfərlinin yazdığına görə, Daşqın 1943-cü ilin aprelində 818-ci batalyonun Yedlino şəhərindəki musiqi taqımına komandir təyin edilib. Həmin ilin may ayında Berlində Cümhuriyyətin 25-ci ildönümünə həsr edilmiş yubiley tədbirində onun musiqi taqımı konsert verib. Məzahir bəyin söhbətindən bu faktın doğru olduğunu görürük: “Bir gün ağlıma belə bir fikir gəldi: 28 May gününü, yəni Azərbaycanın milli dirçəliş gününü elə buradaca, əsirlər arasında bayram eləyək. Bunu “İstiqlal” üzvlərinə bildirdim, komendantın da razılığını aldıq. Həmin günə ciddi hazırlaşdıq. Milli bayrağımızı səhnəyə gətirdik. Bütün gecəni çalıb-çağırdıq, qatarlanıb yallı getdik. Səhərə yaxın üçrəngli, ay-ulduzlu bayrağımızın saçaqlarını öpə-öpə sıraya düzüldük”.
Məzahir Axundovun legionun həftəlik qəzeti olan “Azərbaycan” qəzetində “Aşıq Məzahir”, “Daşqın” təxəllüsü ilə şeirləri işıq üzü görüb. Məmməd Cəfərli onun ədəbi fəaliyyəti ilə bağlı maraqlı materiallar əldə edib: “Onun musiqi taqımında xidmətə başlayandan sonra 1943-cü ilin martında yazdığı şerlərindən biri “Vətən” adlanırdı. “Vətən bayquşu” adlı başqa bir şeiri Azərbaycan batalyonu yerləşən Yedlino şəhərində yazılmış və ilk dəfə hərbi hissənin döyüş vərəqəsində çap edilmişdir. Ancaq “Azərbaycan” qəzetində bu şeir “Sənə nifrət” adı ilə dərc olunmuşdu. Bu şeirlərin sözlərinə bəstələnmiş mahnılar ilk dəfə 1943-cü ilin noyabrın 6-8-də azərbaycanlıların Berlində keçirilən birinci qurultayında səslənmişdi. Məzahir Daşqının “Azər” şeirinə bəstələnmiş mahnı da qurultayın konsert proqramına daxil edilmişdi. Azərbaycanın müstəqilliyinə həsr etdiyi bu mahnının musiqisi “Bəh-bəh” xalq mahnısının motivləri üzərində qurulmuş və uzun müddət legionun musiqi taqımının repertuarından düşməmişdir… Onun 1943-cü ildə yazdığı “Tərlan”, “Dağlar”, “Gülgəz”, “Vətəni xatırlayarkən”, “Yadıma düşdü”, “Ağlaram” və başqa şeirləri də legionçular arasında çox populyar idi… 1943-cü ildə yazılmış, legionçuların həmin ilin noyabr ayında Berlində keçirilən birinci qurultayında müəllif tərəfindən oxunmuş “Vətən qəhrəmanına” şerini “Azərbaycan” qəzetinin 1944-cü ilin yanvar sayında aşkar etdik”.
“Azərbaycan” qəzetində onun həmçinin “Gözəl qız”, “Şahlar”, “Göygöl”, “Dağlar”, “Arnsdorf”, “Könül nəğməsi”, “Aşiqiyəm mən”, “Təbriz” kimi şeirləri dərc olunub. Maraqlıdır ki, bəzi bəndləri və üslubu eyni olan “Təbriz” şeirini o, 1941-ci ildə İranda olarkən yazıb. 1944-cü ildə isə bir qədər fərqli formada nəşr etdirib.
1943-cü ilin noyabrında baş tutan Milli Azərbaycan Qurultayında Məzahir Axundov da iştirak edib. O, qurultayda “Vətən qəhrəmanına” adlı şeir oxuyub, həm də alman zabiti Böhmenin çıxışını Azərbaycan dilində səsləndirib. Daşqın Əbdürrəhman Fətəlibəyli Düdənginskinin sədri olduğu Azərbaycan Milli Birlik Məclisində də təmsil olunub. O, legionçular üçün təsis edilən “Üçüncü dərəcəli bürünc medal”a layiq görülüb. 1943-cü ilin axırında rəhbəri olduğu musiqi qrupu Fransaya köçürülüb. Taqım 1944-cü ilin fevralında Rodes şəhərindəki klubların birində “Məşhədi İbad” əsərini səhnələşdirib.
Məmməd Cəfərlinin yazdığına görə, 1944-cü ilin martında Daşqın yenidən təşkil edilmiş mədəniyyət şöbəsinin rəhbəri seçilib. Həmin ilin mayında o, təhsilini təkmilləşdirmək məqsədilə Potsdam təbliğat məktəbinə göndərilib, dekabrda ona alman ordusunun feldfebel rütbəsi verilib. Müharibənin sonlarına yaxın İtaliyanın Pyaçenza şəhərində çıxan “Bizim döyüş vərəqəsi” mətbu orqanı ilə əməkdaşlığa başlayıb. Bu qəzetdə onun “Axşamlar”, “Bir də”, “Şahin”, “Könül həsrəti”, “Bayatılar” adlı şeirləri dərc edilib.

Məzahir Daşqın və Sabir Əliyev
“Məhəmmədəmin Rəsulzadə hamımızla görüşdü”
Məzahir Daşqın söhbətində Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadəni gördüyünü ifadə edib:
“Yadımdadır, o, düşərgəmizə gələndə komendantın otağındaydım, şeir gecəsi keçirməyə icazə istəyirdim. Birdən xəbər çıxdı ki, bəs azərbaycanlı əsirlər kluba toplansınlar. Toplandıq. Orada Məhəmmədəmin Rəsulzadə hamımızla bircə-bircə əl tutub görüşdü. Sonra xəbər aldı ki, aranızda şair varmı?! Dedilər var, məni qabağa verdilər. Məhəmmədəmin dedi ki, bu başdan gəlsənə, söhbətimizə şeirlə başlayaq? Dedim, nolar:
Harada yatmısan, ay qara baxtım?
Dövlətim dağılıb, var da yan gedir.
Gəlhagəl günümdə can deyən dostlar,
Görürlər qalmışam darda, yan gedir.
Şeirin axırında: “Köç, bu dünyadan, bəsdi Məzahir, ölüm yaxın gəlmir, gor da yan gedir” misralarını eşidəndə gülümsündü, dedi: “Yox, şair, dünyadan köçməyə hələ tələsmə, lazım deyil. Vətənin, torpağımızın gözü yoldadır. Bizə həyat lazımdır. Ölüm isə həmişə var”. Çox böyük adam idi. Doğrusu, bu amalda insana ilk dəfə idi rast gəlirdim. Elə gələn günün axşamı da getdi. Dedi ki, mən gərək başqa yerlərə də baş çəkim. Yola düşəndə üzünü bizlərə tutub məni göstərdi: “Gedirəm, – dedi, – vəkilim burada qalır”. Sonra Məhəmmədəmin Rəsulzadə haqqında şeirlər yazdım.
Haqqdan yanan çırağımız Məhəmmədəmin.
Üç rəngli bayrağımız Məhəmmədəmin.
1942-ci ildə Məhəmmədəmin Rəsulzadəni Buxarestdən Berlinə çağırdılar. Orada Rəsulzadə Azərbaycanın gələcəyi barədə öz fikirlərini açıq-aydın bildirdi və görünür, bu fikirlər almanların ürəyindən olmadı”.
Daşqın Azərbaycana qayıtdığı zaman əlindəki bütün materialların, eləcə də Rəsulzadənin ona yazdığı məktubların müsadirə olunduğunu bildirib. O, müharibənin bitdiyini düşərgədə olduqları zaman eşitdiyini deyib, əsirlərin bəzilərinin Türkiyə və Amerikaya yollandığını, özünün isə İtaliyadan öz xahişi ilə Azərbaycana qayıtmağı seçdiyini bildirib.
Düşərgədən həbsxanaya
Müharibədən sonra qaçqın düşərgələrini gəzən Sovet zabitləri SSRİ vətəndaşlarını ölkəyə qayıtmağa səsləyirdilər. Bir çox hallarda müttəfiqləri Sovet vətəndaşlarını zor gücünə təhvil verirdilər. Bütün hallarda sorğu-suala məruz qalan bu insanlar ya həbs edilir, ya da güllələnirdilər. Daşqın da qayıdan kimi həbs olunub, 1946-cı ildə ölüm hökmünə məruz qalıb. Lakin daha sonra 10 il müddətinə azadlıqdan məhrum edilib. Tərcümeyi-halında bu barədə yazıb: “Bakıda iki gün qalıb üçüncü gün gecə qatarı ilə yola düşdüm. Goran stansiyasında qatardan düşdüm ki, kənddə anamı son dəfə görməyə imkan tapam. Çox əfsuslar olsun ki, KQB məni həmin gecə həbsə aldı, nə anamı, nə də Borsunlu kəndini görə bilmədim…”.
Bakıda mühakimə edilən Daşqın Mingəçevirdəki islah əmək koloniyasına göndərilib. Ardınca Sibirə sürgün edilib. O, bir xatirəsində Sibirdəki həyatı ilə bağlı bunları bildirib: “Düşərgəmiz Qorki vilayətinin Suxobezvodnaya deyilən stansiya ətrafında yerləşirdi. “Xalq düşməni”, “əsir” adı ilə damğalananların nə şəraitdə işlədiyini və yaşadığını söyləməkdə acizəm. Burada ən adi gigiyenik qaydalara belə riayət olunmurdu. Müxtəlif bəhanələrlə güllə qabağına qoyulanların sayı öz əcəli və xəstəlikdən ölənlərin sayından yüz dəfə artıq idi. Mənim bəxtim gətirmişdi: həm rus dilində bilirdim, həm də mühasibat işindən başım çıxırdı. Odur ki, məni anbarda işləməyə məsləhət görmüşdülər”.
Daşqının dostu Səməd Vurğun onu hələ Mingəçevirdəki əsir düşərgəsində və Bakıdakı həbsxanada olanda ziyarət edib, Aleksandr Fadeyevlə birgə Sibirdə onun həyat şəraitinin yaxşılaşdırılmasına çalışıb.
Məzahir Daşqın Stalinin ölümündən sonra 1956-cı il mart ayının 24-də bəraət alıb. 23 iyulda azad olunmağı ilə bağlı əmr verilib. O, Bakıya qayıtdığı zaman ilk işi Yazıçılar İttifaqına gedib Səməd Vurğunu ziyarət etmək olsa, şairin artıq iki aydır ki vəfat etdiyini eşidərək sarsılıb. Onun xatirəsinə “Ağladı” adlı şeirini qələmə alıb. Daşqın 1 sentyabr 1960-cı ildə isə anasını itirib, onun ruhuna “Yatır” adlı şeir ithaf edib.
Professor Cəmil Həsənlinin yazdığına görə, həbsdən qayıtdıqdan sonra Daşqın xalq yaradıcılığı evində ştatdankənar metodist işləyib, lakin şeirlərinin çapına qadağa qoyulub. 1958-ci ildən etibarən bir sıra şeirlərinin dərcinə icazə verilib, müğənnilər əsərlərinə yazılan bəstələri oxuyublar. Amma 1958-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetinin redaktoru Qasım Qasımzadəyə onun şeirlərini verdiyi üçün ciddi xəbərdarlıq edilib. Məzahir Daşqın təqiblərdən qurtulmaq üçün 1960-cı ildə Gəncəyə köçüb. O, 31 oktyabr 1979-cu ildə vəfat edib, Borsunluda dəfn olunub. Azərbaycanın müstəqilliyini bərpa etməsinə şahidlik edə bilməsə də, Daşqın Almaniyada legion həyatında üçrəngli bayrağı görmüşdü. “Vətən qəhrəmanına” adlı şeirində yazırdı:
“Qaldır göyə üçrəngli bayrağını dalğalansın
İntiqamın atəşləri ürəklərdə alovlansın”.
Qaynaqlar:
Borsunlu Məzahir Daşqın, “Bir zaman can deyib, can eşidərdik…”, Bakı, 1991. Tərtib edən: Bağır Bağırov
Borsunlu Məzahir Daşqın, “Susmaram”, Bakı, 2001. Tərtib edən: Şəhla Tahirqızı
“Borsunlu Məzahir Daşqın I”, Gəncə, 2003. Tərtib edən: Bağır Ulduz
Məmməd Cəfərli, “Azərbaycan legion ədəbiyyatı”, Bakı, 2005
Cəmil Həsənli, “Məzahir (Borsunlu) Daşqının qəribə taleyi”, Paralel.az, 21.02.2025
“Azərbaycan” qəzeti, No. 46 (74), Berlin, 14 noyabr 1943
“Azərbaycan” qəzeti, No. 2 (81), Berlin, 15 yanvar 1944
“İlham” qəzeti, No. 5 (13), Bakı, 2 fevral 1991



