Hürzət Təhməzli Köşə Yazıları Xəbərlər

Ömür kitabı

Kitab… Bəzən ağlayaraq oxuduğumuz, bəzən isə qəhrəmanların sevincinə qoşulduğumuz, özümüzü onların yerinə qoyduğumuz əsərlər… Bu əsərlər bizi gah uşaqlığımızın saf günlərinə aparır, gah da yaşamadığımız talelərin ağrısını çiyinlərimizə yükləyir. Oxuduqca anlayırıq ki, hər sətir bir hissə, hər fəsil isə bir ömür parçasıdır.

Kitab bəzən sonunun nə ilə bitəcəyini səbirsizliklə gözlədiyimiz, bəzən də olacaqlarla razılaşdığımız həyatdır. İnsan hərdən kitabın axarına qarşı çıxmaq istəsə də, sonda başa düşür ki, bəzi hadisələr qaçınılmazdır. Necə ki həyatda da bəzi yollar yalnız keçilmək üçündür.

Bəzən bir kitab oxuyuruq. Amma oxuduğumuzu son anadək dərk etmirik. Bəzi kitablar yalnız oxunduqdan sonra deyil, yaşandıqdan sonra başa düşülür. Onların mənası zamanla açılır, illər keçdikcə sətirlər yenidən oxunurmuş kimi olur.

Kitab təkcə ağ vərəqdə yazılmış sətirlər deyil, o həm də körpəlikdə alnımıza yazılmış sətirlərdir. Taleyin görünməz mürəkkəblə yazdığı bu sətirləri bəzən oxumaq çətin olur. Amma hər insan ömrü boyu bu yazının mənasını çözməyə çalışır.

Hər insan bir kitabdır və hər əsərin oxucusu olduğu kimi, bu kitabın da öz oxucuları var. Bəziləri səthi oxuyar, bəziləri isə hər sətirdə dayanıb düşünər. Hər kəs eyni kitabdan eyni mənanı çıxarmadığı kimi hər insanı da hər kəs anlaya bilməz.

Bəs bu kitabı oxuyanlar kimlərdir? Ata? Ana? Bacı və qardaş? Dost-tanış? Yoxsa yad bir adam? Bu kitabın oxucuları baş qəhrəmanın qəlbinə yaxın bildikləridir. Onlar sətirlərin arxasında gizlənən susqunluğu, yazılmayan sözləri hiss edənlərdir.

Bəzən oxucular bu kitabdan hansısa parçanı anlamaya bilər. Bu parçanı oxuyanlardan yalnız biri anlayır. O da bu kitabın müəllifidir. Çünki hər kəs hadisəni görər, amma onun niyə baş verdiyini dərk edə bilməz. Bəs bu kitabı bezmədən, tükənmədən qələmə alan kimdir? İnsan? Xeyr. Tanrı…

İnsanların hər zaman dara düşəndə əl açıb kömək dilədiyi, onları müxtəlif sınaqlardan keçirən İlahi… O bəzən səssiz qalar, bəzən isə cavabını hadisələrlə verər. Onun yazdığı kitablar adi kitablardan çox fərqlidir.

Məsələn, adi kitablarda müəllif istədiyi zaman əsərin finalını xoşbəxt sonluqla bitirə bilər. Onun qələmə aldığı kitabda isə bir sonluq vardır. O da “İnsan bir gün dünyaya gəlirsə, bir gün də bu dünyadan köçəcək” fəlsəfəsinə dayanan sonluqdur və bunu heç nə dəyişdirə bilməz. Lakin kitabın sonluğu hər kəsdə eyni deyil.

Kimi rahatlıqla, kimi də əzabla dünyasını dəyişərək cismən qara torpağa, ruhən isə Allahın dərgahına qovuşar. Əsl fərq isə bu kitabın necə yaşanmasındadır. Çünki son səhifə hamı üçün bağlansa da, yazılanlar əbədi yaddaşda qalır.