Füyuzat 145 Muxtar Cəfərli

Ruhun həqiqətə açılan qapısı – Fədakarlıq

Dünya ilk baxışda maddi aləmdən ibarət görünsə də, əslində, dərin məna və hikmətlər üzərində qurulmuş, insanın mənəvi yüksəlişi üçün yaradılmış sınaq meydanıdır. Hikmət dolu bu məkanda insanın əsl dəyəri təkcə qazandıqları ilə deyil, həm də keçə bildikləri, fəda etməyə hazır olduqları ilə ölçülür. Doğrudur, kənardan baxıldıqda fədakarlıq nəyisə itirmək kimi görünür. İnsan öz eqosunu, rahatlığını, şəxsi istəklərini, hətta var-dövlətini bir məqsəd uğrunda qurban edir. Bəzən isə sülh və birlik naminə haqqından, zəhmətlə qazandığı nüfuzundan belə keçməli olur. Lakin bu itkilər, sadəcə, pərdənin görünən tərəfidir. Onun arxasında isə daha ali və dəyərli qazanc gizlənir. İnsanın gözündə maddi aləmin cazibəsi azaldıqca ona mənəvi yüksəlişin qapıları açılır. Tədricən nəfsani varlığından soyunaraq ruhani bir libasa bürünür və öz həqiqətinə doğru irəliləyir.

Bu dünya özünü unudub başqalarını düşünən, adına bəzən qəhrəmanlıq, bəzən isə sadəcə insanlıq deyilən saysız-hesabsız fədakarlıq nümunələri ilə doludur. Valideynlər övladlarının rifahına görə öz rahatlığından keçir, onların xoşbəxtliyi uğrunda hər cür çətinliyə dözürlər. Vətənin keşiyində duran əsgərlər gecələrini yuxusuz keçirir, müqəddəs torpaq uğrunda canlarını düşmənə sipər edirlər. Ailədə kişi xanımına görə şəxsi istəklərindən imtina edir, qadın da ömür-gün yoldaşı xatirinə bir çox fədakarlığa qatlanır. Müəllim tələbəsinin uğuru üçün zamanını, zəhmətini, ürəyini ortaya qoyur, sevgi və nəvazişlə ona bilik öyrədir. Bu kimi bir çox nümunələri ard-arda sadalamaq mümkündür. Bir sözlə, dünyada xeyli insan başqalarının xoşbəxtliyi üçün fədakarlıq yolunu tutur. Bu yol hər nə qədər çətin olsa da, onu seçənlər mənəvi zənginlik və daxili rahatlıq tapırlar.

Yer üzündə mövcud olan bütün ideologiyalar və düşüncə sistemləri fədakarlıq ruhu sayəsində müvəffəqiyyət qazanmış, insanların qəlbində özünə yer tapa bilmişdir. Tarixin səhifələrini çevirdikcə görürük ki, bəşəriyyəti doğru yola yönəltmək üçün seçilən bütün peyğəmbərlərin həyatı, əslində, bir fədakarlıq dastanıdır. Onlar Uca Yaradanın buyurduğu həqiqətləri insanlara çatdırmaqla yanaşı, bu yolda heç bir maddi qarşılıq gözləmədən, canla-başla çalışan fədakar elçilər olmuşlar.

Fədakarlıq zirvəsində əbədiləşənlərdən biri, heç şübhəsiz, Həzrət İbrahimdir. Ən qiymətli varlığını – övladı İsmayılı Allah yolunda fəda etməyə hazır olması onun fədakarlığının ən ali mərtəbəsi idi. Bir tərəfdə ata ürəyinin dərin sevgisi, digər tərəfdə isə Uca Rəbbin əmri… Bu, bir ata üçün sözlə ifadəsi mümkün olmayan böyük bir sınaqdır. Lakin bu imtahanın məqsədi İsmayılı qurban etmək deyildi. Məqsəd insanın qəlbində Allahdan başqa heç bir sevginin hakim olmamasını göstərmək, iman və itaətin zirvəsini insanlığa nümayiş etdirmək idi. Həzrət İbrahim bu çətin sınaqdan qəlbindəki sarsılmaz imanı və təsdiqlənmiş sevgisi ilə keçdi. Onun adı əsrlər boyu Allaha sədaqətin, vəfanın və fədakarlığın canlı təcəssümünə çevrildi. O yalnız övladını deyil, mal-mülkünü, canını haqq yolunda fəda edərək oda atılmaqdan belə çəkinmədi. Bu səbəbdən də Uca Allah onu “Qurani-Kərim”də “Vəfalı İbrahim” (“ən-Nəcm”, 37) kimi bizə tanıdır. Mövlana Cəlaləddin Rumi də Həzrət İbrahimin misilsiz fədakarlığına diqqət çəkərək onun yolunu seçənlərə belə xitab edir: “Əgər səndə İbrahimlik varsa, qorxma. Od İbrahimləri tanıyır, səni yandırmaz…” Çünki fədakarlığın olduğu yerə Allahın yardımı mütləq yetişər. O yardımla od-alov sərinliyə, çətin və məşəqqətli yollar gülüstana çevrilər…

Davamı…