Xəbərlər

Ombudsman “Uşaq Hüquqları Konvensiyası”nın jest dilinə çevrilmiş elektron versiyasının yaradıcı heyəti ilə görüş keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın jest dilinə çevrilmiş elektron versiyasının yaradıcı heyəti ilə görüş keçirib. Görüşdə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun icraçı direktoru Pərviz Əmirov, “Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus, jurnalın məsul redaktoru Samir Ramizoğlu və digər qonaqlar iştirak ediblər.

S.Əliyeva heyət üzvlərinə Ombudsman haqqında Konstitusiya Qanunu, mandatı və fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. Qeyd olunub ki, uşaq hüquqlarının, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi Ombudsmanın fəaliyyətində hər zaman prioritet istiqamətlərdən biri olmuşdur. Həmçinin Ombudsmanın regional mərkəzlərinin təhsil hüququnun müdafiəsi sahəsində fəaliyyəti barədə qonaqlara geniş məlumat verib. Qarşılıqlı müzakirə zamanı insan hüquqlarının müdafiəsində təhsilin, maarifləndirmənin üstünlükləri haqqında bir sıra əhəmiyyətli məsələrə toxunulub.

Görüş zamanı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva yaradıcı heyətin üzvlərini BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Kovensiyasının tələblərindən biri olan Jest dilinin  rəsmi münasibətlərdə qəbulu və istifadəsinin təmin olunması istiqamətində jest dilinə tərcümə edilmiş “Uşaq Hüquqları Konvensiyası” əsasında Elektron kitabın hazırlanmasında göstərdiyi dəstəyə görə təşəkkürnamə ilə təltif edib.

Sonda heyət üzvləri səmimi görüşə görə Ombudsmana təşəkkürlərini bildiriblər, MİMTA Yayımlarının nəşrləri Ombudsmana hədiyyə edilib.