Hər gün ətrafımızda saysız-hesabsız rəngləri görürük və bu rənglər bizdə müxtəlif xatirələrin baş qaldırmasına səbəb olur. Rənglər insanların emosional vəziyyətinə, qərar verməsinə və davranışlarına təsir edir. Məsələn, reklamlarda diqqəti daha çox çəkmək üçün qırmızı rəngdən istifadə olunur. Rənglərin simvolik mənalarını araşdırdıqda hər birinin spesifik xüsusiyyətləri ortaya çıxır:
🔴 Qırmızı rəng insanlara enerji verir, diqqəti cəlb edir, ürək döyüntüsünü artırır. Ədəbiyyatda sevgi, inqilab və ya qəzəbi simvolizə edir. Meksika, Norveç, İrlandiya və İraq sakinləri bu rəngi daha çox sevirlər. Çinlilərdə qırmızı uğur, xoşbəxtlik və xeyyriyəçiliyi tərənnüm edir. Qırmızı rəng həm də fiziki gücün, hərəkətliliyin rəmzidir. Lakin buna baxmayaraq bu rəngdən çox istifadə, xüsusən də daha tünd rəngdə olan tonları insanın sinir sisteminə zərər verə, yorğun əhval ruhiyyə yarada bilər.
🟠 Narıncı rəng yaradıcılığı, enerjini, optimizm kimi dəyərləri özündə birləşdirir. Aktivlik və sosiallıq hissini artırır. Bu rəng hətta Buddizm ölkələrində müqəddəs bir rəng sayılır.
🟡 Sarı rəng insanda xoş hisslər yaradır, hərəkətin, sevincin simvoludur. Bu rəng insanlarda əhvalı yüksəldir. Ədəbiyyatda arzu, xəyal və bəzən xəyanət anlamında istifadə oluna bilər. Məsələn, “sarı yalan”. Sarı rəng başqa rənglərlə qarışdırıldıqda mənfi emosiyalar yarada bilər. Məsələn, yaşıla çalan sarı yalanı, paxıllığı simvolizə edir. İnsana məxsus bir əlamətin nəzərə çarpmasında da sarı rəngdən istifadə olunur. Misal üçün, kimsənin qorxu, üzüntü, sarsıntı keçirməsi onun üzünün sarı rəng almasından da bilinir. Sarı rəngi ifadə edən “sarılıq xəstəliyi”də vardır.
Ölkələrə uyğun sarı rənginin mənası da dəyişir. Braziliyada bu rəng ümidsizliyin, bənövşəyi rəng ilə qarışdıqda xəstəliyin, Suriya müsəlmanları üçün isə ölüm rəngidir. Çində isə əksinə, bu rəng imperiyanın simvolu olduğu üçün çox məşhurdur. Sarı Günəşin rəmzidir. Azərbaycanda isə daha çox quraqlığı, qıtlığı simvolizə edir. Buna baxmayaraq tarixə nəzər saldıqda bəzi türk xalqlarının sarı rəngi simvolik anlamda işlətdiklərini görə bilərik. Məsələn, Göytürklərin on qəbiləsindən beşi “Sarı Türkeş”, digər beşi isə “Qara Türkeş” dövləti yaradır. “Sarı Türkeşlər” özlərini əsilzadə hesab edirlər. Bu da onunla bağlı imiş ki, onlar sarı rəngi həm də Tanrı rəngi hesab edirmişlər. Bu inam buryatlarda da olub. Onlar hətta bütün dünyanı, bu dünyada olan varlıqları sarı rəngdə olduğu qənaətinə gəlmişlər.
🟢 Yaşıl rəng təbiət, ümid, yenilənmə, sakitlik mənalarını özündə birləşdirir. İnsanda rahatlıq hissi yaradır. Cömərtliyin, əməkdaşlığın rəngidir. İslam mədəniyyətində müqəddəslik və cənnətin simvoludur. Bu rəng Meksikada, Avstraliyada, İrlandiyada və Misirdə daha çox sevilir. Çində isə gözəl həyatı və cavanlığı tərənnüm edir.
🔵 Göy rəng səma, sülh, inam, sakitlik, ruhanilik mənalarını özündə əks etdirir. Sakitləşdirici təsir göstərir, konsentrasiyanı artırır. Ədəbiyyatda dərinlik, tənhalıq və mənəvi axtarışın simvolu ola bilər. Bir çox xalqlarda göy rəng əbədiyyət, əbədilik, sadiqlik rəmzi sayılır. Türk xalqlarında, o cümlədən Azərbaycan türklərində rəng sevincin, şadlığın, xoş xəbərin simvolu olaraq da tanınır.
Göy rəngin qəmi, kədəri, hüznü, ölümü bildirməsi də məlumdur. “Kitabi-Dədə Qorqud”a müraciət edək. Burada bir kimsə yaslı olduğunu bildirmək üçün ev-eşiyini qara rənglə yanaşı, həm də göy rənglə bəzəyir. Özü göy rəngli don geyinir. Misal üçün, düşmənlərə əsir düşmüş Uruz onu xilas etməyə gələn atasına – Salur Qazana deyir: “Anam mənim üçün göy geyib qara sarınsın, Qalın Oğuz elində yasımı tutsun”.
🟣 Bənövşəyi rəng sirr, yaradıcılıq, krallıq, mənəviyyat kimi duyğuları özündə birləşdirir. Bu rəng insana ilham verir, xəyal gücünü artırır.
Tarixdə krallar və zadəganlarla əlaqələndirilən “müqəddəs” və bahalı rəng sayılır. Bəs bu rəng necə yaranıb? Bənövşəyi rəngin dünyaya hakim kəsilməsi Oxford küçələrini işıqlandıran qaz lampalarının City of London School da oxuyan bir şagirdin diqqətini çəkməsi ilə başlamışdır. Kimya dərslərinə böyük həvəs göstərən 13 yaşlı William Perk bu lampalara sərf edilən qazın kömürdən əldə edildiyini anlayırdı. Buna görə kömürün daha hansı bilinməyən sirlərinin olması onu çox maraqlandırırdı. 1851-ci ildə apardığı təcrübələr nəticəsində o, daş kömür qətranından «anilin» maddəsini əldə etmiş, onu oksidləşdirmiş, nəticədə bənövşə rəngində bir boya maddəsi ortaya çıxarmışdı. Perk bənövşəyi və onun çalarları olan rəngləri bir qrupda birləşdirərək, qrupu «movein» adlandırmışdır.
⚫ Qara rəng qaranlıq, ölüm, sirr, güc, ciddi atmosferi birləşdirir. Bu rəng insanda bəzən depresiyanın da yaranmasına səbəb olur. Qara rəng işığın səthdən əks olunmaması yəni bütün işığın absorbsiyası nəticəsində yaranır. Soyuq, qəmli rəng hesab olunur və ağ rəngin, aydınlığın, işıq rəmzinin əksidir. Bir çox xalqlarda matəmi tərənnüm edir. Bu rəng geyimlərə ciddilik, rəsmilik verir.
Ədəbiyyatda itki, kədər, faciə və ya qorxu ilə bağlı simvolik məna yükünə sahibdir.
Qara rəngin funksiyası çoxdur və o, qoşulduğu sözlərdə müxtəlif mənalar ifadə edir. Misal üçün, hələ qədim zamanlardan sözlərə qoşularaq işlənən “qara” sözü (Qaraxan, Qaragünə, Qarabudaq, Qaraca Çoban, Qaraçəkur və b.) çoxanlamlıdır. Deyilənlərə görə, adlardakı “qara” xaqanlıqda xanların titulunu ifadə edir. Başqa bir fikrə görə isə “qara”, “titul” yox, “başçı, böyük” deməkdir.
⚪ Ağ rəng saflığı, günahsızlığı, təmizliyi, başlanğıcı simvolizə edir. Rahatlıq və neytrallıq hissi yaradır. Ədəbiyyatda və mədəniyyətdə toyu, ağ bayraq kimi sülhü, lakin bəzi Asiya ölkələrində məsələn, Yaponiyada və Çində yası təmsil edir. Avropa ölkələrində isə ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı ifadə edir.
Ləman Vahid



