Elmin Nuri Tarix Xəbərlər

Rəsulzadə ailəsinin yaşadığı 5 amansız dəhşət – “Cümhuriyyət hekayələri”

Qeyd : “Cümhuriyyət hekayələri” silsiləsi altında təqdim edilən sənədli hekayələr təkcə bədii təxəyyülün məhsulu deyil, həm də tarixi sənədlərə əsaslanaraq hazırlanıb. Real tarixi sənədlər, mənbələr, kitab və məqalələr sayəsində ərsəyə gələn bu bioqrafik hekayələr sizinlə birgə yol gedəcək, bədii təsvirin gücü ilə yaşanmış real hadisələrə işıq tutacaq.

Bu dəfə Azərbaycan Cümhuriyyətinin banilərindən biri, Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə və ailəsinin yaşadığı dəhşətlərdən (sözün əsl mənasında!) danışacağıq.

İstifadə olunan əsas mənbələr: mərhum araşdırmaçı-alim Nəsiman Yaqublunun “Məhəmməd Əmin Rəsulzadə”, “Azərbaycan Xalq Cümhuriyyəti” kitabları…

I Dəhşət

1937-ci il… Qara repressiya dalğası yeni başlayıb. Ziyalılarımız, milli düşüncəni özündə daşıyan və yayan aydınlar bir-bir ölümə məhkum edilir. Nəinki onlar, hətta ailə üzvləri də “unudulmur” və təəssüf ki, günahsız qadın və uşaqlar, həmçinin qoca ata-analar – bir sözlə, əksər dəyərli şəxsiyyətlərin bütün ailə üzvləri sürgünə göndərilir. Özü də necə şəraitdə, həm də necə bir yerə… Bunları, yəqin ki, haradansa oxuyub, ya da izləmişik. Məhz bu vaxt sürgünə göndərilən ailələrdən biri də Məhəmməd Əmin Rəsulzadənin ailəsi olur. Baxmayaraq ki Rəsulzadə 17 il idi ki, vətəndə deyildi. O, 1920-ci ilin məlum hadisələrindən sonra məcburi şəkildə vətəni tərk etməli olur. Çəkdiyi min bir əziyyətə, ailəsindən, övladlarından ayrı yaşamağın mənəvi əzablarına baxmayaraq, qürbətdə də Vətən, milli ideologiya naminə əlindən gələni etməyə çalışır. Mövcud quruluş onun ailəsini 17 ildən sonra da “yaddan çıxarmır” və sürgünə yollananların sırasında onlar da olurlar. Məhz bundan sonra onsuz da mənəvi-maddi sıxıntılarla yaşayan ailə əzabın bütün qatlarından keçir, bir neçə üzvü dünyadan köçür…

Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı olan həyat yoldaşı Ümbülbanu xanımın ürəyi bu əzablara tab gətirmir. O həm işgəncələrlə dolu Qazaxıstan sürgününə, həm də bu sürgündən əvvəl amansızcasına qətlə yetirilən 19 yaşlı oğlu, böyük övladı Rəsulun ölümünə dözə bilmir. Sonradan ürəyi partlayan Ümbülbanu xanım, bəlkə də, Qazaxıstan sürgününə də, onun dəhşətlərinə də dözə bilərdi. Amma bütün ruhunu oğlu Rəsulun yanında qoyub gəlmişdi. Rəsulu hamıdan birinci həbs etdilər. O zaman vur-tut 19 yaşı vardı. Sonra da yerdə qalan ailə üzvlərini həbs edib Qazaxıstan çöllərinə yollamışdılar. Ümbülbanu xanımın ruhu oğlunun yanında qaldı. Elə bütün günü “Rəsulu nahaq tutdular” deyib ağlayırdı. Bir tərəfdən də ailəsinin ağır sürgün həyatı onu tamam sarsıtmışdı.

Hələ bunlar son deyildi. O öz həyat yoldaşından da xəbərsiz idi. Məktublaşmaların arası kəsildiyindən Məhəmməd Əminin harada olması və vəziyyəti haqqında heç nə bilmirdi. Amma Rəsulzadənin tərəfini heç zaman vermirdi. Ona “Məhəmməd Əmin xaricdə rahat yaşayır, siz isə əzab çəkirsiz” (bunu deyənlər Rəsulzadənin maddi-mənəvi, sağlamlıqla bağlı ağrılarından xəbərsiz idilər – E.N.)desələr də, bütün bunlara məharətlə sinə gərirdi. Daim onunla əlaqə yaratmağa çalışırdı. Oğlu Azər də sonralar xatirələrində anasını və onun ağrılarını bu cür xatırlayır:

“Anam soyuğa da dözərdi, aclığa da. Amma o qürbət yerə gedən gündən Rəsulun adı dilindən düşmürdü. “Oğlumu nahaq güllələdilər”, – deyib ağlayırdı. Elə bu dərdlə də dünyadan köçdü. Tez-tez bu sözləri eşidirdik: “Məhəmməd Əmin sizi burada qoyub getdi. Siz heç yadına da düşmürsünüz”. Bu sözlərə anam əhəmiyyət vermirdi. O, atama inanırdı. Atamın heç bir günahının olmadığını da hərdən danışırdı. Bu söz-söhbət ən çox qardaşım Rəsulu dilxor edirdi. Məktəbdən gələn kimi hirslə çantasını bir küncə atıb deyirdi: “Müəllimlərim məni bezdiriblər. Hər gün dərsdə deyirlər ki, Məhəmməd Əminlər belə etdi, Məmməd Əminlər elə etdi…” Anam sakitləşdirirdi Rəsulu. Deyirdi ki, elə sözlərə fikir vermə…”

Ümbülbanu xanım savadlı və fədakar qadın olduğundan Məhəmməd Əminin böyüklüyünü o olmayanda belə ailədə qoruyub saxlayır. Amma o da bir qadındır. Üzləşdiyi ağır faciələrə sinə gərə bilməyərək 1940-cı ildə sürgündə 51 yaşında vəfat edir. 1937-ci ildə istintaq zamanı onun mübarizliyi erməni zabitlərini belə heyrətə gətirir:

İstintaq materiallarından:

“ – Deyin görək həyat yoldaşınız Məhəmməd Əmin Rəsulzadə hazırda harada yaşayır?

– Həyat yoldaşım Məhəmməd Əmin Rəsulzadə 1920-ci ildən xaricdə, Türkiyənin İstanbul şəhərində yaşayır.

– Həyat yoldaşınızla bu müddətdə əlaqəniz olubmu? Olubsa necə?

– 1929-cu ilə qədər mən onunla məktublaşırdım. 1934-cü ildə isə ondan 18 dollar məbləğində göndərilən pul kağızı aldım. Bundan sonra heç bir yazışmamız olmadı.

– Nəyə görə ərinizlə yazışmağa son qoydunuz?

– Yazdığı məktublarda həyat yoldaşım uşaqlardan narahat olduğunu bildirirdi və uşaqları təhlükədə qoymamaq üçün biz onunla məktublaşmamağı qərara aldıq…”

Mənbə: N.Yaqublu “Məhəmməd Əmin Rəsulzadə”

II Dəhşət

Lətifə Rəsulzadələrin ilk övladı idi. Elə faciələrin ən ağırını yaşamaq da, deyəsən, onun payına düşmüşdü. 1912-ci ildə anadan olan Lətifə atasını sonuncu dəfə 8 yaşı olarkən görmüşdü. 1930-cu ildə isə bu xanıma ailə qurmaq nəsib olur. Üç qız uşağı dünyaya gəlir. Amma heyhat, sən demə, elə faciələr bundan sonra başlayırmış…

Lətifə xanımı iki qızı ilə birgə Qazaxıstana sürgün edirlər. Amma Lətifə uzaq Qazaxıstan soyuğuna və işgəncəli şəraitə dözə bilmir. 1944-cü ilin soyuq yanvar gecəsində qızı Evşənlə birlikdə həyata göz yumur. Digər qızı – 3 yaşlı Firuzə səhər yuxudan ayılanda sevimli anası və bacısını ölmüş görür… Bu faciənin zərbəsini isə təsəvvür etmək belə qeyri-mümkündür. Həmçinin bundan sonra Firuzənin taleyini təsvir etmək o qədər də asan deyil. Amma onun bir bacısı da var idi ki, uşaq sanatoriyasına verildiyindən onlarla birgə sürgünə gəlməmişdi. Sona adlı bu xanımın taleyi haqqında indi də heç nə bilinmir.

III Dəhşət

Düşünürsünüz ki, bu qədər dəhşət daha bəsdir. Amma yox… Rəsulzadələrin nisgilli həyat tarixçəsi bununla da sonlanmır. Bu ailədən itkin düşən təkcə nakam taleli Lətifənin uşaq evinə verilmiş qızı Sona olmur ki… Məhəmməd Əminin öz qızı, yəni Lətifənin bacısı Xalidə də, çox təəssüf ki, sonradan itkin düşür.

1940-cı ildə Ümbülbanu xanımın vəfatından sonra kiçik övladları Azərlə Xalidə tək qalırlar. Artıq ailə darmadağın olunub; Xalidə xanım sürgündə nənəsi Maral xanımı, anası Ümbülbanu xanımı qürbət torpaqda dəfn edir. Bundan sonra isə faciə növbəsi ona çatır. 24 yaşında ikən Qazaxıstandan baş götürüb Bakıya qaçır. Nakam qız Bakıya gəlib çatsa da, az keçməmiş itkin düşür. Sonradan isə heç vaxt harada olduğu bilinmir…

Ailənin sağ qalan yeganə üzvü – Xalidənin qardaşı Azər onu hər yanda axtarır, çox yerlərə xəbər göndərir. Amma ölənə qədər bu istəyinə çata bilmir. Əli bütün ailəsindən üzülən Azər ömrünün son günlərinə qədər Xalidə bacısının ilə yaşayır…

IV Dəhşət

Dördüncü dəhşət desək də, Rəsulzadə ailəsinin xronoloji olaraq yaşadığı ilk faciə böyük oğlu Rəsulla bağlı olur. O Rəsul ki, ailənin ən uzunömürlü övladı Azər qoca yaşında da, ömrünün sonunda da onu yada salaraq ağlayırdı. Rəsul Azərdən cəmi ikicə yaş böyük idi. Rəsulzadə ailəsi ilə tələsik vidalaşan zaman, daha sorğusu, onların hər birini dünya gözü ilə sonuncu dəfə gördüyü zaman Rəsulun iki yaşı, Azərin isə iki ayı var idi. Rəsulu ailə sürgün olunmazdan az əvvəl həbs etdilər. Səbəb bəlli idi. Deyilənə görə, onu güllələyən zaman yaşamasını xahiş edibmiş…. Anası Ümbülbanu xanımın da ən böyük nisgili elə Rəsulla bağlı oldu. Bilirdi ki, gənc oğlunu çox yaşatmayacaqlar. Ana hissiyyatının söylədiyi kimi də olmuşdu. Ailə, bəlkə də, 28 günlük zülmlü Qazaxıstan səfərində (sürgün yolunda!) olarkən o da dünyaya vida dedi.

“Qırmızı dəyənək” Rəsulzadə ailəsindən ilk olaraq oğlu Rəsula dəydi. O, 1937-ci ildə həbs olunarkən vur-tut 19 yaşı var idi. Onu uzun müddət məktəbdə və digər yerlərdə incitdilər. Artıq gənc yaşında həyatdan bezmişdi. Lakin günlərin bir günü qardaşı Azərlə birgə Novxanıda olarkən onu haqlayırlar. Rəsulun həbsi bütün ailəyə zərbə vurur. Ölümü isə artıq bütün ailəsinin ölümü idi. Hətta kiçik qardaşı Azər də bununla barışmayıb özünü quyuya atıb öldürmək istəyirmiş… Rəsul haqqında qohumları sonradan öz xatirələrini danışarkən məyusluqlarını gizləyə bilməmişlər.

Mərhum araşdırmaçı Nəsiman Yaqublunu bu yerdə yad edək. Ömrünü Rəsulzadə başda olmaqla, bir çox aydınların həyat və yaradıcılıqlarına, onların mühacirətdəki əzablı günlərinin tədqiqinə həsr edən Nəsiman müəllim bu barədə öz əsərlərində də maraqlı məqamlardan istifadə etmişdi. Qeydlərinin birində isə vurğulayırdı: “Sonradan istintaq materialları ilə (Rəsulla bağlı) tanış oldum. Rəsul sorğu-sual zamanı cəmi bircə dəfə deyir ki, mümkünsə, məni güllələməyin. Gəncliyimə, cavanlığıma baxıb bunu etməyin. O yalvar-yaxar etmir, sadəcə, yüksək təmkinlə bircə dəfə bunu deyir. Amma buna əməl edilmir, Rəsul güllələnir. Azər Rəsulzadə bu əhvalatı mənə danışanda çox möhkəm kövrəlirdi”.

V Dəhşət

Dəhşətin beşinci çaları isə Rəsulzadənin yaşlı anası Maral xanıma aiddir. Yazıq Maral xanım… Yaşının o vaxtında sürgünə məruz qalır. Min bir əziyyətə dözür, günlərlə ac qalır. Bir yandan gözünün qarşısında əldən gedən nəvələri, illərdir ki, xəbər ala bilmədiyi oğlu, harada olduğu bilinməyən nəticəsi (Lətifənin qızı Sona), bir yandan da Rəsul… Rəsulun dərdi bir ayrı dərd idi. Biçarə qadın bunların hamısını necə yaşaya bilərdi ki?! Bir dəfə artıq hər şeydən bezərək əlisilahlıların üzərinə qışqırmışdı: “Gedin, o bığlı oğlana deyin ki, Maral xanımı həbs etmişik. O adamı həbs etmişik ki, onun evində sən neçə dəfə çörək yemisən”.

“Bığlı oğlan” dediyi bütün bu dəhşətləri onlara yaşadan Stalin idi. Vaxtilə Rəsulzadə ilə dostluq edən Stalinə elə Maral xanım neçə dəfə süfrə açmışdı. Biçarə qadın hər şeyi öz saflıq arşını ilə ölçürdü. Bilmirdi ki, dövran necə dəyişib. Bu Stalin daha o Stalin deyil… Elə bu arşınla da ölçə-ölçə acından öldü. Qazaxıstana sürgün olunarkən gündə bir-iki dəfə qəndi suya salaraq sovururdu. 28 gün qatarda sürgün yolu gedən qadın çox dindar idi.

“Mən acından ölərəm, amma kafir yeməyi yemərəm”, – deyirdi. Ailəsinin başına gətirilən bu cür faciələr onu onsuz da ölü halına salmışdı. Bakıdan gətirdiyi əncir qurusu qurtardıqdan sonra ümumiyyətlə heç nə yeməyən Maral xanım 1937-ci ildə dünyasını dəyişdi.

Azər danışırdı ki, Qazaxıstana çatandan sonra onları soyuq məmləkətdə şəraitsiz bir yerdə məskunlaşdırdılar. Qazax uşaqları sürgün olunanlara tərəf gəlir, qəribə duyğularla onlara baxırdılar. Bəzən yazıqlanıb onlara çörək də verirdilər. Biçarə Maral xanımın da yediyi sonuncu tikə həmin qazax uşaqlarının verdikləri tikə olub…

Qeyd: Hekayənin növbəti qəhrəmanı isə Rəsulzadələr ailəsinin sonbeşiyi və yeganə övlad mirası qalan nümayəndəsi Azər haqqında olacaqdır. Azərin Bakıya gəlişi və xatirələr üzərindən söylədiklərini hörmətli oxucu, yazının ikinci hissəsində sizlərə təqdim edəcəyik.