Milli İrsi Mədəni Tarixi Araşdırmalar
(MİMTA) Fondu
Qədim tarixə, yüksək mədəniyyətə malik olan Azərbaycanın tarixini, milli irsini, mənəvi dəyərlərini qoruyub saxlamaq və inkişaf etdirməyə kömək məqsədilə təsis edilmiş Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu 2005-ci il yanvar ayının 31-dən fəaliyyət göstərir. Fondun icraçı direktoru Pərviz Əmirovdur.
Fondun fəaliyyətinin əsas məqsədi milli irsi, mədəni, tarixi dəyərlərimizi tədqiq və təbliğ etmək, xarici ölkələrdə Azərbaycanın milli irsini, mədəniyyətini, tarixini əks etdirən sərgilər, konfranslar və s. tədbirlər təşkil etmək, istedadlı gənclərə, yaşlı ziyalılara, qaçqın və məcburi köçkünlərə, kimsəsizlərə, əlil və veteranlara maddi və mənəvi kömək göstərmək, təhsil, səhiyyə, mədəniyyət və sosial sahədə xeyriyyə tədbirləri, simpoziumlar, seminarlar, müsabiqələr keçirmək və ayrı-ayrı şəxsləri Azərbaycan tarixi, mədəniyyəti, irsi üçün əhəmiyyətli olan uğurlara görə mükafatlandırmaqdan ibarətdir.
Ötən illər ərzində Fond öz imkanları daxilində müxtəlif sahələrdə milli, mədəni dəyərlərimizi tədqiq edərək istər Azərbaycanda, istərsə də sərhədlərimizdən kənarda təbliğ etməyə, tanıtmağa müvəffəq olmuşdur.
Fondun ilk böyük layihəsi ictimai fikir tariximizdə özünəməxsus yeri olan “Füyuzat” (1906-1907) jurnalını 2007-ci ildə bərpa edərək nəfis şəkildə çap etdirməsi oldu. Artıq 15 ildir nəşri uğurla davam edən “Füyuzat” ölkə ziyalılarının dəstəyini, oxucuların rəğbətini qazanmışdır. Bu müddət ərzində “Füyuzat” Azərbaycan jurnalistika məktəbində özünəməxsus üslub yaratmağa nail olmuşdur.
Bu sahədə fəaliyyətimizə ilk qadın mətbu orqanı olmuş “İşıq” qəzetinin (1911-1912) 100 ildən sonra yenidən nəşrini aid edə bilərik. 2012-ci ildən işıq üzü görən bu dərgi də geniş oxucu kütləsinin marağını cəlb edə bilmişdir.
Xalqımızın milli-mənəvi dəyərlərini, irsini, mədəniyyətini, tarixini qoruyub saxlamaq və təbliğ etmək, tələbələrin bilik və bacarıqlarını artırmaq, vətənə və dövlətə bağlı istedadlı gənclərin inkişafına yardım göstərmək, Azərbaycan mediasının inkişafı naminə vətənpərvər və peşəkar jurnalistlərin hazırlanması istiqamətində işlər görmək və bu məqsədlə simpoziumlar, seminarlar, konfranslar, o cümlədən digər tədbirlər həyata keçirmək məqsədilə Bakı Dövlət Universiteti və MİMTA Fondu arasında BDU-nun Jurnalistika fakültəsində “Füyuzat Media Mərkəzi”i yaradılmış və bütün lazımi avadanlıqla təchiz olunaraq fəaliyyətini uğurla davam etdirir. Bu illər ərzində mərkəzdə əməkdaşlarımız tərəfindən jurnalistika fakültəsinin tələbələri üçün qrafik dizayn dərsləri, qəzet-jurnal tərtibatı ilə bağlı seminarlar, ziyalılarla görüşlər, təqdimatlar təşkil olunmuşdur.
Fondun digər fəaliyyət sahəsini kitab nəşrləri təşkil edir. MİMTA Yayımları adı altında nəşr etdiyimiz kitablarla mövzu əhatəsini geniş tutaraq müxtəlif yaş qruplarına aid, fərqli janrlarda nəşrlər həyata keçiririk. MİMTA Yayımlarında işıq üzü görən dünya ədəbiyyatından tərcümələr, klassik ədəbiyyatla bağlı tərtib və tərcümə olunmuş əsərlər, uşaq ədəbiyyatı nümunələri, siyasi, fəlsəfi, tarixi, dərslik və s. tipli kitabları qeyd etmək olar. MİMTA Fondunun tərcümə və nəşr işi şöbəsi olduğuna görə, nəşriyyatımız çap etdirdiyi kitablarda milli dəyərlərə, maarifləndirmə amalına və tərbiyəvi-əxlaqi nüanslara xüsusi diqqət göstərir.
MİMTA Fondunun nəzdində həmçinin “Bayatı” səsyazma studiyası fəaliyyət göstərir. Studiyada audio-kitablar, müxtəlif tipli videoçarxlar, səsyazmalar hazırlanır.
MİMTA Fondu bundan başqa ictimaiyyətdə milli şüurun bərqərar olması, dövlətçilik və vətənpərvərlik ənənələrinin təbliği məqsədilə mütəmadi olaraq müsabiqələr, seminarlar, tədbirlər, nəşrlər həyata keçirir. Bunlara misal kimi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə töhfə olaraq Ailə Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi və YAP Qadınlar Şurası ilə bərabər təşkil etdiyimiz respublika səviyyəli “Cümhuriyyətə işıq saçan qadınlar” müsabiqəsi, “Füyuzat” jurnalının 110 illik yubileyinin Bakı Dövlət Universitetində təntənəli şəkildə keçirilməsi, BDU-nun Jurnalistika fakültəsində “Şeirin işığı – İşığın şeiri” müsabiqəsinin təşkil edilməsi, Vətən müharibəsi şəhid və qazilərin xatirəsinə həsr olunan “Qəhrəmanlıq salnaməsi” müabiqəsini, eləcə də gənc nəsildə vətənpərvərlik hisslərinin yüksəldilməsi məqsədilə keçirilmiş digər müsabiqələri qeyd edə bilərik.
Fondun məqsədlərindən biri də xeyriyyə işləri görməkdən ibarətdir. Bununla bağlı proqramlarını və planlarını həyata keçirən fond xeyriyyə işlərini davam etdirir. Belə ki, fond aztəminatlı ailələrə, imkansız şəxslərə birdəfəlik yardımlar etməklə yanaşı təhsilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə, tarixi-irsimizin öyrənilməsinə faydalı olacaq layihələrə köməklik göstərir. Bu tədbirlər xalqımızın maariflənməsinə xidmət göstərmiş və təkcə ölkəmizdə deyil, bütün dünyada məşhur olan görkəmli şəxslərin həyat fəaliyyətləri və yaradıcılıqlarını öyrənmək və öyrətmək məqsədi daşıyır.