Musiqi ruhun qidası, könlün şəfasıdır. İnsan hələ dünyanı tanımadan, sözün mənasını anlamadan onu duyur. Körpəlikdən qulağımızda ana laylası ilə başlayan bu səs zamanla həyatımızın görünməz yoldaşına çevrilir.
Qədim yunanlar musiqini tanrıların insanlara bəxş etdiyi bir nemət sayırdılar. Onlar inanırdılar ki, musiqi insanın daxili aləminə yol tapmağı bacarır. Bu gün də belədir.
Həyatı musiqisiz təsəvvür etmək mümkün deyil. Çünki musiqi insanın deyə bilmədiklərini dilə gətirir, içində boğulan hisslərə səs olur.
Dünyanın müxtəlif dilləri və mədəniyyətləri var. Biz hər dili anlamaya bilərik, amma musiqi sərhəd tanımır. Bir kəlməsini belə bilmədiyimiz bir dilin melodiyası bəzən qəlbimizə yol tapır, bizi özü ilə başqa diyarlara aparır. Çünki musiqi insanın ən saf, ən səmimi dilidir.
Hamının qəlbinə toxunan, ruhunu oxşayan bir melodiya var. Bu melodiya cisim və ruh arasında ahəng yaradır.
Amma hər musiqi belə deyil. Nəyi eşidiriksə, zamanla ona çevrilirik, həyatımıza onu çəkirik. Səslər təkcə qulağımıza yox, həyatımıza da nüfuz edir. Biz gözəl, ruhumuzu oxşayan melodiyalara qulaq asaq ki, ruhumuz gözəlləşsin.
Bitkiyə su verilmədikdə solduğu kimi, ruh da musiqisiz günü-gündən solar, quruyar, pas atar… Musiqi isə pası silər, vücudu gözəlliklərlə arındırar.
Diqqətlə qulaq asanda dünyanın başdan-başa musiqidən ibarət olduğunu anlayarıq. Küləyin pəncərəyə toxunuşu, yarpaqların xışıltısı, yağış damlalarının səsi, quşların nəğməsi daha nələr-nələr – hamısı bir ahəngin parçalarıdır. Amma çox vaxt biz bu səsləri eşitsək də, duya bilmirik.
Mənəvi və ya fiziki cəhətdən yorulduğumuz anda, dərindən daxili böhran keçirdikdə birdən sevdiyimiz musiqi səslənər. Sanki o an havada səslənən melodiyalar bütün ağırlığı özü ilə birlikdə aparar.
Musiqi bizə dayanmağı, dinləməyi və özümüzə qayıtmağı xatırladır.
Ruhunu dinləyə bilən insan üçün musiqi sadəcə səs deyil – həyatın özüdür.



