“Qələm – böyük əmanət…
Qələm – gözəlliklər nəqş edən, zamanlar qazandıran,
babalarımızın bizə qoyduğu müqəddəs əmanət…”
“Füyuzat”, №4, 2014
Söz zamanın yaddaşı, düşüncənin daşıyıcısı və millətin ruhudur. Elə sözlər var ki, bəşəriyyətin yaşı qədər ulu və sirlidir. Onlar əsrlərin sınağından keçərək sadə məna çərçivəsini aşıb yaddaşlarda iz qoymuşdur. Bu qəbildən olan müqəddəs anlayışlardan biri də “əmanət”dir.
Əmanət etimadın, vicdanın və mənəvi borcun təcəssümüdür. Bu ifadənin mahiyyətini dərk edən insan üçün əmanət şərəf, onu mühafizə isə öz ləyaqətini qorumaq deməkdir. Elə buna görə də əmanətə sahib çıxan şəxs təkcə “əmanətdar” deyil, eyni zamanda etibarın daşıyıcısı, mənəvi bütövlüyün simvoludur.
İnsan yaradılış etibarilə əmanət daşıyıcısı olmaq üçün seçilib. Bu şərəfli yük ona Uca Yaradan tərəfindən yaradılışın əşrəfi olaraq verilib. Ona verilən can, zaman, ağıl, iradə və s. hamısı ilahi əmanətlərdir. Bunların ən ülvisi isə, şübhəsiz, vətəndir. Vətən torpağı sadəcə coğrafi məkan deyil, o, tarixdir, kimlikdir, milli yaddaşdır. Bu baxımdan Vətən hər bir fərd üçün ən ağır və ən müqəddəs əmanətdir. Elə Vətən özü də bağrında ona əmanət olanı əsl əmanətçilərinə saxlamışdır. İllər öncə “Füyuzat” səhifələrində məna bərqi vuran “Mən Qarabağam…” yazısındakı sətirlər də bunu təsdiq edir:
“And olsun qaçan atlara…
Dırnağıyla daşlardan qığılcım qoparan atlara…
And olsun açıq-aşkar müjdələnən fəthə…
Əmanətləriniz sinəmdədir, qoruyuram…”
Tarix boyu bu əmanəti qorumaq uğrunda canından keçən fədailər, şəhidlik zirvəsinə ucalan igidlər, əslində, əmanətə sədaqətin ən ali nümunəsini ortaya qoymuşlar. Onlar bu torpağı qorumaqla yanaşı, gələcək nəsillərə azadlıq və ləyaqət mirası əmanət etmişlər. Bu gün azad və suveren ölkədə yaşamağımız, torpaqlarımızın yenidən dirçəlməsi məhz bu əmanətçilərin sayəsində mümkün olmuşdur.
Lakin məsələ yalnız torpağın, el-obanın azad edilməsi ilə bitmir. Əsl məsuliyyət bundan sonra başlayır. Çünki azad edilmiş hər qarış torpaq qorunması və dirçəldilməsi lazım olan yeni bir əmanətdir. Bu əmanəti gələcək nəsillərə çatdırmaq isə yalnız silahla deyil, düşüncə, mənəviyyat, elm və mədəniyyətlə təmin edilməlidir.
Vətən fədailərinin əmanətlərinə “Füyuzat” belə xitab edir:
“Şəhid balası, şəhid yadigarı…
Onlar “Vətən-Vətən” deyə şəhid oldular.
Vətənin tarixində əbədiləşdilər. Sil gözünün yaşını, qaldır başını…
Düz, qürurla bax, sən şəhid övladısan. Vətən fədaisinin əmanətisən…”
Bəli, onlar – vətəni bizə qaytaran o şəhid övladları bizə əmanətdir. Digər tərəfdən, vətən uğrunda sağlamlığını itirmiş qazilərimizin taleyi də bizim üzərimizə qoyulmuş bir haqdır. Biz daha məsuliyyətli, daha vicdanlı olmalı, onların itirdiyi imkanların qarşılığında görən gözə, tutan ələ, yeriyən ayağa çevrilməliyik. Bu sadəcə sosial borc deyil, mənəvi öhdəlikdir.
Əmanət anlayışı həyatın bütün sahələrində özünü göstərir. Valideynin övladını müəllimə etibar etməsi, həkimin xəstəni sağaltmaq məsuliyyəti, qələmin vəzifəsi olan gözəlliyi, həqiqəti yazmaq borcu – bunların hər biri əmanətin müxtəlif təzahürləridir. Əmanətin olduğu hər yerdə məsuliyyət, vicdan və dürüstlük tələb olunur.
Əmanətə xəyanət isə insanın öz mahiyyətinə qarşı yönəlmiş ən ağır zərbədir. Bu ali dəyərə sadiq olmayan insan cəmiyyətin etibarını itirir, mənəvi dayağını zəiflədir. Eyni zamanda əmanəti qoruyanlar cəmiyyətin sütununa çevrilir, etimad və hörmət qazanırlar.
Əmanət anlayışını dərk etmək üçün insan əvvəlcə özünü tanımalı, sahib olduğunun fərqinə varmalıdır. Çünki insanın canı da bir əmanətdir, ona verilmiş ömür isə bu əmanətin necə qorunduğunun ən böyük sübutudur.
Əmanətə sahib çıxmaq keçmişə sədaqət, bu günə məsuliyyət və gələcəyə verilən ən böyük vəddir.



